Sülh gündəliyini İlham Əliyev müəyyənləşdirir
Brüssel görüşü bir daha göstərdi ki, proseslər Azərbaycanın maraqlarına uyğun gedir
Qətiyyətli siyasəti ilə torpaqlarımızı işğaldan azad edən Prezident İlham Əliyev müdrik diplomatiyası ilə Azərbaycanın postmüharibə dövründə də zəfərlərini təmin edir. Aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli formatda növbəti görüş bunun təsdiqi oldu. İlham Əliyev əvvəlki Brüssel, habelə Moskva və Soçi görüşlərində olduğu kimi, bu dəfə də məğrur duruşu və görkəmi ilə diqqəti cəlb etdi.
Azərbaycan mənafelərini qətiyyətlə təmin edir
Qeyd edək ki, bu, 44 günlük müharibədən sonra Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında keçirilən altıncı görüş idi. Əvvəlki görüşlərin hər birinin məzmunu Azərbaycanın müharibədəki zəfərindən sonra yaratdığı yeni reallıqların mahiyyətinə uyğun olmuşdur. Münasibətlərin normallaşdırılması, regionda kommunikasiyaların bərpası istiqamətində respublikamızın təşəbbüs və təklifləri həm Avropa İttifaqı, həm də Rusiya tərəfindən dəstəklənmişdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə Brüsseldə keçirilən növbəti görüş də proseslərin Azərbaycanın maraqları çərçivəsində cərəyan etməsi baxımından növbəti uğurlu mərhələ oldu.
Görüşdə postmünaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr Bəyanatının müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Avropa İttifaqının bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi qeyd olunub.
4 saat yarımdan artıq davam edən görüşün nəticəsi Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib. Bəyanatda qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar verilib. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlanması barədə razılıq əldə olunub.
Bütövlükdə bu görüşün nəticələri göstərdi ki, Brüsseldə formalaşmış sülh gündəliyinin məzmununu İlham Əliyev müəyyən edir.
Əldə olunmuş yeni razılaşmalar Azərbaycanın postmüharibə dövründə öz mənafelərini inamla təmin etməsindən xəbər verir.
AZERBAYJANNEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Bir yanıt yazın