Təbriz-Bostanabad-Miyanə dəmir yolu İranın şimal-qərbindəki ən mühüm dəmir yolu dəhlizi və Şərqi Azərbaycanın super layihəsi kimi 22 ildir yarımçıq qalıb.
Açılışının fevralın birinci yarısına planlaşdırılmasına baxmayaraq hökumət pul ayrımadığı üçün işlər dayandırılıb.
Şərqi Azərbaycan əyalətinin Yollar və Şəhərsalma İdarəsinin başçısı Əbülqasım Sultani layihənin çox hissəsinin işləndiyini, ancaq vəsait çatışmazlığı ucbatından qalan işlərin təxirə salındığını söyləyib.
O, son vaxtlar podratçı şirktlərə 500 milyard tümən borclarının yığılıb qaldığını deyib və ayrılan büdcənin bu borcların yalnız bir hissəsinin ödənilməsinə kifayət etdiyini qeyd edib.
Bundan bir müddət öncə Şərqi Azərbaycan valisi Zeynəlabdin Rəzəvi Xurrəm (Abdin Xurrəm) məsələ ilə bağlı mediaya açıqlama vermişdi.
Vali Yol və Şəhərsalma nazirinin müavini ilə görüşündə əyalətin dəmir yolu layihələrinin yarımçıq qaldığını deyib. O, Təbriz-Miyana dəmir yolu layihəsinin Təbriz-Ocan hissəsinin 18 il bundan öncə başlandığını və bu günə kimi tamamlanmadığını bildirib.
Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı Qulaməli Rastinin dediyinə görə, hal-hazırda əyalətdə 1500-dən çox yarımçıq layihə mövcuddur.
Qeyd edək ki, bundan öncə dekabrın 30-da əyalət valisi İranın meqa layihələri Şərqi Azərbaycandan olan sərmayədarların vəsaiti hesabına həyata keçirildiyini demişdi.
“Ölkənin ən böyük layihələri bizim əyalətin investorları hesabına reallaşdığı bir halda biz özümüz əyalətdə sərmayə qoymağa adam axtarırıq”-deyə, Şərqi Azərbaycanın valisi mövcud şəraiti tənqid etmişdi.
Bir yanıt yazın