Azərbaycanın mədəniyyət – Güney Azerbaycan
mərkəzlərindən biri olan Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə qədim Şərqdə şöhrət qazanmışdır.Ən qədim dövrlərdən mühüm ticarət yolları Cənubi Qafqaz, İberiya və Qafqaz Albaniyasından Cənuba doğru – Mesopotamiya və Hindistana gedən ticarət yolları bu şəhərdən keçib getmişdir.Qərbdən uzanan ticarət yolları da Kiçik Asiyanı keçərək Təbriz şəhərində Beynəlnəhreyn və Hindistandan gələn yollarla birləşmişdir. Beləliklə Təbriz şəhərinin inkişaf etməsinə təsir göstərən mühüm amillərdən biri ticarət yolları olmuşdur.
Hələ Manna dövləti dövründə bu şəhər mühüm mərkəzlərdən biri olmuşdur. Assur mixi yazılarında şəhərin adı Tavreş kimi çəkilir və burada nəhəng qalanın olması qeyd edilir. Təbriz şəhəri Polibi, Diodor və Ptolomeyə görə
Ovront dağının (Səhənd)ətəyində yerləşir.
Şəhər qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal və yaxud
Surxab yüksəkliyinin Cənubunda yerləşir. Bu ovalığın səviyyəsi
Urmiya gölünün Şimal-Şərq bucağına tərəf getdikcə azalır. Eynal-Zeynal yüksəkliyi dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşməklə bərabər, şəhərin Şimal-Qərbindən başlayaraq Qaradağ silsiləsini Səhənd dağı ilə birləşdirir.Şəhərin Cənubunda dəniz səviyyəsindən 3547 m hündürlüyə malik olub, zirvəsi daim qarla örtülü olan Səhənd dağı ilə şəhər arasında təxminən 50 km məsafə var. Bu dağ qədim Assur mənblərində Uauş dağı adlandırılır.Dağın şimalında və şəhərin cənubunda yerləşən Yanıq adlanan təpələr, dəniz səviyyəsindən 500-600 m hündürdə yerləşir. Şərq tərəfdən şəhəri çox yüksək olmayan Sarı dağ (farslar bu dağı Zərdüguh adlandırır) əhatə edir. Şəhərin ərazisi dəniz səviyyəsindən 1350-1500 mm-ə qədər
yeksəklikdə yerləşir. Beləliklə Təbriz şəhərinin ətrafında olan dağlar onu üzük qaşı kimi əhatə etmişdir.
Şəhər və onun ətrafının əlverişli təbii-coğrafi şəraiti, orada insan
məskənlərinin hələ qədim dövrlərdən yaranmasına səbəb olmuşdur. Təbriz şəhəri və onun ətrafında olan əkin sahələri, habelə bağlar su ehtiyyatı az olan kiçik dağ çayları və arxlar vasitəsiylə suvarılır.
Müasir Təbriz, Mərənd və Xoy şəhərlərinin yerləşdiyi ərazi Manna dövründə Sanqbitu adlanırdı. Bu ərazi Urmiya gölünün Şimal və Şimal-Qərb
ərazisini əhatə edirdi. Xəzər dənizi ilə Urmiya gölü arasndakı ərazi – Təbriz və Miyanə rayonları Zikirtu adlanırdı.
Sanqbitu və Zikirtu rayonları öz dövrlərinə görə inkişaf etmiş rayonlar idi. Bunu arxeoloji qazıntılar və yazılı məlumatlar da təsdiqləyir. Belə ki, Assur hökmdarı II Sarqonun Urartu dövlətinə yürüşü zamanı bu ərazi onun ordusunu un və şərabla, habelə yük və minik heyvanı ilə təmin etmişdi.
Bu ərazidə əkinçilik və maldarlıqla yanaşı sənətkarlq da inkişaf etmişdi. Ziviyə,
Həsənli və Yanıqtəpədən əldə edilən arxeoloji materiallar bu ərazidə sənətkarlığı yüksək inkişaf etdiyini göstərir.
Təbriz şəhərinin tarixinin öyrənilməsi üçün Assur hömdarı II Sarqonun (e.ə. 722-701) eramızdan əvvəl 714-cü ildə Manna ərazisinə soyğunçu hücumunun və onun bu hücum haqqında verdiyi məlumatların böyük əhəmiyyəti vardır. Bu hücum zamanı yazılmış II Sarqonun kitabəsi, Manna və habelə Təbriz şəhərinin tarixinin öyrənilməsinə dair ən qiymətli sənəddir. Həmin kitabədə deyilir: “Tarmakisdə əhəmiyyətli istehkamlar vardır. Burada yaradılan səddlər möhkəmdir. Həmin səddlər böyük xəndəklər vasitəsi ilə dövrəyə alınmışdır. Dövlət qoşunlarının əlavə qüvvəsi də burada saxlanılır. Eyni zamanda onların atları da burada bəslənilir. Ətraf rayonların əhalisi mənim qorxumdan buraya toplanmışdı. Mən bura hücum edən zaman əhali buranı tərk edərək susuz çöllərə qaçmağa məcbur oldu (susuz çöl dedikdə Muğan nəzərdə tutulur). Mən bu mahalı ələ keçirdim. Müdafiə istehkamı halına salınmış yaşayış yerləri arasında döyüşlərə başladım. Daxildə olan yaşayış yerlərinə od vurdum, qala sakinlərinin külli miqdarda olan ərzaqlarını yandırıb məhv etdim. Bundan başqa həmin qala ətrafında olan 30 kəndi də yandırdım.”
Tədqiqatçılar II Sarqonun kitabəsində qeyd edilən Tarmakis şəhərinin Təbriz olmasına şübhə etmirlər. Digər tərəfdən həmin kitabədə qeyd olunan Uşkaya
qalasının müasir Üsküyə toponimi ilə bir mənşəli olması da diqqəti cəlb edən
faktlardandır. Beləliklə II Sarqonun kitabəsi Təbrizin qədim dövr tarixi üzrə hələlik aşkar olunmuş yeganə mənbədir.
Lakin İran tarixçiləri şəhəri xeyli gəncləşdirərək onun orta əsrlərdə Abbasilər sülaləsindən olan Harun ər-Rəşidin hakimiyyəti dövründə inşa edildiyini yazırlar. V.F.Minorski qədim erməni dilli mənbələrə istinad edərək Təbrizin Abbasilərin hakimiyyətindən çox-çox əvvəl yarandığını qeyd edir.
İran tarixçilərindən Məhəmmədhəsən xan Zinət “Zinət əl məcalis” və “Təqvime buldan ” adlı əsərlərinə istinad edərək Təbrizin Azərbaycanın böyük şəhərlərindən biri olduğunu və xalq arasında Toriz adı ilə məşhur olduğunu göstərir. Onun fikrincə qədim müəlliflər Azərbaycanın paytaxtının Kanza və yaxud Kanzak (Gəncək, Qazaka) olduğunu qeyd etmişlər. Qədim müəlliflər Təbriz şəhərini həm də Şahıstan adlandırırlar. Şahıstan iberdilli xalqlarda
möhkəm, erməni dilində isə xəzinə deməkdir. Azərbaycanın qədim hökmdarları, sonra isə Sasani şahları öz xəzinələrini bu şəhərdə saxlayırmışlar.
Erkən orta əsr erməni dilli mənbələrdə Təbriz şəhəri həm də Davrij adlandırılır. Bu sözün mənası qrabarca (qədim erməni dili) qisasçı deməkdir. Erməni dilli mənbələrdə göstərilir ki, Arşakilər sülaləsindən olan Ərdəvan Ermənistan hökmdarı Böyük Xosrov ilə bir nəsildən (Ermənistan, Qafqaz Albaniyası və Atropatenada Arşakilər sülaləsinin kiçik qolları hakimiyyətdə olmuşlar.Böyük Xosrov da Ermənistanı idarə edən Arşaki əsilli hökmdardır.Tarixşünaslıqda Arşakilərin türk və parf mənşəli olması haqqında fikirlər var. Ayrıca parfların da türk mənşəli olması haqqında təkzibedilməz faktlar var.) və dost olduğuna görə biri digərinin müttəfiqi imiş. Sasani sülaləsinin banisi Ərdəşir əvvəl Ərdəvanın vəziri imiş. Lakin çox keçmədən o, Ərdəvana xəyanət edib onu öldürmüş, taxt-taca özü sahib olmuşdur. Bu xəbəri eşidən Ərdəvanın dostu və müttəfiqi Böyük Xosrov Ərdəşirdən qisas almaq üçün onunla on il
müharibə etmişdir. Bu müharibədə bəzi hallarda Ərdəşirin üstün gəlməsinə
baxmayaraq nəticədə Böyük Xosrov onu məğlub edərək Hindistana qədər qovmuşdur. Bu hadisədən sonra Böyük Xosrov eramızın 253-cü ilində
Azərbaycanda bir şəhər salaraq onun adını Davrij qoymuşdur. Hər halda bu məlumat yarıməfsanəvi olsa da hələ Sasanilər dövründə Təbrizin bir şəhər kimi varlığını göstərir.
Orta əsr müəlliflərndən Yaqut Həməvi və Həmdullah Mustofi Qəzvini Təbriz şəhərinin əsasının qoyulması tarixini Abbasilər sülaləsindən olan Harun
ər-Rəşidin bacısı Zübeydə xatunun adı ilə əlaqələndirirlər. Zübeydə xatun isitmə xəstəliyinə tutulmuş, guya Təbrizə gəldikdən sonra sağalmış və bununla əlaqədar olaraq o, bu yerdə şəhər salmaq əmrini vermişdir. “Təb” fars dilində
isitmə, “riz” isə rixtən felindən olub tökmək deməkdir. Deməli, fars müəlliflərinin iddialarına görə Təbrizin lüğəti mənası isitməni müalicə edən deməkdir. Lakin bütün tarixi faktlar birmənalı şəkildə bu fikri rədd edir. Ən azından Təbriz bu sözün ilkin forması deyil.
YAŞAR PUR -KANADA -TORONTO / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER
Bir yanıt yazın