Paniranizmin türk düşmənliyi və erməni sevdası

“Paniranizmin türk düşmənliyi və erməni sevdası”
Rufat muradli -Bakü/AZerbaycan

Azərbaycan 27 il sonra haqq savaşına başlayıb. Cəbhə xəttində ağır döyüşlər gedir, şəhidlərimiz var, bütün Azərbaycanın qəlbi məhz Qarabağda, əsgərimizlə döyünür. Belə həssas anlarda tarixin bütün dönəmlərində olduğu kimi yenə Türkiyədən, özü də ən yüksək həddə qardaşlıq dəstəyini hiss etməkdəyik. Güneydəki soydaşlarımız Qarabağda savaşmağa belə hazırdırlar. Pakistan və Ukrayna isə bir daha haqqın və ədalətin yanında olduqlarını sərgilədilər. Bəli, məhz haqq və ədalətin. O ədalət ki, həm də allahın adıdır. İslam düşüncəsinə görə yaradan adildir, ədalətlidir. Elə isə allahın varlığına həqiqi inananlar da ədalət fəlsəfəsinə etiqadlıdırlar, ya da olmalıdır. Təəssüf ki, dünyanın iki islam cumhuriyyətindən biri sayılan İran İslam Respublikası bu ilahi nemətdən nəsibini ala bilmədi. İranda hakimiyyətin zirvəsində peyğəmbər libasına bürünənlər təmsil olunsalar da , istər öz ərazisi daxilində yaşayan qeyri-farslara münasibətdə, istərsə də müsəlman qonşuları ilə davranışında nə islam, nə də insanlıq prinsiplərinə əsla riayət etmədi və etməməkdədir.

Görünən budur ki, ən böyük ədalətsizliyi də məhz müsəlman türkə – Türkiyəyə, Azərbaycana və öz hüdudları daxilində yaşayan 40 milyonluq türk toplumuna qarşı gerçəkləşdirməkdədir. Bəs, İranın islamın qılıncı sayılan türklərə qarşı düşmən münasibətinin kökündə hansı səbəb, hansı amil dayanır? 1992-ci ildə Afinada İran, Yunanınstan və Ermənistan Xİ nazirlərinin görüşündə İran Xİ naziri Əli Əkbər Vilayəti belə bir çıxış edir: ”Biz əl-ələ verib bölgədə türkləri sıxışdırmalıyıq. Əks halda İrandakı Azərbaycan türkləri də İrandan ayrılıb müstəqil dövlət quracaqlar. O zaman Ermənistanın farslarla sərhədi olmayacaq və üç tərəfdən türklərin mühasirəsinə düşəcək”. Maraqlıdır ki, vaxtilə bu haqda məhz Tehranda ermənicə çıxan Araks dərgisi geniş bir yazı da dərc etmişdi. İranda paniranizmin, türk düşmənliyinin kökləri Firdovsiyə, ismaililərə qədər gedib çatır. Amma bu necə bir ideoloji əsasdır ki, günümüzün İslam Respublikasınin dini-siyasi xadimlərini belə müqəddəs Quranın da yasaq etdiyi bir əmələ – müsəlman və möminlər arasında ədavət, nifrət, düşmənçilik yaratmağa vadar edir. Hətta Hucurat surəsinin 10-cu ayəsində bu haqda “ …qardaşlarınızın arasında bağış sağlayın və Allahdan qorxun ümid ki, Allahın rəhmətinə gələsiniz”- deyə ilahi göstəriş də var.

İslamın gəlişilə çökən Sasani şahlığının nisgilini min üç yüz il yaşayan şüubiyyə mənsubları Pəhləvilərin İran şahlığını qəsb etməsindən dərhal sonra anti-türk düşüncəni strategiya şəklinə saldılar və nə yazıq ki, həmin nəhs tendensiya İslam İranında da davam etdi. Və təsadüfi deyil ki, İslami İranda illərdir həmin şüubiyyə düşüncəsinin başında məhz Əli Əkbər Vilayəti dayanmışdır. O bəzən neosəfəvizmin banisi kimi də zühur edər. Çünki farslar Sasanilərdən Səfəvilərədək olan dönəmi “fətrət”,ya boşluq dövrü də adlandırarlar. Hərçənd bu özü də bir başqa müzakirə və mübahisə mövzusudur.

Amma dəyişməyən bir gerçək var – ixtisasca həkim olsa da İranda anti-türk paradiqmanın başında duran Vilayəti uzun illlər ölkənin xarici siyasətinə də rəhbərlik edib. Sonralar İnqilab Rəhbərinin beynəlxalq əlaqələr üzrə müşaviri də olan Vilayətinin 1992-ci ildəki bu bəyanatı çox diqqətçəkəndir:” İranın Azərbaycan ostanlarına sərmayə yatırtmaq olmaz. Çünki gec-tez ayrılmaq istəyəcəklər”. 16 il İran İslam Respublikasının baş diplomatı kimi çalışmış, əslində İslam Respublikasının diplomatiya məktəbini formalaşdırmış bu şəxsin 1994-cü ildə səsləndirdiyi “Ermənilərlə bizi tarixi köklər birləşdirir” bəyanatı da həmin prizmadan dəyərəndirilməlidir.

Təəssüflər olsun ki, İran İslam Respublikasındakı bu erməni sevgisi və ona paralel Azərbaycan-Türk düşmənliyi kimi həm islama, həm də bəşəri dəyərlərə zidd, zərərli və zəhərli düşüncə bir tək Vilayəti ilə də məhdudlaşmadı. Xatəmi dönəminin aparıcı siyasi siması, hal hazırda xaricdə İran müxalifətinin tanınmış simalarından sayılan Əkbər Gəncinin 90-cı illərin əvvəllərində “İranın şimalında Azərbaycan adlı bir dövlətin varlı bizim təhlükəsizliyimizi hədələyir” kimi nigarançılığı, İnqilab Rəhbərinin Şərqi Azərbaycan üzrə nümayəndəsi Ayətullah Müctəhid Şəbüstərinin “ Azərbaycan Respublikası Şimali İrandır” ( Misaq qəzeti, 2010) açıqlaması, İran Silahlı Qüvvələri Baş qərargah rəisi Həsən Firuzabadinin 2012-ci ildə “Azərbaycan Respublikası İranın tarixi ərazisidir və hər zaman ərazi iddiası irəli sürə bilərik” bəyanatı, 2015-ci ildə İran İslami Təbliğat Təşkilatının sədri Ayətullah Əxgərinin “Ermənilərlə iranlılar eyni kökdəndirlər” kimi bir din xadiminə adekvat olmayan mövqeyi, 2019-cu il İİR prezidenti Həsən Ruhaninin “Azərbaycan Respublikası İranın tarixi ərazisidir”- qonşuluq prinsirplərinə zidd bəyanatı məhz həmin siyasətin tərkib hissələri kimi və həmin kontekstdə dəyərləndirilə bilər.Açıq aşkar görünür ki, bu açıqlamalar özünü islam təəsübkeşi sayan dövlətdən çox , militarist , qonşularla daim sorun axtaran bir ölkənin rəsmilərinin mövqeyini, açıq diskriminasiya siyasətini əks etdirir. 1925-ci ildə Pəhləvilərin hakimiyyəti qəsb etməsindən bu günədək dəyişməyən, özündə Türk millətinə qarşı nifrəti , qonşulara qarşı daim ərazi iddialarını ehtiva edən siyasətinə Əslində bu artıq bir “mərəzə”- sindroma çevrilib ki, sağalması da çətindir, amma mümkünsüz də deyil. Bunun üçün, mütləq İran dəyişməlidir. Bu gün millətlərin haqqının tanındığı, iqtisadiyyatın liberallaşdığı, azad seçkilərin reallaşdığı, dünya üçün , məntəqə üçün təhlükə olmayan , insan hüquqlarına sayğı duyan İranın (adı nə olursa olsun) mövcudluğu öz əhalisi ilə yanaşı illərdir sorun yaşatdığı qonşular üçün də vacibdir. Regionun terror dəhşətindən xilas olması, Orta Şərqin savaş coğrafiyasından barış coğrafiyasına çevrilməsi üçün çıxış yolu məhz budur – İran dəyişməli, demokratikləşməli, sivilləşməlidir.

“Paniranizmin türk düşmənliyi və erməni sevdası”Rufat muradli -Bakü/AZerbaycan - İran

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir