Prezidentin bu səfəri də düşərli oldu.
Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması ilə yanaşı, digər regionlar da inkişafdan qalmır
Hələ iki il əvvəl Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasının prioritet olduğunu bildirərkən digər bölgələrin də diqqətdən kənarda qalmayacağını demişdi.
Həmin vaxtdan bəri ölkənin sosial-iqtisadi inkişafı istiqamətində bütün işlər məhz bu məcrada aparılır. Dövlət başçısının respublikanın şəhər və rayonlarına səfərləri zamanı bütün regionların tarazlı şəkildə inkişaf etdiyinin bir daha şahidi oluruq.
Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının təsiri hər bir bölgəmizin simasında, infrastrukturunda, yeni müəssisələrində, rahat yollarında, nəticə etibarı ilə əhalisinin rifahında görünür. Xatırladaq ki, artıq dördüncü proqramın (2019-2023-cü illər) son ilinə qədəm qoyacağıq. 2004-cü ildən start götürən birinci proqramdan başlamış böyük inkişaf yolu uğurla davam edir. Yol demişkən, son 19 ilin hər birində Azərbaycanda ən azı min kilometr yol çəkilib, yaxud əsaslı şəkildə təmir olunub.
Yollarımızın şəbəkəsi getdikcə daha da genişlənir. Elə bu günlərdə Şəki və Oğuz rayonlarına səfəri çərçivəsində dövlət başçısı Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Bu yolun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edəcək, yük daşınmasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.
Belə ki, yolboyu genişləndirmə işləri görülüb. Uzunluğu 47,2 kilometr olan yol yenidən qurulub. Buraya Oğuz və Şəki şəhərlərinə giriş yollarının, “Şəki dairəvi yolu”nun əsaslı şəkildə təmiri də daxildir. Layihə çərçivəsində Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülüb, yerində yenisi inşa edilib. Daşağıl, Küngüt, Kiş, Qurcanaçay çayları üzərində yerləşən və ümumi uzunluğu 630 metr olan mövcud körpülər isə təmir olunub.
Bölgələrdə kənd təsərrüfatının müxtəlif sahələri də sürətlə inkişaf edir və bu, emal sənayesinin genişlənməsinə təkan verir. Şəkidə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu istiqamətdə qurulan yeni müəssisələrdən birində – rayonun Orta Zəyzid kəndində “Green Factory” MMC-nin quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olublar. Müəssisənin 100 hektar bağ sahəsi var, ərazisində Fransa, İtaliya və Türkiyədən gətirilmiş 55 mindən çox meyvə ağacından ibarət bağ salınıb. Bağın suvarılması üçün mükəmməl infrastruktur qurulub. Burada fəaliyyət göstərən logistik mərkəzə soyuducu kameralar, qurutma, çeşidləmə və qablaşdırma avadanlıqları və s. daxildir.
Aqroparklar da genişlənir, güclənir və ölkə iqtisadiyyatına töhfələrini artırır. Onlardan biri Şəki rayonunun ərazisində 9700 hektar və Oğuz rayonunun ərazisində 1300 hektar olmaqla, ümumilikdə 11 min hektar sahədə fəaliyyət göstərir. Bu, “Aqroinkişaf-2017” MMC-nin “Şəki-Oğuz” Aqroparkıdır. Dövlət başçısı Oğuzda olarkən müəssisədə yaradılan şəraitlə tanış olub.
Burada əsasən qoz, badam və zeytun bağları salınır və taxıl bitkiləri yetişdirilir. Dövlət başçısı Aqroparkda olarkən onun ərazisində ağac əkib. Prezident həmçinin aqroparkın qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub. Eləcə də aqroparkın torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə tanış olub, suvarma suyu qurğularını işə salıb.
“Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur”. Bu fikri Prezident İlham Əliyev dəfələrlə vurğulayıb. Energetika sahəsinə yönəldilən diqqətin nəticəsidir ki, indi ölkəmiz enerji idxalçısından onun ixracatçısına çevrilib. Artıq “yaşıl enerji” layihələrinə start verilib.
Bir sözlə, Azərbaycan regionun ən işıqlı ölkəsidir və onun nuru ildən-ilə artır. Bunun daha bir təsdiqi: Oğuzda Daşağıl çayı üzərində tikilmiş “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su-elektrik stansiyaları silsiləsi.
Prezident İlham Əliyev elektrik stansiyalarının açılışını edib. Qeyd edək ki, 5 kilometr məsafədə kaskad üsulla 3 yerdə qurulan, ümumi gücü 3,6 meqavat olan kiçik su-elektrik stansiyasından ibarət bu hidroqovşaq Prezidentin alternativ və bərpaolunan enerji mənbələrinin əhatəsinin genişləndirilməsi, azalmaqda olan su ehtiyatlarından səmərəli istifadə, təbii qaza qənaət, ətraf mühitin qorunması və “yaşıl enerji”nin prioritet istiqamət seçilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq yaradılıb. Hər üç stansiyanın mənbəyi olaraq suqəbuledici və sel sularının ötürülməsi üçün sutullayıcı qurğu inşa edilib. Bu qurğunun yaradılması “yaşıl enerji”nin istehsalı ilə yanaşı, rayonun su təchizatına da töhfəsini verib. Stansiyalardan il ərzində birlikdə 15 milyon kilovat-saatadək elektrik enerjisi almaq mümkün olacaq.
Xatırladaq ki, açılan hər yeni müəssisə həm də yeni iş yerləridir, insanların əməkhaqqı alması, onların yaxşı dolanışığının təmin olunması deməkdir. Beləliklə, Azərbaycan vətəndaşının rifahı dövlətimizin siyasətinin mərkəzində qalmaqda davam edir.
Flora SADIQLI, -AZERBAYCAN /TURKISHFORUM -ABDULLAH TÜRER YENER