Site icon Turkish Forum

İT YUVASINDA BİTƏN YOL

Hadisələr 1992-ci ilin iyunun əvvəllərində Gülüstan kəndində baş vermişdir. Hekayət Xanlar özünümüdafiə batalyonunun döyüşçüsü Elli Atayurdun xatirələri əsasında yazılıb. - elucaatali

Hadisələr 1992-ci ilin iyunun əvvəllərində Gülüstan kəndində baş vermişdir. Hekayət Xanlar özünümüdafiə batalyonunun döyüşçüsü Elli Atayurdun xatirələri əsasında yazılıb.

Görəsən “Yol” kitabını yazan Zori Balyanın ağlına gələrdi ki, “Dənizdən dənizə” deyib, xəritəsini cızdığı “Böyük Ermənistan”ın övladları axırda öz vücudları boyda yerə dünyada möhtac qalacaqlar?

Bir dəstə əsgərlə qabağa irəlilədik, silahlılarımızdan bir neçəsi isə sağı, solu, arxanı nəzarətdə saxlayırdı. Nəhayət, qonşu həyətə girdik. Burada bir inni-cinni görünmürdü, tam sakitlik idi, lakin bu sükut bizi inandıra bilməzdi ki, kimsə buradan bizə atəş açmayacaq. İki mərtəbəli, hələ də tikilməkdə olan, daşı tam hörülmüş, qapı-pəncərə çərçivələri yerinə qoyulub, şüşələri salınmamış yarımçıq bir evin həyətindəyik. Əsgərlərdən buradan sürətlə ötüb keçmək istəyənlər olsa da, amma ehtiyatı əldən verməmək şərti ilə irəliləməyimiz bizim addım sürətimizi azaldır.

Evə girdim, avtomatın tətiyin çəkib, müharibə qanununa əsasən, birinci mərtəbədə divar boyu düzülmüş mebeli əvvəl ortadan, sonra aşağıdan güllə-baran etdim. Əgər kimsə orada gizlənmiş olubsa, bununla da onun oradan çıxıb məni vurmaq ehtimalı artıq sıfıra enir.

Evin qabağında üstüörtülü, yanları açıq artırma vardı. Buradakı qaz sobasının üstünə qazan, vedrə qoyulmuşdu. Yerdə böyük teştdə yeni yuyulmuş uşaq paltarları sıxılıb bir qalaq üst-üstə yığılmış, qazın üstündəki ipdənsə uşaq paltarları asılmışdı. Hiss olunurdu ki, burada gənc ailə yaşayır. Görünür, bizim kəndə hücum edib Xocalı əsirlərini azad etmək istəyimizi anlayanda qorxudan evdən qaçıblar. Əlimlə qaz sobasının üstündəki qazanı yoxladım, qazan isti idi. Təqribən otuz dərəcə istiliyi dəmirdə hiss etmək mümkün idi. Cəld arxaya çevrildim, dəmirdəki hərarət canıma vəlvələ saldı ki, bu dəqiqə kimsə başıma ağır bir zərbə vurub məni yerə sərəcək. Arxaya dönəndə həyəti boş gördüm, döyüşçü yoldaşlarım həyətin künc-bucağındakı böyük dəmir çəlləkləri, dam-daşı və sair tikililəri gözdən keçirdilər ki, bəlkə Xocalı əsirlərindən hansısa birini buralardan tapmış olsunlar.

Canımı bürümüş izahedilməz qəribə bir hisslə artırmadan bayıra addım atdım. Amma gözlərim yüz səksən dərəcəli bucaq altında ətrafı axtardı. Evin yan tərəfində əkilmiş körpə yoncalığı görüncə birdən-birə beynim siqnal aldı ki, ayıq olum. Yağışdan islanmış yoncalıqdan nazik bir cığır açılmışdı. Arxası üstə çevrilmiş yoncaların yarpaqlarının açıq yaşıl rəngli alt üzləri cığırın yeni olduğunu, kiminsə burdan təzəcə keçdiyini bəlli edirdi. Qəribədir, on-on beş metr uzanan bu yoncalıq cığırının sonunda hündür çəpər vardır. Bu düz çəpəri aşmaq hər oğulun işi deyildi. Amma çəpərin dibində taxtadan balaca it yuvası da görünürdü ki, otluqdan açılmış yol məhz o yuvada tamamlanırdı. Şübhəm məni izə saldı, bu izin sonunda nəsə tapacağıma güman edirdim.

Əlim avtomatın tətiyində, hər iki yan cibimdə qoşa qumbaralar, zirehli geyimim xırda-xırda patronlarla dolu idi. Ümumilikdə, əynimdəki zirehli geyimin çəkisi otuz kiloqrama çatırdı. İzə düşüb getdim, əgər it üstümə atılarsa, vuracaqdım! Nədənsə it gözə dəymirdi, yəqin, o, qorxudan qaçıb gizlənmişdi.

Yavaş addımlarla qabağa irəlilədim. Səsə bənd idim, bir çıqqıltı eşidəm, əgər bu olardısa, düşünmədən belə tətiyi çəkəcəkdim. Bu zaman it yuvasından ani gözümə sataşan mavi parça vücuduma qəribə bir istilik gətirdi. Sonra ayaq gördüm… Yuvaya çatıb qarşısında əyildim. Dil-dodağım qurudu, təqribən iyirmi bir-iyirmi iki yaşlarında cavan bir gəlin qucağına körpəsini sıxıb, yuvada meyit kimi lal-dinməz oturmuşdu. O, körpəsinin ağzını əli ilə möhkəm qapamışdı. Biz göz-gözə dirəndik, lakin heç birimiz danışmadıq. O, köksünə sıxdığı balasından yarım metr aralıda olan silahımdan açılacaq atəşin vahiməsindən gözləri bərəlmiş mənə baxırdı. Həyəcandan ata da bilərdim, belə bir məqamda soyuq ağılla düşünmək qeyri-mümkündür. Müharibədə soyuq ağılla düşünmək hədsiz çətindir, əlbəttə, əgər sən düşməninlə üzbəüz qalmısansa…

Və bu elə bir düşməndir ki, üç ay əvvəl sənin on bir min əhalisi olan Xocalı kimi şəhərini dünya xəritəsindən silib… Elə bir düşməndən söhbət gedir ki, yetmiş il əvvəl mənim doğulduğum Haqqıxlı kəndində başı papaqlı qoymayıb, ulu babam Molla Nəbi də daxil olmaqla qırıb-çatıbdır. Düşmənlə üzbəsurət olduğun bir anda bunu düşünmək insanda intiqam hissini coşdurur. Tətiyi çək! – əmrini beynim barmağıma diktə edir, lakin hələ də barmağımı hərəkətə gətirə bilmirəm. Çünki beynimdən fərli olaraq ürəyim vicdanımın üzərində hakimlik edir. Bir qadın, bir uşaqdanmı alacaqsan Xocalının və ya Haqqıxlının heyfini? Kişi ol, get daşnakla üzbəsurət savaşa gir! Beynim və ürəyim arasında olan yol məni məngənə kimi sıxır.
Dəmədəmdir, əlim ani tətiyə toxunarsa, avtomatın mağazasındakı otuz beş güllənin hamısı bu ana-balanın vücuduna qarışqa kimi dolub onları dəlmə-deşik edəcəkdi.

Bu zaman həyət-bacadan bizə lazım olanı tapmayan əsgərlərimiz, əməliyyatlarını bitirib həyətin ortasındakı böyük ağacın yanına yığışdılar.

İlahi, mən bu qadınla indi necə davranım? Necə rəftar edəcəyimə qərar verə bilmirdimsə də, əlimdəki silahın tətiyini də boşaltmırdım. Məni saxlayan hansı hiss idi? Bilmirdim? Gözünü gözümdən çəkməyən, indicə qanına qəltan edəcəyimi gözləyən ana, özünü uşağın üstünə bir qədər də əydi. “Bir güllə ilə ikisini də birdən götürərdim…” – dedim özümə.

–Elli, nə oldu? – Bu səs məni ayıltdı.

Digər səsin kiminki olduğunu bilmirəm, amma onun sualı məni ayıq olmağa çağırdı:

–Gələkmi?

–Tapdınmı? – Bu da Murad , əgər o, söykəndiyi ağacdan arxasını çəkərsə, bura gələcəyini zənn edərək, əsməyə başladım.

Xocalıda olanların heyfini almaq istəyirdim, erməni əlinə keçməsin deyə, öz uşağını boğmuş ananı xatırlayırdım. Süngüyə keçirilmiş uşaq… Doqquz aylıq hamilə qadının qarnını yarıb çıxarılaraq avtomat süngüsündə havaya qaldırılmış uşağın yerinə birdən-birə it yuvasındakı uşağı qoyuram. Xatırlayanda ki, erməni silahlıları ana bətnindəki hələ doğulmamış körpənin oğlan və ya qız olması ilə bağlı mərc edərək, ananın qarnını yarıb oradan uşağı çıxarmışdılar. Uşaq oğlan imiş, diri olub, lakin silahlılar süngüyə keçirib öldürüblər ki, “Bu da böyüyüb türk olacaq!” Amma, mənlə ana qucağındakı uşağın arasında cəmi-cümlətanı yarım metr məsafə olmağına baxmayaraq, cinsi məni maraqlandırmır. Bir kəlmə ilə, o, canlıdır! O, insandır! O, mənim növümdəndir!

Gör, dünya nə hala qalıb ki, onun boyda nəhəngin köksündə özünə yer tapmayan ana-bala, bu balaca, cəmi sıfır tam yüzdə iyirmi beş kvadrat metrlik qapısı salxaq taxta it yuvasında yaşaya biləcəkləri ümidi ilə sığınıblar. Nizamı pozulmuş dünyaya bir daha nifrət etdim yalvarışlı gözlərlə məndən aman diləyən ananın gözündəki mənanı oxuyanda…

“Xocalıdakı qətliamı bumu etmişdi?” – sualını özümdən soruram. Əlim yenidən tətikdə hərəkətə gəldi, onu çəkmək istəyirdim… Bu hərəkət onların hər ikisini məhv edəcəkdi. Amma, çaxmağı sıxmaqdan vaz keçirəm… “Bu da böyüsə, ikinci Xocalını törədəcək!” – dedim. Lakin yenə özümü saxladım: “Ermənini öldürməklə, erməni xislətini öldürmək olmaz!” – dedim. “Bu uşağı öldürməklə Xocalının heyfi alınmaz.” – Bu isə son qərarım oldu.

Tər məni basdı, başqalarından utanıb onu öldürmək istədim. Dizim əsdi, yalnız onda dərk etdim ki, ağılla döyüş meydanında vuruşmaq çətin işdir. Döyüşdə qarşındakına insan kimi baxmırsan, sənin üçün yalnız və yalnız düşmən var. Həm də adi düşmən yox, sənin sərhədini basıb keçən, torpağına mina, bomba toxumu səpən, anana, bacına təcavüz edən… Hə, onda döyüşmək asan olur. Orda heç kim səndən aman istəmir. Sənə güllə tuşlanıb, məqsəd bəllidir, səni öldürmək. Sənsə öldürməlisən ki, ölməyəsən. Məqsədin diri qalıb, torpağındakı minanı bəhrəsiz qoymaqdır… Demək, döyüşmək ona görə asandır ki, qarşında insan durmur. Qarşında duran səni öldürəcək qatildir, canidir!!! Belə düşünmək döyüşçünü vicdanı qarşısında borclu qoymur.

Əsgərlərdən hansısa birinin mənə bu sualla qışqıracağı qorxusu canımı bürümüşdü:

–O, səninkini belə etdi… – deyib, üç ay əvvəl olmuş müdhüş gecənin qorxulu nağılını xatırladacaqdı. — Bəs sənin kişiliyin hardadır?

Kişilik dərəcəmin yüksək olduğunu yuvaya sığınanla sübut etmək nə çətin işmiş? Təəssüf, bunu bacarmıram!

Döyüşçü yoldaşlarımdan gözlədiyim o sual bu dəqiqə qulağıma dəyəcək və suala cavab almağa səbri çatmadan əlindəki avtomatla it yuvası qarışıq məni də güllə yağışına tutacaqdı. Amma məni mıxlanıb qaldığım yerdən hərəkətə gətirən başqa sual oldu:

–Kimsə varmı orda? – bizimkilərdən biri qışqırdı.

Dinmədim.

Əgər bizimkilər bilsəydilər, mən burda adam görüb susmuşam, məni hansı cəzanın gözlədiyini də özlüyümdə bilirdim. Mənim Qərbi Azərbaycandan olmağım, erməni dilini mükəmməl bilməyim, indi isə erməni ilə üzbəsurət durub susmağım onları şübhəyə sala bilərdi.

Sol əlimi ağzımın üstünə qoyub qadının dinməməsi üçün işarə etdim.

Bu qadının salamat qalmasını istəyirdim. Balaca qızımın dizimin üstündə atılıb-düşməsini xatırlayırdım. Qarşımdakı körpənin qızımın yaşadıqlarını yaşamasını istəyirdim. Qadının isə analıq fərəhindən məhrum olmaması arzusu mənə güc gəldiyindən tətikdəki barmağım boşaldı…

–Gecə çıxarsan, indi çıxma! – Pıçıldadım.

Cavab vermədi, sifətində heç bir ifadə dəyişmədi. Bəlkə də dediyimə inanmadı, inanmadı ki, insaf edib onu sağ buraxaram. O qanlı Xocalı gecəsindən sonra minlərlə türkün hər gün cəbhəyə gedib düşməndən heyif çıxmaqdan ötrü səfərbərliyə alındığı bir anda sən əlinə düşmüş intiqam fürsətinə təpik atırsan.

O sanki sağ qalmasından heyrətlənib, dediyimi anlamırdı. Həmin sözü pıçıltı ilə bir də erməni dilində dedim. Ona tapşırığımı nədən birbaşa türk dilində dediyimi sorarsansa, mənim bildiyim qədər Qarabağdakı bütün ermənilərin türk dilini anlamasından doğurdu. Amma hər halda, sonra onun öz ana dilində də tapşırığımı ona verdim.

İt yuvasının qapısını çəkib cəftəsini vuranda qapının cırıltısı ətimi ürpətdi.

Kürəyimi it yuvasındakı canlıya etibar etmədiyimdən arxamı ona çevirmədən, silahı yuvaya tuşlayaraq dal-dala çəkildim.

ELUCA ATALİ /TURKISHFORUM- ABDULLAH TÜRER YENER

Exit mobile version