Proksi çağırışlara cavab

Dəyərli dostlar.

İrəvan Türk Cümhuriyyətinin qurucularından biriyəm. Bizi tanıyan hər kəs bilir ki, Ömrümüzü İrandakı Türklərin məsələsinə həsr etdik, Güney Azərbaycan davasına xidmət etdik, Qərbi Azərbaycan davasına xidmət etdik. Bu sahələrdə yazdıq, danışdıq, yüzlərlə konfranslar da konuşmaçı olduq, özümüz konfranslar düzənlədik, bir sözlə milli davamızın bayrağını enməyə qoymadıq.
Bu günlərdə Qərbi Azərbaycan məsələsinə münasibətdə neqativ təhlillərlə rastlaşıram.
Bizi “qeyri real”, “vətənşüvən” adlandıran “demokrat”ları gördükdə üzülməyə bilmirəm.(Son 30 ildəki mübarizəmiz daim sağdan və soldan qeyri-real adlandırılıb vurulsa belə dayanmadıq. Zaman bizi daim haqlı çıxartdı )

Bu günlərdə İ.Əliyev Azərbaycanın içindən və çölündən həm özümüzünkülər tərəfindən, həm bir çox ermənipərəst Avropalı millət vəkilləri tərəfindən tənqid olunur. Deyilir ki, İlham Əliyev deyir ki, biz Ermənistanı ləğv edib yerində Qərbi Azərbaycan quracağıq. Tənqidçilər iddia edirlər ki, Azərbaycanda çox saylı adamlar peydah olub Ermənistan dövlətini Qərbi Azərbaycan adlandırırlar. Bu tənqidçilər, bloqerlər Ermənistana Qərbi Azərbaycan deməyi az qala cinayət kimi təqdim edirlər. Beynəlxalq Hüququn pozulması kimi qiymətləndirirlər. Avropalıları başa düşdük. Məqsədləri Ermənistan proksi dövlətini qoruyub saxlamaqdır. Bəs sizə nə olub Azərbaycan tənqidçiləri?
Niyə demirsiniz ki, Ermənistan Azərbaycan torpaqları üzərində qurulub. Niyə demirsiniz ki, Azərbaycan torpaqları üzərində Erməni dövlətinin qurulması özü Beynəlxalq Hüquqa ziddir.

(Həm də ki, Siz hansı beynəlxalq hüquqdan danışırsınız. Bu beynəlxalq hüquq deyil, Avropa hüququdur. Beynəlxalq hüquq ona deyiliərdi ki, orada Çin, Hind, İslam, Avropa hüquq fəlsəfələri sintez olunsun, bu hüququn yaradılmasında bütün əsas mədəniyyətlər və güclər birlikdə iştirak etsinlər. Axı belə olmadı, belə deyil. Yalnız Avropalıların görüşünü ifadə edən hüquq kodeksləri beynəlxalq hüquq adlandırıla bilməz. Avropa dünyanın beşdə biridir, dünya isə Avropadan çox böyükdür)

Bəs niyə bir dəfə demədiniz ki, Amerikanın Suriyanı, İraqı işğal etməsi beynəlxalq Hüquqa ziddir. Amerika İraqa, Suriyaya, İsrail Qəzzəyə, Rusiya Ukraynaya girəndə beynəlxalq hüquq pozulmadı da Azərbaycan Ermənistana girəndə beynəlxalq hüquq pozulacaq?

Niyə siz Ermənistan dövlətinin varlığı ilə hesablaşırsınız, niyə Ermənistana hücum etməməyə çağırış edirsiniz, Zəngəzurun Azərbaycana birləştirilməsinə qarşı əks təbliğat aparırsınız və bundan danışanları da “saxta vətənpərvərlər” hesab edirsiniz? Sizsiniz gerçək vətənpərvər?
Hər şey düşüncədən başlanır. Əgər biz bilinc altı şüurumuzda Ermənistanın varlığını qəbul etmişiksə, Qafqazda erməni məsələsi həll olunmayacaqdır.
Biz Qarabağ məsələsini həll etdik, Erməni məsələsini həll etmədik.
Nə qədər ki, Qafqazda erməni məsələsi həll edilməyib, nə qədər ki, Ermənistan var, Ermənilərin Azərbaycan torpaqlarına, Türkiyə torpaqlarına iddiası heç vaxt dayanmayacaq.
Biz 200 ildir ki, Erməni problemi ilə üz-üzəyik, biz 100 ildir ki, Ermənilərlə müharibə aparırıq.
Ermənilər 200 ildə Azərbaycanın qərb torpaqlarında dövlət qurma, yayılma, işğal, genişləmə, etnik təmizləmə və soyqırım həyata keçirirlər, indi biz Qarabağdakı qələbədən sonra, Qafqazdakı proksi erməni dövlətinin aradan qaldırılmasına çalışmalıyıq. Bu bir prosesdir. Bu proses 10 il, 50 il çəkə bilər. Lakin bu proses aparılmalıdır. Dayanmamalıdır. Qələbə ilə nəticələnməlidir. Ermənilərin Qafqazda tarixləri və dövlətləri olmayıb. Ermənistandan köçüb getsinlər, Rusiyanın Krasnadar, Fransanın Marsiliya, Amerikanın Los-Ancels bölgəsində erməni dövləti qursunlar, bizim torpaqlarımızda etnik təmizləmə və soyqırım aparmaqla erməni dövlətinin-Ermənistanın qurulmasına, yaşamasına izn verə bilmərik və bu tez -tez vurğuladığınız beynəlxalq hüquqa ziddir.

Bu günkü Azərbaycanlının və təhlilçinin, müxalifətçinin tarix şüuru yarımçıqdır sanki. Onlar artıq “Qərbi Azərbaycan” problemini unutmuş kimi görünürlər və hesab edirlər ki, Azərbaycanın torpağı yalnız Qarabağdır, Göyçə, Zəngəzur, İrəvan Azərbaycan torpaqları deyilmiş və guya bu torpaqları geri tələb etmək beynəlxalq hüquqa ziddiymiş.
Allah Azərbaycanı belə təhlilçidən, belə müxalifətçidən, belə hakimiyyətdən qorusun.

Bizim davamız
1. Qarabağın erməni işğalından azad edilməsi
2. SSRİ dövründə ermənilərə verilmiş Zəngəzur, Göyçə bölgələrinin erməni işğalından azad edilməsi
3. İrəvan bölgəsindən qovulmuş türklərin öz yurdlarına qaytarılması
4. 1918 Batum müqaviləsinə əsasən İrəvan bölgəsindəki ermənilərə Azərbaycanın tərkibində muxtarlıq verilməsi
5. Beləcə Qərbi Azərbaycan probleminin həll edilməsi, erməni məsələsinin həll edilməsinə qədər davam edəcəkdir, etməlidir.

Dəyərli təhlilçilər.
İlham Əliyevi tənqid etmək, onun siyasətindən narazı qalmaq, müxalifətçilik etmək ayrı şeydir,
Erməni siyasətini, Ermınistana yönəlik dövlət siyasətini tənqid etmək bir başqa şeydir, bunları ayırmaq gərəkdir, spesifik yanaşmaq gərəkdir. Avtoritar İ.Əliyevi tənqid etmək, demokratik Paşinyanı müdafiə etmək milli mənfəətlərimizə ziddir. Ermənistana yönəlik siyasətin avtoritarizm-demokratizm məsələlərinə dəxli yoxdur. Azərbaycanın avtoritarı da, diktatoru da, demokratı da, Qafqazdakı Erməni dövlətinə son qoymalıdır. Qərbi Azərbaycan məsələsi, Zəngəzur məsələsi rejim məsələsi deyil, millət məsələsidir, dövlət məsələsidir. Azərbaycanın diktatoru da, demokratı da Zəngəzuru erməni işğalından azad etməlidir, Zəngəzur Türk millətinin ölüm-qalım məsələsidir.
Azərbaycan müxalifəti, təhlilçisi, bloqeri Erməni məsələsini, Ermənistan məsələsini doğru təhlil etmirlər. Problemi rejim davası kimi şərh edirlər, Problemi milli problem kimi deyil, rejim problemi kimi təqdim etməyə cəhd edirlər.
Bu problemlər İ.Əliyevin problemi deyil, Azərbaycanın problemidir və əgər İ.Əliyev Zəngəzuru da Azərbaycana birləşdirə biləcəksə, bu milli tariximizdə bir irəliləyiş olacaqdır, 100 il əvvəlki coğrafi-tarixi status-kvo bərpa olunacaqdır. Bu çox böyük Tarixi addım olacaqdır, Anadolu və Qafqaz coğrafi baxımdan birləşəcəkdir, Türk Milləti birləşəcəkdir. İ.Əliyev Zəngəzuru erməni işğalından azad etməlidir, etmək məcburiyyətindədir. Biz təhlillərimizdə bu məsələlərdə İ.Əliyevi tənqid etmək əvəzinə, əksinə Zəngəzuru almağa çağırış etməliyik.
Biz Qarabağ savaşında İ.Əliyevi dəstəklədik.
Zəngəzur savaşında da dəstəkləyirik.
Qərbi Azərbaycan probleminin həllində də dəstəkləyəcəyik.
Erməni məsələsi kökündən həll edilməlidir. İ.Əliyev Erməni məsələsini kökündən həll edəcək siyasət yürüdəcəksə bu siyasəti dəstəkləyəcəyik.
Biz Türklər, bu coğrafiyada Avropa və Rusiya imperiya ambisiyalarını, yayılmaçı kültürünü, işğalçı şüurunu və siyasətini, zehniyyətini sökə-sökə, altını laxlada laxlada qazanacağıq, dövlət olacağıq, millət olacağıq, savaşacağıq, mədəniyyətdə, dəyərlərdə, əxlaqda, meydanda. Biz nə Avropanın nə Rusiyanın proksisi olmayacağıq. Biz nə Avropaya nə Rusiyaya inteqrasiya olmayacağıq, Türk Birliyinə inteqrasiya olacağıq.
İrəli!

Düşüncələrdə, təhlillərdə Vətən davası ilə
Rejim davası ayrılmalıdır.
Vətən davası dövlətin, millətin, cəmiyyətin, fərdin davasıdır, millətin vicdanından keçir.
Qərbi Azərbaycan məsələsi, İrəvan məsələsi Vətən davasıdır. Vətən bütövdür, qərbə-şərqə parçalana bilməz.
Qərbi Azərbaycan davasını vətən davası kimi mənimsəməyən, Qərbi Azərbaycan problemini Bütöv Azərbaycan probleminin bir parçası kimi görməyən, Qərbi Azərbaycan davasını “yerlibazlıq” davası kimi qiymətləndirən, bizi “yeraz” adlandırıb ötəkiləştirən bütün proksi zehniyyətlərə qarşıyam.
Yaşasın İrəvan Türk Cümhuriyyəti!


Yasəmən Qaraqoyunlu.-BAKÜ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER


Yazıları posta kutunda oku


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir