Mənsimov Əbülfəz Elçibəy haqqındakı fikirlərinə aydınlıq gətirdi…
“Mətbuata verdiyim son müsahibəmdə Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəy barədə fikirlərimin yanlış anlaşıldığını təəssüf hissi ilə qarşıladım”. Bu sözləri Xeyriyyəçi iş adamı Mübariz Mənsimov sosial medya hesabından yazıb.
Onun sözlərinə görə, dil sürüşməsindən qaynaqlanan bir məsələyə aydınlıq gətirməyi özünə borc bilib: “Yanlış anlaşılmanı aradan qaldırmaq məqsədilə bu mövzuda fikirlərimi bir daha ictimaiyyətlə bölüşməyi uyğun görürəm.
Mən Əbülfəz Elçibəyin şəxsiyyətinə və əziz xatirəsinə hər zaman böyük hörmət hissi duymuşam. Elçibəyin təvazökarlığı, səmimiliyi, vətənsəvərliyi, humanistliyi bütün Türk dünyasına yaxşı məlumdur. Elçibəy, dövlətinin və xalqının maraqları naminə tutduğu ali vəzifədən fədakarlıq etməyi bacaran Vətən sevdalısıydı. Şəxsiyyətinə böyük rəğbət bəslədiyim mərhum Azərbaycan Prezidenti Heydər Əliyevlə Elçibəyin siyasi təcrübəsini müqayisə edərkən nitqimdə yaranan dil sürüşməsi Elçibəyi sevənlərdə üzüntü yaratmış, bəd niyyətli insanlar isə bunu öz çirkin məqsədləri üçün istifadə etmişdir.
Mən Elçibəyə hörmət və ehtiramımı əvvəllər də dönə-dönə ifadə etmişəm. Elçibəyin Azərbaycan tarixində rolu və xidmətləri danılmazdır. Dil sürüşməsindən qaynaqlanan ifadəyə görə üzrxahlıq etməklə bərabər, bunu bəd niyyətlə istifadə edənlərə “yazıqlar olsun” deyirəm.
Mən Azərbaycan dövlətinə və onun qanunlarına daim sadiq olmuşam, son nəfəsimə qədər də sadiq qalacam. Mən dövlətçiliyə qarşı deyiləm, haqsızlığa qarşıyam. Azərbaycanın inkişafı naminə həmrəy olmağımızın və bir-birimizə qarşı ədalətli olmağımızın önəmli olduğuna inanıram. Xoş niyyət və səmimiyyətlə verdiyim açıqlamalarda ayrı məna axtarmağın əbəs olduğunu düşünür, bu məkirli çabaların Azərbaycan dövlətinə və xalqına olan sevgimdə, sədaqətimdə zərrə qədər dəyişiklik yaratmayacağını bildirirəm”, deyə qeyd edən Mübariz Mənsimov, Əbülfəz Elçibəyin rəsmini Mustafa Atatürkün rəsmi fonunda paylaşaraq, Əbülfəz Elçibəyə olan sayqı və hörmətini belə izah edib.
Siyasi Yazar Ülkər Fərmanqızı / Voicepress.az / TURKISHFORUM – ABDULLAH TÜRER YENER