Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələr yeni mərhələyə keçir
İlham ƏLİYEV: “İmzamız kimi sözümüz də etibarlıdır”
Azərbaycanın apardığı xarici siyasət çoxşaxəlidir. Ölkəmizin xarici siyasəti açıq və milli mənafelərimizin qorunmasına yönəlib. Bu istiqamətdə bütün tərəflərlə uğurlu əməkdaşlıq edirik. Azərbaycan imzaladığı bütün müqavilə və öhdəliklərə sədaqət nümayiş etdirir. Bu barədə Prezident İlham Əliyev dəfələrlə bildirmişdir: “İmzamız kimi sözümüz də etibarlıdır”.
Məlumdur ki, dünyada ölkəmizin əldə etdiyi uğurları həzm edə bilməyən antiazərbaycançı qüvvələr mövcuddur. Onlar həm beynəlxalq, həm də regional təşkilatlarda ölkəmizin əleyhinə qərarların qəbul olunmasında aktiv rol oynayırlar. Ancaq aparılan uğurlu xarici siyasət sayəsində həmin qüvvələr geri çəkilməyə, ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. İyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makalisterin Azərbaycana səfəri və bu səfərlər çərçivəsində tərəflər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəlinməsi diplomatiyamızın böyük uğurudur.
Bu yerdə qeyd edək ki, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Avropa-Azərbaycan əlaqələri yeni mərhələyə keçmişdir. Artıq ölkəmizin “Qarabağ problemi” yoxdur. Azərbaycan əsgəri işğala son qoymaqla həm də diplomatiyamızın imkanlarını genişləndirib. İndi biz Avropa ilə problemimizin həlli üçün deyil, Avropanın enerji daşıyıcıları ilə etibarlı təminatı sahəsində əməkdaşlıq edirik. Bu reallıq Azərbaycanın indiki halda Avropa və dünya üçün olan önəmini ortaya qoyur.
Məlum olduğu kimi, Qərb-Rusiya qarşıdurması Avropada enerji böhranı yaradıb. “Qoca qitə”nin istifadə etdiyi qazın məhdudluğu və qiymətlərin bahalaşması həm iqtisadi, həm də sosial böhrana yol açıb. Bu üzdən Avropanın Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı genişləndirmək istəməsi başadüşüləndir. İyulun 18-də Prezident İlham Əliyevlə Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” da məhz bundan qaynaqlanır.
Prezident İlham Əliyev həmin sənədin əhəmiyyəti barədə demişdir: “Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması mərasimi oldu. Enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. Bugünkü memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə anlaşma memorandumunu və 2011-ci ildə “Cənub qaz dəhlizi” ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var… Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir”.
Dövlət başçısı həmçinin bildirmişdir ki, Avropa İttifaqı ilə neft, qaz, bərpaolunan enerji mənbələri, hidrogen, enerjinin səmərəliliyi və digər məsələlərlə bağlı geniş dialoqun aparılmasına başlamışıq. Xüsusilə ölkəmizin bərpaolunan enerjinin istehsalı imkanları Avropa tərəfindən yüksək qiymətləndirilir.
Xanım Ursula Fon der Lyayen isə imzalanan anlaşma memorandumunun əhəmiyyətini belə dəyərləndirmişdir: “Bizim anlaşma memorandumumuzun üç məqamını vurğulamaq istəyirəm. Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu memorandum vasitəsilə biz “Cənub qaz dəhlizi”nin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə, Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik”.
Daha sonra xanım Ursula Fon der Lyayen bildirmişdir ki, Avropa İttifaqı Azərbaycanla həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlıq etmək istəyir. Çünki ölkəmizin külək enerjisi və “yaşıl” hidrogen sahəsində böyük potensialı var. Qonaq vurğulamışdır ki, Azərbaycan gələcəkdə Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini ixrac edən mühüm və etibarlı tərəfdaş ola bilər.
Nəqliyyat məsələsi də Avropa ilə əməkdaşlıq üçün vacib olan sahələrdəndir. Çünki bu gün dünya iqtisadiyyatında ağrılı problemlərdən biri də tədarük zəncirinin qırılmasıdır. Azərbaycan isə Şərqlə Qərbi, Şimalla-Cənubu birləşdirən beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağının birləşdiyi ölkədir. Aİ də başa düşür ki, ölkəmizin imkanlarından istifadə edib Şərqlə olan ticarət zəncirində yaranan problemləri həll edə bilər. Çünki Azərbaycan Xəzər dənizində ən iri ticarət donanmasına, müasir logistik infrastruktura, dəniz limanına və bütün istiqamətlərə yük daşıya biləcək dəniz yolu əlaqələrinə malikdir.
Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin güclənməsi siyasi əlaqələrimizin daha da yaxşılaşmasına imkan verir. Son dövrlər Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsində Avropa İttifaqının tutduğu mövqe ölkəmizi qane edir. Keçmiş “Dağlıq Qarabağın statusu” artıq Avropa İttifaqının gündəliyində yoxdur. Aİ-nin mövqeyi belədir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın, ölkələr bir-birinin ərazi bütövlüyünü qəbul etsin, nəqliyyat infrastrukturu açılsın. Göründüyü kimi, ölkəmizin mövqeyi ilə Avropa İttifaqının mövqeyi üst-üstə düşür. Bu da Prezident İlham Əliyev tərəfindən aparılan xarici siyasətin böyük uğurudur.
Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin səfərindən bir gün sonra Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makalisterin geniş nümayəndə heyəti ilə ölkəmizə səfər etməsi də bu uğurun göstəricisidir. Məlum olduğu kimi, bu qurum ölkəmizə qarşı həmişə öz qərəzliliyi ilə seçilmişdir. Elə bu səbəbdən Prezident İlham Əliyev qonaqları qəbul edərkən diplomatik gedişlə onların bizə qarşı qərəzli mövqeyinin unudulmadığını demişdir: “Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni müharibə bitəndən ilyarım sonrakı vaxta təsadüf edir”.
Ümid etmək olar ki, qurum artıq qərəzli mövqeyindən əl çəkmişdir. Komitə sədrinin Cənubi Qafqaza səfərinin Azərbaycandan başlaması o deməkdir ki, artıq avropalı parlamentarlar regionda kimin söz sahibi və haqlı olduğunu dərk edirlər.
Rüstəm KAMAL,-“Azərbaycan” /TURKISHFORUM – ABDULLAH TÜRER YENER