GÖZLƏRİM NURU, İKİ ALƏMDƏ VARIM, QANDASAN?

GÖZLƏRİM NURU, İKİ ALƏMDƏ VARIM, QANDASAN?
Prof.Dok. Esmira Fuad

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,

Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.

Ərşlə fərşu kafü nun, məndə bulundu cümlə çün,

Kəs sözunüvü əbsəm ol, şərhü bəyanə sığmazam.

Kövnü məkandır ayətim, zatidürür bidayətim,

Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

Kimsə gümanü zənn ilə olmadı Həqq ilə biliş,

Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.

Surətə baxü mənini surət içində tanı kim,


Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.

Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsinciyəm,

Bunca qumaşü rəxt ilə mən bu dükanə sığmazam.

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,

Gövhəri-kan mənəm mən uş, bəhrəvü kanə sığmazam.

Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,

Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,

Gör bu lətifeyi ki, mən dəhru zəmanə sığmazam.

Əncüm ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,

Çək dilinivü əbsəm ol, mən bu lisanə sığmazam.

Seyid İmadəddini Nəsimiyə – Haqq aşiqinə çevirən ən məşhur qəzəl… Günümüzdə də içindəki gizli mənalar, sətirləri arasından boy verən fəlsəfi fikirlər heyrət doğurur, öyrənilir, izah edilir, dürlü-dürlü şərhlər verilir. Həmin şərhlərin izi ilə gedən tədqiqatçıların səylərindən isə Nəsimi sözünün sehrinə bürünmüş neçə-neçə kitablar doğulur, məqalələr yazılır. Misraları kəlamlar, zərb-məsəllər sırasına əlavə olunur. Amma 1973-cü ildə yepyeni bir olay baş verir və “Nəsimi” adı daha çox populyarlıq qazanır. Bu populyarlığın təşviqi sonucunda “Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü” olan bu türk aydınının – Seyid İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunan “Nəsimi” filmi çəkilir.

5 iyun 1974-cü il tarixində filmə ilk baxış keçirilir və az sonra “Nəsimi” bütün əzəməti ilə ekranlara çıxır… Ssenari müəllifi İsa Hüseynov, rejissoru isə işinin peşəkarı Həsən Seyidbəyli olan film keçmiş Sovetlər ittifaqını təşkil edən 15 respublikaya və yubiley tədbirləri həm də YUNESKO-nun xətti ilə keçirildiyindən, bir sıra dünya ölkələrinə də ün salır. Azərbaycan tamaşaçısına və ədəbiyyat sevdalılarına Seyid İmadəddin Nəsimini – sadəcə “Nəsimi” kimi yaddaşlarda əbədi qalan fikir və söz bahadırını daha çox yazıçı İsa Hüseynovun “Məhşər” romanı əsasında Həsən Seyidbəylinin çəkdiyi məhz bu ekran əsəri və filmin baş qəhrəmanının obrazını yaradan – möhtəşəm ifası, misilsiz aktyorluq məharəti ilə seçilən Rasim Balayev sevdirdi, – desəm, yəqin ki, yanılmaram. Filmdə Nəsiminin dərin fəlsəfi məna yüklü qəzəlləri Rasim Balayevin ifasında o qədər əzəmətli səslənir ki!.. O sehrli səs, o dürlü-dürlü fikirlər, əruzun təqtilərinin o düzgünlükdə ifası (filmin məsləhətçisi Əli Fəhmi obrazın xarakterini, səhnələrdəki şeir parçalarının deyilmə tərzini aktyorların tam mənimsəməsi üçün qəzəllərin hər misrasını onlara bir-bir izah edirmiş) filmə baxan insan-tamaşaçının birbaşa beyninə-düşüncə mərkəzinə millənirdi.

Bütün mənalı həyatını Nəsimi irsinin araşdırılmasına və tanıdılmasına, şair ömrünün açılmamış səhifələrinə, həyat və yaradıcılığındakı mübahisəli məqamlara aydınlıq gətirməyə, dahi söz ustadını daha çox, həm də olduğu kimi sunmağa adamış Səadət Şıxıyevanı da Nəsimiyə sevdalandıran məhz həmin film olur. Buna şübhə etmirəm, çünki ədəbiyyatın, söz sənətinin içində olan bir araşdırıcı kimi, mən də bu sevdadan yalnız və yalnız sevinc, fərəh hissləri duyuram. Bu qutsallıq, bu vazkeçilməz sevda mənəvi dəyərlərimizə, mədəniyyətimizə, ədəbiyyatımıza sahiblənmək və gələcək nəsillərə ötürmək missiyasının nə qədər zövqlü, nə qədər gərəkli, eyni zamanda nə qədər önəmli olduğunu yansıdır…

Keçən əsrin 80-ci illərindən etibarən ölməz şairin bədii irsini ardıcıl tədqiq etməyə başlayan, günümüzədək də elmin çətin və şərəfli yolunda əzmlə irəliləyən və Nəsimi şeirinin sirlərinə, tarixi bir şəxsiyyət kimi xarakterindəki gizlinlərinə vaqif olduqca, ona daha çox bağlanan Səadət xanım bir-birindən dəyərli araşdırmaları və Nəsimiyə ümman-ümman sevgisi ilə artıq mövzuya öz möhürünü vurub, nəsimişünas alim kimi ölkəmizdə və türk dünyasında tanınıb, hətta şairin mənəvi varisi statusunu qazanıb. Bu məqamda onu Nəsimiyə sevdalandıran ən önəmli nədənləri oxucuya tədqiqatçının öz sözləri ilə çatdırsam, fikirlərimə daha etibarlı söykək olar, – düşüncəsindəyəm: “Azərbaycanın söz sənəti və düşüncə tarixində ən uca məqamlardan birinin sahibi olan Seyid İmadəddin Nəsiminin (öl.: 1417) cazibə qüvvəsi yüzillərdir ki, öz çəkiciliyini qoruyur. Onun bu gün də davam edən cəzbetmə gücü çoxyönlü və kamil şəxsiyyətində, yaxud ədəbi yaradıcılığı, fəlsəfi-irfani dünyagörüşü, dini əqidəsi və s.-dədirmi? – sualına birmənalı cavab vermək çətindir. Çünki Nəsimi bu cəhətlərinin hər biri ilə yüzillər boyunca maraq doğurmuş, sirlərlə dolu həyatı və ilahi qaynaqlı kəlamı ilə özünü unutdurmamışdır. Onun əsrarəngiz fikir dünyasının cəzbetmə gücünə məmnunluqla tabe olanlardan biri də mənəm… Hələ ADU-nun (indiki BDU) filologiya fakültəsində ikinci kurs tələbəsi olarkən gələcək yolumu müəyyənləşdirdim: nəsimişünas olacağam. Bu məftunluqda müxtəlif amillər təsirsiz ötüşmədi: şairin öz əsərləri (H.Araslı nəşrini orta məktəbdən kitabxanama daxil etmişdim), universitetdə orta əsrlər ədəbiyyatından dərs deyən müəllimimiz rəhmətlik prof. Əlyar Səfərlinin hədsiz tələbkarlığı (ona qorxu qarışıq rəğbətim vardı) və təbii ki, əsrarəngiz “Nəsimi” filmi. Bu getdikcə artan, məni söz-düşüncə ümmanının dərinliklərinə tədriclə çəkərək qərqetmə ilk tədqiqatım olan “Nəsiminin sənətkarlığı” (Bakı, 1985) adlı diplom işimlə nəticələndi. Uğurlu müdafiənin ardınca bu sahədə araşdırmamı daha da genişləndirmək niyyəti ilə Azərbaycan Elmlər Akademiyasının (indiki: AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna üz tutdum. İki il səbrlə apardığım mübarizə sonunda nəticə verdi və “Nəsiminin lirikası” mövzusunun namizədlik (indiki: fəlsəfə doktoru) dissertasiyamın mövzusu olaraq təsdiq edilməsinə nail oldum. Mənədək çoxlarının arzusunda olduğu, lakin müxtəlif səbəblərdən götürülməsinə icazə verilməyən “Nəsiminin lirikası” mövzusunun mənim adıma təsdiqini bir bayram sevinci kimi yaşadım…”

Səadət xanım həmin gündən böyük həvəs, coşub-çağlayan bir sevgi ilə işə başlayır, gərgin axtarış və zəhmətləri çox keçmədən öz bəhrəsini verir, iki il sonra tədqiqat əsərini müzakirəyə təqdim edir. 1988-1990-cı illərdə yazılan, 1991-ci ildə müdafiə olunan bu dissertasiya işinin müdafiəsi bu gün Müdafiə Şuralarında gördüyümüz teatrallıq və saxta görüntülərdən çox uzaq, gerçək bir müdafiə olur. Opponenti prof. Əlyar Səfərlinin on dörd, rəyçilərindən biri – tanınmış mətnşünas alim Əbülfəz Rəhimovun isə yeddi yazılı, həmçinin Müdafiə Şurası üzvlərinin verdikləri şifahi suallara tutarlı cavablar verir, bu mürəkkəb sahədə yeni söz sahibi olduğunu əsaslı şəkildə nümayiş etdirir…

Və… sonuc gəncəcik tədqiqatçının gözlədiyindən də yüksək səviyyədə olur. Görkəmli ədəbiyyatşünas və tənqidçi alim və o dövrdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən, Müdafiə Şurasının da sədri olan prof. Yaşar Qarayev övgü dolu yekun sözünü bitirərkən: “Bu tədqiqat işi beynəlxalq səviyyəyə çıxarılmalı, rus və ingilis dillərində də təqdim olunmalıdır”, – deyir. İkinci rəsmi opponenti o illərdə Səadətə xüsusi rəğbəti olan tanınmış nizamişünas alim, prof. Azadə xanım Rüstəmova isə bu dissertasiya işində qoyulan məsələlərin iki indeksə uyğun gəldiyini, gənc və perspektivli tədqiqatçıya filologiya ilə yanaşı, həm də fəlsəfə elmləri namizədi adının verilməsinin məqsədəuyğun və doğru olacağını yazılı şəkildə təqdim edir. Lakin Müdafiə Şurası filologiya üzrə olduğundan ikinci elmi dərəcəni vermənin onların səlahiyyətlərində olmadığı bildirilir…

Səadət Şıxıyevanın ilk variantını diplom işi (“Nəsiminin sənətkarlığı”, 50 səh.), daha geniş şəklini isə namizədlik dissertasiyası (“Nəsiminin lirikası”, 200 səh.) şəklində işlədiyi bu tədqiqat işi əlinizdə tutduğunuz kitab şəklinə düşənədək uzun və macəralı bir yol keçir. O, monoqrafiyanın nəşrinə dəfələrlə cəhd göstərsə də, görünür, qismətinə Nəsiminin şərəfinə, Nəsimi sözünün eşqinə elan olunmuş “Nəsimi ili” çərçivəsində çap olunmaq yazılıbmış…

Keçən bunca illər ərzində Nəsiminin dili, fəlsəfi və dini görüşləri və s. barədə bir sıra tədqiqat işləri yazılsa da, bu kitabın əsasını təşkil edən tədqiqat şairin poetikasının dissertasiya səviyyəsində özəlliklə araşdırıldığı yeganə elmi iş olaraq qaldı və aktuallığını qorudu. Buna görə də Səadət xanım həmin dissertasiyanı yeni tələblər işığında işləyərək, tədqiqatın yazıldığı dövrdə toplanmış, lakin elmi işlərə qoyulan həcm məhdudiyyətinə görə kənarda qalmış materiallar və sonrakı illərdə yazılan məqalələrindən də istifadə edərək genişləndirdi.Fikrimizcə, Səadət Şıxıyevanın “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” monoqrafiyası məhz Nəsimi sözünün, şeir sənətinin yüz illər boyu zərrəcə azalmayan, əksinə, getdikcə daha da artan cazibə qüvvəsinin, çəkiciliyinin, müdrik fikirlərinin dərkinə olan marağın səbəbləri nədir? – kimi suallara cavab axtaranların köməyinə çatan ən dəyərli tədqiqat əsərlərindən biridir.

Nəsimi “Azərbaycan türkcəsinə xas sözlərin mümkün məna çalarlarından istifadə etməklə bərabər, fitri istedadı və təəssübkeşlik hissi ilə müəyyən sözlərin məna tutumunu genişləndirmiş, yeni anlam və ya məna çaları qazandırmışdır. Buna görə də, şairin Azərbaycanın dil, ədəbiyyat və fəlsəfə tarixindəki mövqeyi hissə-hissə, incədən-incəyə tədqiq edilməlidir” – qənaətində olan Səadət xanım məhz bu nöqteyi-nəzərdən orta çağ Azərbaycanının və günümüzün fikir bahadırının ədəbi irsinin yenidən və dərindən araşdırılmasına ehtiyac duymuş, hələ 1980-ci illərin sonlarında “Nəsiminin lirikası” mövzusunda dissertasiya yazaraq, nəsimişünaslıqdakı bir sıra boşluqlar və ənənəviləşmiş yanlışlara fərqli bucaqdan işıq salmışdır.

Həmin dissertasiyanın yenidən işlənmiş və xeyli genişləndirilmiş variantı olan monoqrafiyanın I fəslində Nəsimini fərdi xarakterli fəlsəfi-bədii fikir sisteminin sahibi kimi dəyərləndirir və korifey sənətkarın təkcə Azərbaycan ədəbiyyatı və fəlsəfi fikir tarixində deyil, ədəbi dil tarixində də müstəsna mövqe sahibi olduğunu diqqət mərkəzinə çəkir. O, sələflər və xələflər tendensiyasına sadiq qalaraq, XX əsr Azərbaycan ədəbiyyatşünaslığında Nəsimi ədəbi irsinin öyrənilməsi sahəsində müstəsna xidmətləri olmuş görkəmli ədəbiyyatşünas alimlər – Həmid Araslı və Mirzağa Quluzadəninaraşdırmalarının bu sahədə önəmli yer tutduğunu, ancaq onların öz “əsərlərində dövrün elmi səviyyəsindən çıxış edərək Nəsiminin ədəbi irsi barədə yığcam məlumat verdiklərini”vurğulayır.

Monoqrafiyada Nəsiminin poetik irsinə, şairin sirlərlə dolu ecazkar söz sənətinə bələdlik ən yüksək səviyyədə özünü yansıdır. Şairin şəxsiyyətinin gizlinlərinin, yaradıcılığı ilə ilgili mübahisəli məqamların açıqlandığı, bir sıra qaranlıq səhifələrə aydınlıq gətirilərək əsl tədqiqatçı yanaşmasının sərgiləndiyi “Nəsimi lirikasinin tədqiqi tarixi” adlı I fəsil üç yarımbaşlıqdan – “Nəsiminin mənzum irsi orta əsrlər müəlliflərinin baxış bucağından”, “Nəsiminin Azərbaycan elmi mühitində dəyərləndirilməsi (sovet dövrü)” və “Nəsimi xarici tədqiqatlarda (1920-1990-cı illər)” ibarətdir.

Araşdırmasında əsas tədqiq obyekti olaraq, Nəsiminin Azərbaycan türkcəsi və fars dillərində qələmə aldığı iki divanını götürən araşdırıcı xanım qarşısına qoyduğu məqsədə yetmiş, “yalnız Azərbaycanın deyil, ümumiyyətlə, türk xalqlarının böyük şairi, Şərq poeziyasının korifeylərindən olan Seyid İmadəddin Nəsiminin yaradıcılığının indiyədək öyrənilməmiş bir sıra cəhətlərini işıqlandırmağa və şairin Azərbaycan fəlsəfi-bədii şeir tarixindəki mövqeyini elmi baxımdan dəyərləndirməyə” nail olur. Seyid İmadəddin Nəsimi yaradıcılığının tədqiq tarixini izləyən, şairin poetik mirası haqqında çeşidli ədəbi qaynaqlara səpələnmiş bilgiləri toplayaraq sistemləşdirən, poetik irsinin başlıca motivlərini və məcazlar sistemini açıqlayan Səadət xanım şairin ideya-bədii axtarışlarının mənbələri və bu kontekstdə onun dünyagörüşünün başlıca yönlərini ayrıd edir və Nəsimi lirikasının sənətkarlıq xüsusiyyətlərini də dərindən öyrənərək, türk şeirinin poetik fiqur və formalar baxımından zənginləşdirilməsində onun yerini və müstəsna rolunu müəyyənləşdirir.

II fəsildə “Nəsimi lirikasının başlıca irfani məcaz və motivləri”ni incələyən xanım tədqiqatçı araşdırma nəticəsində gəldiyi qənaətləri “Nəsimi şeirində folklor motivlərinin irfani interpretasiyası”, “Hürufilik təlimi və Nəsimi hürufiliyinin özəllikləri”, “Nəsiminin təsəvvüfi-lirik səciyyəli şeirlərində eşq anlayışı”, “Spesifik irfani termin-məcazlar və anlam tutumları”, “Təsəvvüfün ənənəvi motivlərinin Nəsiminin düşüncə sistemində yeri”, “Təsəvvüfi anlayışlar: ənənə və fərdiyyət” bölmələri üzrə qruplaşdırır.

Tədqiqatçının qənaətinə görə, Nəsiminin ədəbi irsi ilə bağlı Azərbaycan və Türkiyədə aparılan bir çox araşdırmalar uğurlu cəhətləri ilə nəsimişünaslığı zənginləşdirmişdir. Bununla belə, həmin əsərlərdə şairin yaradıcılığı və dünyagörüşünün başlıca istiqamətləri ilə bağlı bəzi problemlər öz elmi izahını tapmamış, Nəsimi şeirinin bədii-fəlsəfi məcazlar sisteminin özəllikləri öyrənilməmişdir. Şairin poetik aləminin çoxcəhətliliyi, onun seirinin dünyəvi, fəlsəfi-irfani və s. məzmunu və mahiyyəti, hürufilik qaynaqlı düşüncə qatları, eləcə də bu məzmunun öz bədii inikasını tapdığı poetik forma və fiqurların əsaslı və elmi şəkildə araşdırılmasına ehtiyac vardı. Buna görə də, kitabın bünövrəsini təşkil edən dissertasiyada şairin təsəvvüfi məcaz və poetik fiqurlara müraciətində ənənə və fərdiyyətin nisbəti məsələlərinə xüsusi diqqət yetirir. Bu yöndə araşdırma aparılması isə nəticə etibarilə şairin divan və təsəvvüf şeiri tarixindəki yerini dəqiq müəyyən etməyə, onun yaradıcılığında fərdi özünüifadələrin daha güclü olduğunu aşkara çıxarmağa yardım edir. Bütün bu məsələlərə monoqrafiyanın “Nəsiminin söz sənətkarlığı” adlı III fəslində işıq salınır. Bu güclü işığın yaratdığı aydınlıqda Nəsimi şeiriyyəti “Mənəvi və üslubi-mənəvi fiqurlar”, “Üslubi fiqurlar” kimi istiqamətlərdə incələnir.

Ümumiyyətlə, Səadət Şıxıyeva “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” adlı bu monoqrafiyasında Nəsiminin poetik irsini üç yöndə öyrənir:

– “Şairin yaradıcılığının tədqiqi tarixindəki mübahisəli məsələlərə münasibət bildirilir. Bu mübahisəli məqamlar daha çox sovet dövrü araşdırmalarında müşahidə olunduğu üçün həmin illərdə yazılmış tədqiqat əsərləri faktiki material əsasında və xronoloji ardıcıllıqla sərf-nəzər edilir, eləcə də XX əsr nəsimişünaslığı barədə dolğun təsəvvür yaratmaq niyyəti ilə Türkiyə, İran və digər ölkələrdə qələmə alınmış tədqiqatlarda Nəsimi irsinin öyrənilmə səviyyəsindən bəhs edilir.

– Nəsiminin irfani düşüncəsinin ifadəçiləri olan başlıca məcaz və motivlər ilkin qaynaqlar əsasında araşdırılır, şairin təsəvvüfi görüşlərinin ideya zəmini və fərdi yozumu təhlilə cəlb edilir. Daha dəqiq desək, onun bu məcazları istifadəsində ənənəyə bağlılıq, əsasən, sələflərinin təsəvvüfi-bədii mirası ilə qarşılaşdırma yolu ilə üzə çıxarılır, interpretasiyalarının mümkün fikri özülü və poetik biçimi dəyərləndirilir.

– Söz sənəti tarixində Nəsiminin yerini göstərən və bədii təxəyyülünün imkanlarını açıqlayan poetik fiqurlar da ənənə və fərdiyyət kontekstində araşdırılır. Monoqrafiyada ilk dəfə olaraq, Nəsimi şeirinin bədii xüsusiyyətləri orta çağ Şərq poetikasının qaynaqları – İbn Mütəzz, Raduyani, Rəşidəddin Vətvat, Şərəfəddin Rami, Şəms Qeys Razi, Vəhid Təbrizi və digərlərinin əsərləri əsasında tədqiqata cəlb edilmişdir. Şeir nəzəriyyəsinə dair bu mötəbər əsərlərə istinadən təşbeh, eyham, istiarə, müraatün-nəzir, epitet, hüsni-təlil, irsalül-misal, cinas və s. kimi poetik fiqurların Nəsimi şeirindəki funksiyası açıqlanmış, şairin poetikasının özəllikləri müəyyənləşdirilmişdir”.

Bunu da qeyd etmək lazımdır ki, monoqrafiyada ilk dəfə olaraq, araşdırıcı Nəsimi lirikasının irfani anlam qatlarını təsəvvüf ədəbiyyatı kontekstində təfərrüatlı təhlil etmiş, həmin anlayışların fərdi səciyyəsi bu kontekstdə müqayisəli-tarixi metodla araşdırılaraq dəyərləndirilmişdir. Burada həmçinin şairin hər iki divanında yer alan irfani məfhumların ortaq və fərqli cəhətlərini yeri gəldikcə müqayisə edən S.Şıxıyeva onun şeirinin poetik strukturunu təcrid edilmiş şəkildə deyil, ifadəsinə xidmət etdiyi anlam qatları və fikri tutumunu açıqlamaqla araşdırıb. Başqa sözlə, bədii “material” poetik formanı müəyyənləşdirən zahiri görüntü və sətraltı fikir qatlarını əlaqələndirməklə təhlilə cəlb edilib və nəzəri cəhətdən ümumiləşdirmələr aparılmaqla yanaşı, məna yükünü yeri gəldikcə çözüb. Əslində, bu iki istiqaməti əlaqələndirmə, yəni mətnin ideya-bədii dəyərini müəyyənləşdirmək üçün şərhçilik və mətnşünaslıq baxımından təfərrüatlı təhlil və sonunda nəzəri ümumiləşdirmə aparmaq gərgin əmək, böyük zəhmət tələb edən bir iş olduğundan tədqiqatçılar, adətən, həmin yönlərdən birini seçirlər. Lakin bu tərzdə yanaşmanın Nəsiminin ədəbi mirasının əhəmiyyəti barədə natamam təsəvvür yarada biləcəyini düşünən S.Şıxıyeva monoqrafiyada hər iki istiqamətin ənənəsindən özəl bir ustalıqla bəhrələnib. Beləliklə də, poetikanın istər forma, istərsə də məzmun baxımından zənginləşməsində irfani düşüncənin təsir səviyyəsini təyin etməyə, Şərq poetikasının kanonik çərçivəsi daxilində fərdiyyətin müəyyənləşdirilməsinə, Şərq və Avropa şeir nəzəriyyələrinin tələblərini uzlaşdırmaqla klassik poeziyamızı dəyərləndirməyə uğurlu bir cəhd göstərib. Və bu təşəbbüsün nəticəsi, uzun illərin zəhmətinin bəhrəsi kimi bu gün oxuculara təqdim etdiyimiz “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” adlı kitabın daha sonra yazılacaq elmi əsərlərə böyük faydası olacağına əminik…

Və… monoqrafiyadan bircə örnək gətirməklə bütün söylədiklərimi əsaslandırmaq istəyirəm: “Nəsiminin fərdi yaradıcılığı ilə bağlı cəhətlərdən biri şairin bir bənzəyən qarşısında toplu, cəmdə olan bənzədiləndən istifadəsidir. Bu, bənzəyənlə əlaqədar yaradılan təsiri qüvvətləndirməyə yönəldilir. Şairin:

Əcəb ləlünmi şol, ya cani-əhbab?

Əcəb zülfünmi, ya zənçiri-pürtab?

– mətləli qəzəlində 14 bənzədiləndən 8-i cəmdədir. Şeirdə vahid və əsl olanın təzahür şəkilləri qarşılaşdırılır və üstünlüyün zata, mahiyyətə verildiyi aydın nəzərə çarpır.

Şairin əsərlərində bəzən bənzətmə obrazı öz adi, ənənəvi çərçivəsindən çıxaraq yenisi ilə əvəz olunur:

Həqq əyan oldu, gəlin, Həqqi görün,

Həqqi batildən seçin, fərqi görün,

Bədrimin yüzindəki şəqqi görün,

Aləməsığmaz ənəlhəqqi görün.

Birinci misrada şairin Allahı nəzərdə tutduğu aşkardır. İkinci misrada gizli ilahi sirrin aşkara çıxması vurğulanır. Şair bu barədə söylədiklərinin batil inanc deyil, həqiqət olduğuna və bu baxış bucağının batil görüşlərdən fərqliliyinə də diqqəti çəkir. “Bədrimin yüzindəki şəqqi görün”, – deyərkən şair ikiyə bölünmüş aya (burada: hilal) oxşayan qaşları nəzərdə tutur. Düz istiqamətdə olan iki qaş aralı düşmüş iki əlifə, onların arasındakı çökək “nun”a (ن) bənzəyir ki, bunlar birlikdə “ənə” (انا) sözünün yazılışını təsəvvürə gətirir. “Ənəlhəq” sözünün birinci tərəfinin yazılışı ikinci tərəfi güman etməyə əsas verir. Sanki xəyali olaraq təsəvvür edilən Yar üzündə (göy üzündəki ayın simasında) “ənə(lhəq)” yazılmışdır. Klassik ədəbiyyatda “dal”, “re” və “nun” hərfi obrazları qaşın bənzədiləni kimi tez-tez işlənsə də, hürufiliklə əlaqədar yaranmış qaşı “əlifə bənzətmə yeni, fərdi və orijinaldır”.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Seyid İmadəddin Nəsiminin (öl.: 1417) ədəbi irsi həmişə araşdırıcıların nəzərini cəlb etsə də, onun yaradıcılığının, fəlsəfi-poetik şeir aləminin bir sıra problemləri indiyədək özünün tam elmi dəyərini ala bilməmişdir. Nəsimi kimi nəhəng söz-fikir sənətkarının yaradıcılığının araşdırılması orta əsrlər Azərbaycan ədəbiyyatının fəlsəfi-fikri axınlarla əlaqəsi və bədii üslublarının öyrənilməsi baxımından da ayrıca əhəmiyyətə malikdir. Çünki Azərbaycan ədəbiyyatında Nəsimi mərhələsi özünəqədərki Şərq poetikası və fəlsəfəsinin uğurlarını birləşdirməsi və inkişaf etdirməsi ilə seçilir. Onun yaradıcılığının əhəmiyyəti bununla da hüdudlanmır. Nəsimi böyük söz sənətkarı və mütəfəkkir olaraq, bir çox türk xalqlarının (Azərbaycan, türk, türkmən, özbək (cığatay) və s.) ədəbiyyatı və poeziya dilinə güclü təsir göstərmiş, yeni ideya istiqamətləri və poetik formaların yaranmasına fikri təkan vermişdir.

Səadətin ilk elmi işinin müdafiəsi prosesində prof. Yaşar Qarayev övgü dolu yekun sözünü bitirərkən: “Bu tədqiqat işi beynəlxalq səviyyəyə çıxarılmalı, rus və ingilis dillərində də təqdim olunmalıdır”, – demişdi…

Fikrimizcə, dahi Nəsimi bu gün beynəlxalq səviyyədə o təqdimatın-sunumun astanasındadır…

Səadət Şıxıyevanın “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” monoqrafiyasında əbədiyaşar şairin fikir və düşüncələr aləminə pəncərə açılır, bu pəncərədən onun kamil, bənzərsiz şəxsiyyəti görünür, “əyyami-eşqin sərvəri”, “gövhəri-kan”, “eyni-əyan” olduğu anlaşılır… Və bütün bu nəsnələrin açıqlığa qovuşdurulduğu bu kitab, monoqrafiya “Hardasan?!” – deyə öz tərcüməçisini soraqlayacaq ki, Nəsiminin beynəlxalq səviyyədə sunumu bununla mümkünləşə bilər. Son olaraq üç beytini verdiyim aşağıdakı qəzəlində şairin özünün (Kim bilir, bəlkə də öncəgörmə fəhmi ilə Səadət üçün!!!) dediyi kimi:



Səndən özgə könlümə yoxdur vəfalı yarü dust,
Ey cəfasız, hüsnü-kamil yadigarım, qandasan?!

Yar üçün hər guşədə min div olur düşmən mənə,
Ey səvadi-əzəmü möhkəm hasarım, qandasan?!

Çün Nəsimidir bu gün əyyami-eşqin sərvəri,
Ey şəkər ləb, yari-şirin ruzigarım, qandasan?!

Sadəcə bir dost sözünü sundu: Esmira Fuad

Prof.Dok. Esmira Fuad-Bakü Milli İlimler akademisi / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER
GÖZLƏRİM NURU, İKİ ALƏMDƏ VARIM, QANDASAN?Prof.Dok. Esmira Fuad - esmira fuad

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir