İranın təhsil naziri Yusif Nuri müəllimləri təhdid edib. O, növbəti etiraza qalxacaqları halda işdən çıxarılacaqlarını bildirib.
“Müəllimlər öz tələblərini qanuni yollarla həyata keçirməlidirlər”-deyə, nazir bildirib. O, daha sonra iddia edib ki, guya müəllimlərin keçirdiyi etiraz aksiyaları qanunsuzdur və onlar növbəti belə aksiyada iştirak etsələr, işdən azad ediləcəklər.
Xatırladaq ki, indiyədək ölkədə çox sayda müəllim Təhsil İdarəsinin İnzibati Xətalar Şurasının əmri ilə işdən qovulub.
Bundan öncə iranlı müəllimlər maaşların artırılması, bərabər hüquqlarının olması, müəllimlərin təsnifatlandırılması və qanununun tam icrası kimi bir sıra tələblərlə etiraz mitinqləri keçiriblər.
Narazı müəllimlərin bu aksiyaları təəssüflər olsun ki, həmişəki kimi hakimiyyətin repressiv qüvvələri tərəfindən amansızlıqla yatırılıb və onlardan bəziləri həbs edilib.
İran Müəllimlər Birliyinin verdiyi məlumata görə, mayın 1-də keçirilən aksiyalar zamanı 70-ə yaxın müəllim saxlanılıb.
Məlumatda mayın 6-a kimi saxlanılan 11 müəllim barəsində heç bir məlumat alına bilmədiyi və hüquq-mühafizə orqanlarının onların harada saxlanıldığını gizlətdikləri bildirilir.
Bir yanıt yazın