Güney Azərbaycan Siyasi Təşkilatlarının, Cənab Prezident İlham Əliyevə Türk Dövlətlər Təşkilatındakı çıxışı üçün təşəkkür məktubu
Azərbaycan respublikası prezidenti Cənab Prezident İlham Əliyev;
Güney Azərbaycan siyasi təşkilatları olaraq sizin Özbəkistanda keçirilən Türk Dövlətlər Təşkilatında müstəqil Azərbaycandan ayrı düşmüş Azərbaycanlıların dil, mədəniyyət, tarixi və özəlliklə də təhlükəsizliyinin qorunmasına diqqət çəkməniz, Azərbaycan dövlətinin bu xüsusda laqeyd qalmayacağını bildirməniz, eləcə də digər Türk Ölkələrinin bu məsələyə nəzərlərini cəlb etməniz Güney Azərbaycan Türklərini dərindən sevindirmişdir. Sizin çıxışınız İranın totalitar rejiminin təzyiqləri altında öz hüquqları və azadlıqları uğrunda mübarizə aparan Güney Azərbaycanlılara böyük ümid qaynağı olmuşdur. Çünki onlar görürlər ki bu mübarizələrində yalnız deyillər və öz doğma dövlətləri onların arxasındadır.
Qeyd etmək istəyirik ki, bu gün Quzey Azərbaycan mediasının, Arazın güneyində yaşayan soydaşlarının problemlərini və mübarizələrini açıqcasına bəyan etməsi də Güney Azərbaycanda böyük sevinc və ümidə səbəb olmuşdur və Arazın o tayı ilə bu tayındakı birlik və bərabərlik ruhunu hər zaman olduğundan daha güclü hala gətirmişdir.
Hörmətli Cənab Prezident,
Biz bir neçə Güney Azərbaycan siyasi təşkilatı olaraq, Güney Azərbaycan və İranın digər bölgələrində yaşayan on milyonlarca Azərbaycan Türkünün hüququ və təhlükəsizliyinə görə çəkdiyiniz qayğıdan dolayı sizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. İnanırıq ki siz əsil dövlət və millət xadimi kimi tarixdə layiqli yerinizi alacaqsınız.
Allah Azərbaycanı qorusun və ucaltsın.
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
14/11/2022 / ARAZ NEWS /TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Bir yanıt yazın