Azərbaycan dördüncü peykini orbitə göndərəcək
Növbəti peyk İlon Maskın şirkəti tərəfindən buraxıla bilər
Azərbaycan dördüncü peykini orbitə buraxmağı planlaşdırır. Texnoloji inkişaf, kosmik sənayedə tərəqqi ölkəmizin bu sahədə yeni addımlar atmasını şərtləndirir.
Növbəti peykimizin İlon Maskın şirkəti tərəfindən kosmosa buraxılacağı ehtimal edilir. Amerikalı sahibkarın şirkəti qiymət baxımından bu sahədə ən uyğun hesab olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib ki, növbəti yerüstü müşahidə peykinin – “Azersky-2″nin orbitə buraxılması üçün tender elan ediləcək. Onun sözlərinə görə, dünyada hazırda bunu ən aşağı qiymətə edən İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin “Space X” şirkətidir”. Sayca 4-cü olacaq bu peyk 3 ildən sonra orbitə buraxılacaq.
Xatırladaq ki, birinci süni peykimiz olan “Azerspace-1” 2013-cü il fevral ayının 8-də Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru kosmodromundan Fransa şirkəti “Ariane Space”in raket daşıyıcısı vasitəsilə geostasionar orbitə çıxarılıb. Əhatə dairəsi Avropa, Afrika, Mərkəzi Asiya, Yaxın Şərq, Qafqaz olan peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək, qalan 80 faizi isə kommersiya məqsədi daşıyır. Ölkə ərazisində keyfiyyətli televiziya və radio yayımı, sürətli internet xidmətləri təminatçısı peyklə bağlantıların təhlükəsizliyinə təminat verir. Dəyəri 233 milyon dollar olan peykin istismar müddəti ən azı 15 ildir.
Azərbaycanın 2014-cü il iyunun 30-da orbitə göndərdiyi ikinci peyk isə “Azersky” adlı müşahidə peykidir. Dəyəri 157 milyon avro olan “Azersky” əsasən Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət edir.
Sayca üçüncü, telekommunikasiya peykimizin ikincisi – “Azerspace-2” isə 2018-ci il sentyabrın 26-da Kuru kosmodromundan “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi ilə orbitə buraxılıb. Peykin əhatə dairəsi Avropa, Yaxın Şərq, Tropik Afrika, Mərkəzi və Cənubi Asiyadır. Məlumata görə, 190 milyon dollara başa gələn “Azerspace-2″nin istismar müddəti 20 ildir.
Orbitə buraxılan hər üç peykin hər cəhətdən çox böyük əhəmiyyəti var. Bu, digər tərəfdən Azərbaycanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirməklə, dövlətimizin gücünü göstərir. Peyklər ölkəmizin informasiya təhlükəsizliyini təmin edir. Bundan əlavə bu vasitə ilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Eyni zamanda ölkəmizdə kosmik sənayenin inkişafı telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı azaldır, həmçinin kommersiya əhəmiyyətli peyklər ölkəyə valyuta axınını təmin edir.
Bu sənaye növünün inkişafı istiqamətində dövlətimiz beynəlxalq əməkdaşlığını genişləndirərək böyük təcrübəyə malik olan aparıcı şirkətlərlə tərəfdaşlıq edir.
Əsmər QARDAŞXANOVA,-AZERBAYCAN /TURKISHFORUM- ABDULLAH TÜRER YENER