Dünyanın qəbul etdiyi reallıq
Beynəlxalq ictimaiyyət Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini ehtiramla qarşılayır
44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Ermənistanın işğal siyasətinə son qoydu. Bu qələbə ilə dövlətimiz öz torpaqlarında suveren hüquqlarını təmin etdi, vasitəçilərin həll etmək istəmədikləri problemi yoluna qoydu. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri gedir.
Azərbaycanın siyasi-diplomatik uğuru
İndi bütün dünya xalqımızın öz torpaqlarını bərpa etmək əzminə şahidlik edir. Vətən müharibəsindən sonra özünü dərhal göstərən başqa bir məqam ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət 44 günlük müharibədən sonra yaranan reallıqları qəbul edir. Ən mühümü isə odur ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə beynəlxalq ictimaiyyət ehtiramla yanaşır.
Vətən müharibəsindən sonra da Azərbaycan diplomatik istiqamətdə fəal iş apardı. Xarici diplomatik korpusun nümayəndələrinin, respublikamıza gələn əcnəbi qonaqların işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olundu. Bunun sayəsində dünya erməni vəhşiliyinə, Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə şahidlik etdi. Bütün bunlar dövlətimizin haqlı mövqeyini bir daha dünyaya çatdırdı, yeni reallıqların beynəlxalq ictimaiyyətə dolğun çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.
Bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bu məsələyə də toxundu və BMT xətti ilə Şuşada beynəlxalq tədbirin keçirilməsinin əlamətdar hadisə olduğunu bildirdi: “Biz ilk növbədə beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. İlk növbədə, BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir – Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu çox əlamətdar hadisə idi. Bu bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur”.
ATƏT də Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir. Bunu bu yaxınlarda Bakıya səfər edən ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun Prezident İlham Əliyevlə görüşü də təsdiq edir. Həmin görüşdə Zbiqnev Rau Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağına ümidvar olduğunu bildirərək qeyd etmişdi ki, nizamlanmaya aparan indiki mərhələ çox nikbin görünür.
Aparıcı beynəxalq təşkilatların Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmələri dövlətimizin mühüm siyasi-diplomatik uğurudur.
Ermənistanın təəssübünü çəkənlərin başqa yolu yoxdur
Hazırda Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesində əsas vasitəçiliyi öz üzərinə götürmüş Avropa İttifaqının mövqeyi də göstərir ki, bu aparıcı qurum da 44 günlük müharibədən sonra yaranmış yeni reallıqları tam qəbul edir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel indiyədək dəfələrlə bunu aydın şəkildə ifadə edib. Şarl Mişel görüşlərdə, bəyanatlarında heç vaxt “Dağlıq Qarabağ” və “status” ifadələrini işlətməyib və hər zaman obyektiv mövqe ortaya qoyub.
Qonşu dövlətlər də Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edirlər. Məsələn, İran Prezidenti Seyid İbrahim Rəisi aprelin 1-də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda İran şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən layihələr çərçivəsində Azərbaycan şirkətləri ilə real və səmərəli əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etdi.
Bu günlərdə isə Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və bloqçulardan ibarət nümayəndə heyəti erməni işğalından azad edilən Cəbrayıl və Füzuli rayonlarına, Şuşa şəhərinə səfər etmişdir. Cəbrayıl və Füzulidə erməni barbarlığının izlərini yaxından görən qonaqlar həmçinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri ilə tanış olmuşdular.
Bütün bunlar həm də Azərbaycanın qələbəsinin region və qonşu dövlətlər tərəfindən qəbul olunduğunu təcəssüm etdirən məqamlardır.
ATƏT-in Minsk qrupunun artıq heç kimi maraqlandırmaması da göstərir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın yaratdığı yeni reallıqları bölüşür. Vaşinqton və Paris ATƏT-in Minsk qrupu həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva ilə bütün əlaqələri dayandırıblar. Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi də Kremlin Minsk qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Bundan əvvəl isə 10 noyabr üçtərəfli Bəyanatı, eləcə də 2021-ci il ərzində keçirilən üçtərəfli Moskva və Soçi danışıqları ilə Rusiya tərəfi göstərmişdi ki, İkinci Qarabağ müharibəsinin nəticələrini tam qəbul edir. Bu yaxınlarda İrəvana səfər etmiş ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeylin regiona tamam başqa statusla gəlməsi də artıq Minsk qrupunun keçmişdə qaldığını göstərir.
Müharibənin başa çatmasından sonra Azərbaycanın haqlı qələbəsinə qarşı çıxanlar da oldu. Lakin artıq Ermənistanın təəssübünü çəkənlər belə ölkəmizin yaratdığı reallıqlarla barışırlar, çünki başqa yolları da yoxdur.
Rəşad CƏFƏRLİ,”Azərbaycan” / TURKISHFORUM – ABDULLAH TÜRER YENER