Dil varlığın evidir (Haydegger).
Susum, Yazmayım, deməyim, əhəmiyyət verməyim deyirəm, amma susa bilmirəm, bacarmıram.
Qənimət Zahid hələ də Türk dilini Azərbaycan dili adlandırır. Bu həm də Qənimət Zahidin və onun təmsil etdiyi siyasi düşərgənin Azərbaycan haqqında təsəvvürlərini əks etdirir. “Azərbaycan dili”, “Azərbaycanlı milləti” Stalinin-Rus Sovet imperiyasının qurduğu Türksüz Azərbaycan modelinin ünsürlərindən biridir. “Azərbaycan dili” qavramını qəbul edirsənsə, arxasınca elə “Azərbaycanlı milləti” qavramını da qəbul etməlisən.
Qənimət Zahidin təqdim etdiyi, təsəvvür etdiyi Azərbaycan modeli və kimliyi Sovet Azərbaycanı modelidir.
Qənimət Zahid və təmsil etdiyi düşərgə Müsavatçıların qurduğu Azərbaycan modelindən, Müsavatçılıq ideologiyasının kimlik və millət anlayışından, Müsavatçılığın prinsiplərindən, qurduğu Türk mərkəzli Azərbaycan modelindən çox uzaqdır.
Bir tanınmış Azərbaycan jurnalistinin təqdim etdiyi Azərbaycan kimlik modeli niyə Stalinin modelinə əsaslansın?
Qənimət Zahidin qurmaq istədiyi Azərbaycan modeli H.Əliyevin qurduğu Azərbaycan modelindən nə ilə fərqlənir ki.
H.Əliyevin qurduğu Azərbaycan modelinin əleyhinə olduğum kimi, Qənimət Zahidin də təsəvvür etdiyi və qurmaq istədiyi Azərbaycan modelinin əleyhinəyəm.
H.Əliyevi tarixi baxımdan anlamaq olar. Sovet sisteminin yetirməsidir. Tarix şüuru Rusiyanın yazdığı yaratdığı tarix şüuruna əsaslanırdı.
Bəs sən kimsən Qənimət Zahid?
İstiqlal Hərəkatında iştirak etmiş bir şəxs olaraq, fikir formalaşdıran bir jurnalist olaraq niyə Türk dili demirsən də Azərbaycan dili deyirsən?. Axı kifayət qədər savadın çatır başa düşəsən ki, danışdığımız dil Türk dilidir, dil millətə aiddir, dili millət yaradır, Azərbaycan adı coğrafiya adıdır, coğrafiya dil yaratmır. Dil namusdur.
Qənimət Zahidin müdafiə etdiyi siyasi düşərgə Türk millət adını proqramından çıxarmış bir düşərgədir. Qənimət Zahid də Türk birliyinin inandırıcı olmadığını, olmayacağını davamlı təbliğ edən jurnalistdir. Sadəcə jurnalist deyil, Azərbaycan modeli təsəvvür edən və qurmağa çalışan siyasətçidir.
Onun təsəvvür etdiyi Azərbaycan modeli Rəsulzadənin, Ə.Ağaoğlunun, Ə.Hüseynzadənin təsəvvür etdiyi model deyil, Stalinin qurduğu, yaratdığı modeldir. Bu onun Türk dili deyil, Azərbaycan dili ifadəsini işlətməsindən bəlli olur.
Min təəssüf.
İndi bu tənqid və iradlara görə kütləvi linc etmə kampaniyası başladacaqlar, bizi xain, satqın, hakimiyyətə satılmış şəxs elan edəcəklər. Mənim kimi düşünürsənsə qəhrəmansan, dahisən, mənim kimi düşünmürsənsə düşmənsən, xainsən təbliğatı yeri – göyü silkələyəcək. Budur demokratiya, demokratik davranış?
Yeri gəlmişkən müxalifət düşərgəmiz onu bir balaca tənqid etdikdə elə kəskin reaksiya verir ki, üslub və xarakteri baxımdan iqtidardan daha betər olur, hətta iqtidarı -YAP-ı belə ötüb keçir. Müxalifətimiz bu üslub və davranışları ilə heç hakimiyyətdən geri qalmayıb, Azərbaycan siyasi mühitinə çox böyük yaralar vurub və ölkəni kəskin qütbləşmələrə sürükləyib.
Kimlik, dil, millət, dövlət qavramlarında, təsəvvür olunan Azərbaycan modeli haqqında müxalufətlə iqtidar eyni görüşdədirlər, eyni siyasət izləyirlər. Hətta son bir ildə iqtidar düşərgəsində Stalin modelindən qopma var, bir dəyişim var, müxalifətin görüşlərində isə heç bir dəyişim yoxdur.
Müxalifət iddia edir ki, yolu Elçibəy-Rəsulzadə yoludur.
Elçibəy hakimiyyətində dilimiz Türk dili, millətimiz Türk milləti adlanırdı.
Rəsulzadənin qurduğu cümhuriyyətdə dilimiz Türk dili, millətimiz türk adlanırdı.
O halda Elçibəy-Rəsulzadə yolu getdiyini iddia edən siyasi düşərgə təmsilçiləri bu qaydalara, prinsiplərə niyə əməl etmir? Bu düşərgə Türk sözünü öz proqramından çıxarmadımı?
Müsavatçılıq-Türk millətinə bağlı Azərbaycan vətənsevərliyidir yazırdı Rəsulzadə.
O halda Niyə Türk dili, Türk milləti demirsiniz?
Stalinin dəyərlərini təbliğ etməkdə məqsədiniz nədir?
Məqsədim Qənimət Zahidi tənqid edib topa tutub incitmək deyil ey. Məqsədim dostu düşmən etmək deyil. Dost itirən vaxtımız da deyil. Məqsədim odur ki, soruşum ki, cənablar siz necə bir Azərbaycan qurmağı planlayırsınız?
Vallahi də, billahi də sizin qurduğunuz Azərbaycan mənim Azərbaycanım deyil, heç Rəsulzadənin, Elçibəyin də Azərbaycanı deyil.
Bizim dilimiz Türk dilidir-Türkiyəni, İranı, İraqı, Suriyanı, Azərbaycanı eyni dil çatısı altında birləştirərək Türkeli (qərbi Turan) yaratmaq potensialı daşıyır!
Bizim dilimizin adı heç Azərbaycan türkcəsi də deyildir, çünki yalnız Dərbənddən-Həmədana qədərki Azərbaycan coğrafiyasını əhatə etmir, bütün İranı, Əfqanıstanı, İraqı, Suriyanı əhatə edir, arealı böyükdür. Dilimiz sadəcə olaraq Türk dilidir. Türk dili adlandırılmalıdır!
Yasəmən Qaraqoyunlu Baku / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER
Bir yanıt yazın