Site icon Turkish Forum

İran hakimiyyəti etibarlı tərəfdaş deyil

İran hakimiyyəti etibarlı tərəfdaş deyil - ibrahim reisi Raisi 2021 iran

İran hakimiyyəti etibarlı tərəfdaş deyil

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib.

İki ölkə arasında münasibətlər bundan sonra necə olacaq?

TNS-in bu barədə suallarını cavablandıran Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra İran-Azərbaycan münasibətləri heç vaxt sabit, hamar olmayıb: “İranın apardığı siyasət ucbatından bu münasibətlər dəfələrlə korlanıb. Azərbaycan torpaqları işğal altında olanda bu, özünü daha qabarıq göstərib. İranda istər islahatçı, istər mühafizəkar prezidentlərin dövründə olsun, münasibətlərdə gərginlik yaşanıb. Hətta Ermənistanla İran arasında hərbi əməkdaşlığa dair razılaşmalar imzalanıb”.

Siyasi şərhçi yeni seçilən Məsud Pezeşkianın prezdentlik dövründə də ciddi dəyişikliklərin olacağını ehtimal etmir: “2-3 gün əvvəl İranın Ermənistnadakı səfiri Mehdi Sübhaninin Azərbaycana qarşı çıxışları sübut edir ki, İranın Cənubi Qafqazla bağlı kursu dəyişməyib.

Tehranda Azərbaycan Səfirliyinin fəaliyyətinin bərpasına gəlincə, bu, rəsmi Bakının İrana xoşməramlı jestidir. İranın Ermənistana, bu ölkədəki revanşist qüvvələrə dəstək verməsinə, öz ərazisində Azərbaycan dövlətinə qarşı qruplar bəsləməsinə baxmayaraq, Azərbaycan İranla münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərir. Bütün bunlar həm də Azərbaycanın qonşularla sülh şəraitində yaşamaq istəyinin, dövlətlərin bir-birinin daxili işlərinə müdaxiləsinin əleyhinə olmasının göstəricisidir”.

Sədrəddin Soltan bildirib ki, səfirliyin binasının yerinin dəyişməsi təhlükəsizlik baxımından müsbət addım olsa da, əsas məsələ Tehranın Azərbaycan Səfirliyinin mühafizəsini necə təşkil edəcəyidir: “Düşünürəm ki, İran hakimiyyəti səfirliyimizin, konsulluğumuzun təhlükəsizliyinə təminat verib. Burada bir məsələ də var. Azərbaycan Səfirliyinə hücum etmiş terrorçunun məhkəməsinin nəticəsi məlum deyil. Onunla bağlı məhkəmə prosesində prokuror edama məhkum edilməsini istəmişdi. Amma məhkəmə hansı qərara gəldi, hökm icra olundumu, bunlar açıqlanmayıb. Bu haqda İran mətbuatında heç bir məlumata rast gəlinmir. Yəqin ki, bu məsələ də həllini tapıb. Azərbaycanın irəli sürdüyü şərtlər təmin olunub, səfirlik açılıb”.

Siyasi şərhçi qeyd edib ki, regionda vəziyyət tamam dəyişib. Bu da təbii ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsilə mümkün olub: “Azərbaycanla Ermənistan arasında sülh üzrə danışıqlar davam edir, müəyyən irəliləyişlər var.

İran Orta dəhlizdən yararlana bilmək üçün artıq ciddi düşünməlidir. Çünki sahib olduğu neft-qazı ixrac edə bilməsi üçün bu dəhliz onun üçün son dərəcə vacibdir.

Bu səbəbdən artıq İran Azərbaycanı özünün kiçik qardaşı, müstəmləkəsi xəyalarından vaz keçməyə çalışır. Başa düşür ki, Azərbaycanı bərabərhüquqlu partnyor, tərəfdaş kimi qəbul etməliir.

Siyasətində məcburi korrektələr edir. İranla İraq arasında atəşkəs müqaviləsi imzalananda Xomeyni demişdi ki, bu, bir zəhərdir, mən içirəm.

Azərbaycana İranın münasibətinin də dəyişməsi Xamnei hakimiyyətinin zəhər içməsi kimi bir şeydir. Çünki Azərbaycanın güclənməsi, inkişafı İran hakimiyyətinin marağında deyil. Azərbaycan dövlətinin özündən asılı olmasını arzulayır. Amma başa düşür ki, siyasətini dəyişməsə, özünə ziyandır. Düzdür, panfarsistlər, Azərbaycanı sevməyən qüvvələr buna qarşı çıxır. Amma İbrahim Rəisinin prezidentliyinin son dönəmlərində başlanılan normallaşma prosesi Pezeşkianın dövründə də davam edəcək.

Yenə də İrana tam etimad etmək mümkün deyil. Çünki İran hakimiyyəti beynəlxalq səviyyədə etibarlı tərəfdaş deyil”.

TNS / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER

Exit mobile version