İlham Əliyevdən 16 min ailəyə Zəfər hədiyyəsi -Ülkər XASPOLADOVA,
“Azərbaycan”/TURKISHFORUM- ABDULLAH TÜRER YENER
Tariximizin ən böyük Amnistiya aktına Milli Məclis razılıq verdi
Noyabrın 5-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirildi.
İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu iclas Azərbaycan tarixinin şanlı hadisəsi ərəfəsində keçirilir, noyabrın 8-də xalqımız 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəmizi təcəssüm etdirən Zəfər gününü qeyd edəcək. Milli Məclisin Sədri bu Zəfəri Azərbaycana bəxş etmiş Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizin cəsur əsgər və zabitlərinə, qazilərimizə Milli Məclis adından minnətdarlığını bildirdi və onları ürəkdən təbrik etdi. İclasda parlament rəhbərinin alqışlarla qarşılanan təklifinə əsasən, Zəfər günü münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlanaraq Azərbaycan xalqının və dövlətinin rifahı və yüksəlişi naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulandı.
Sonra Sahibə Qafarova təəssüflə bildirdi ki, heç bir müharibə itkisiz olmur, bizim də Vətən müharibəsində şəhidlərimiz var. Həm 44 günlük Vətən müharibəsində, həm də Birinci Qarabağ müharibəsində, digər döyüşlərdə Vətən və xalq yolunda canını fəda etmiş şəhidlərimizin, Ermənistanın törətdiyi soyqırımı və terror aktları nəticəsində dinc şəhər və kəndlərimizdə dünyasını dəyişmiş mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Sədri bildirdi ki, birinci məsələ “8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı” barədədir. Spiker diqqətə çatdırdı ki, bir il bundan əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi hərbi zəfər Azərbaycanın müstəqillik tarixinin müstəsna əhəmiyyətli hadisələrindəndir. 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirilib, Azərbaycan torpaqlarının böyük bir hissəsi işğaldan azad olunub. Döyüş meydanında qazanılan böyük zəfər siyasi-diplomatik müstəvidə də təsdiq edilib, Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla Azərbaycana qaytarılması nəticəsində tarixi ədalət bərpa olunub. Azərbaycan BMT-nin, digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin edib, uzun illər ərzində dövlətimizin inkişafına mane olan Ermənistan-Azərbaycan münaqişəsinə son qoyub.
Sahibə Qafarova qeyd etdi ki, bu şanlı Qələbənin əldə edilməsi bir neçə amillə bağlıdır. Ən mühüm amil son 28 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomenidir. 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndər Heydər Əliyevin həyata keçirməyə başladığı, daha sonra Prezident İlham Əliyevin yaradıcı surətdə davam etdirdiyi quruculuq və inkişaf strategiyası Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə və geniş bir bölgədə söz sahibinə çevirib.
Diqqətə çatdırıldı ki, Qələbənin daha bir amili ölkəmizin nəhəng siyasi, iqtisadi və hərbi potensialının yaradılması, müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələrin formalaşdırılması olub. Zəfərin bir amili də ölkəmizdə mövcud olan milli birlikdir. Çıxışında Ali Baş Komandana istinad edən Milli Məclisin Sədri diqqətə çatdırdı ki, möhtərəm Prezidentimizin dediyi kimi, “İkinci Qarabağ müharibəsində Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, ordumuzun arxasında durdu və ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq”.
Sahibə Qafarova vurğuladı ki, bu gün Azərbaycan bayrağı Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Erməni vandalları tərəfindən viran qoyulmuş şəhər və kəndlərimizin bərpası ilə bağlı irimiqyaslı layihələr icra olunur. Bütün layihələrin həyata keçirilməsinə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva gündəlik diqqət göstərir və nəzarət edirlər.
Milli Məclis gündəlikdəki məsələlərin müzakirəsinə “8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı” ilə başladı. Müzakirələrin gedişatında bəyanatın layihəsinin hazırlanması üçün birinci vitse-spiker Əli Hüseynlinin sədrliyi ilə deputatlar Ziyafət Əsgərov, Hicran Hüseynova, Qənirə Paşayeva, Sabir Hacıyev, Tural Gəncəliyev və Cavid Osmanovdan ibarət komissiya yaradıldı.
Müzakirələrdə çıxış edən deputatlar Fazil Mustafa, Zahid Oruc, Mahir Abbaszadə, Musa Qasımlı, Elman Nəsirov, Emin Hacıyev, Musa Quliyev, Bəxtiyar Əliyev, Bəhruz Məhərrəmov, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Qüdrət Həsənquliyev və vitse-spiker Adil Əliyev öncə Zəfər Günü münasibətilə dövlət başçısına və milli ordumuza, bütün xalqımıza, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyon azərbaycanlıya təbriklərini çatdırdılar.
Sonra deputat Cavid Osmanov 8 Noyabr – Zəfər Günü ilə əlaqədar komissiyanın hazırladığı bəyanatın layihəsi ilə deputatları tanış etdi. Mətn alqışlarla qarşılandı və “8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı” səsə qoyularaq qəbul edildi (“8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı”nın mətni qəzetdə dərc olunub).
Gündəlikdəki ikinci məsələ “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi idi. Parlamentin Sədri Sahibə Qafarova dedi ki, hüquqi və demokratik dövlətin əsas təməllərindən biri olan insan hüquqlarının və azadlıqlarının müdafiəsi, ölkə həyatında mərhəmət və humanizm prinsiplərinin bərqərar edilməsi Azərbaycan Prezidentinin həyata keçirdiyi dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Onun rəhbərliyi altında səmərəli fəaliyyəti ilə böyük nüfuz qazanmış əfvetmə və bağışlama institutu şəxsiyyətə inam və hörmət, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasına kömək göstərir.
Milli Məclisin Sədri diqqətə çatdırdı ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə amnistiya elan edilməsi barədə təşəbbüs irəli sürüb və müvafiq qərar layihəsini Milli Məclisə təqdim edib.
Qərar layihəsi barədə Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin şərhi dinlənildi. Öncə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda həyata keçirdiyi humanizm siyasətindən söz açan Əli Hüseynli bildirdi ki, 1995-2021-ci illər ərzində əvvəlcə Heydər Əliyev, sonra isə İlham Əliyev tərəfindən 67 əfv fərman və sərəncamı qəbul edilib. Bunların nəticəsində 9 minə yaxın məhkum azadlığa buraxılıb. Komitə sədri xatırlatdı ki, həmin dövr ərzində parlamentdə 11 amnistiya qərarı qəbul olunub. Həmin amnistiya qərarlarından sonuncularını Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva deputat fəaliyyəti dövründə təqdim edib. Nəticədə sözügedən dövr ərzində bütövlükdə 117 min şəxsə amnistiya qərarı tətbiq olunub.
Əli Hüseynli rəhbərlik etdiyi komitədə layihənin müzakirə olunduğunu qeyd etdi. Layihəyə görə, bu qərar qəbul olunduğu gündən amnistiya qüvvəyə minir və əlaqədar orqanlar tərəfindən 4 ay müddətində amnistiyanın tətbiqi təmin edilməlidir. Bildirildi ki, bu, indiyə qədər qəbul olunmuş amnistiyalar sırasında öz əhatə dairəsinə görə ən geniş qərardır.
Sonra müzakirələr başlandı. Deputatlar Zahid Oruc, Bəxtiyar Əliyev, Fəzail Ağamalı, Aydın Hüseynov, Etibar Əliyev, Fazil Mustafa, Məlahət İbrahimqızı, Kamal Cəfərov sənədlə bağlı fikirlərini bildirdilər, təkliflərini diqqətə çatdırdılar.
Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli suallara aydınlıq gətirdikdən sonra “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi səsə qoyuldu və qəbul edildi.
Sonra iclasda üçüncü oxunuşda müzakirəyə təqdim olunmuş 4 qanun layihəsinə baxıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərovun, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin məlumatları dinlənildi. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi, “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi və “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul edildi.
İclasda bir oxunuşda müzakirəyə çıxarılmış “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələyə də müsbət münasibət bildirildi. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda qəbul olundu.
İclasın yekununda birinci oxunuşda təqdim olunmuş 2 qanun layihəsi – “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” yubiley medalının təsis edilməsi (birinci oxunuş) və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalının təsis edilməsi (birinci oxunuş) ilə əlaqədar olaraq “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə məlumatlar dinlənildi. Qanun layihələri birinci oxunuşda qəbul edildi.
Milli Məclisin Sədri Sahibə Qafarova deputatları qarşıdan gələn 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik etdi, xoş arzularını çatdırdı.
Rəşad CƏFƏRLİ,
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Bir yanıt yazın