Site icon Turkish Forum

Cəlilabadlılar deyirlər: “Biz İlham Əliyevə Ulu Öndər Heydər Əliyev qədər inanırıq

Cəlilabadlılar deyirlər: "Biz İlham Əliyevə Ulu Öndər Heydər Əliyev qədər inanırıq - haydar aliyev

Cəlilabadlılar deyirlər: “Biz İlham Əliyevə Ulu Öndər Heydər Əliyev qədər inanırıq

İnam. O elə bir hissdir ki, illərin sınağından keçərək yaranır, ürəklərdə məskən salır. 1970-ci ilədək Azərbaycan tərkibində olduğu ittifaqın geridə qalan respublikaları sırasında idi. O zaman yalnız neftinə görə Bakını, nəğmələrinə görə Rəşid Behbudovu tanıyırdılar.

Bu cümlələri yazarkən tarixdə şəxsiyyətin rolu ifadəsi yadıma düşür. Tarixmi şəxsiyyətləri, yoxsa şəxsiyyətlərmi tarixi yaradır? 1969-cu ildən sonra respublikamızdakı mühit, yeni canlanma, dirçəliş gözlərimin önündən gəlib keçir. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra gərgin əməyi, polad iradəsi, böyük siyasəti ilə Azərbaycanı süstlük, laqeydlik, gerilik bataqlığından çıxardı. Hər sahədə uğurlar əldə olundu, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artdı. Şəhər və kəndlərimiz abadlaşdı, insanların həyat şəraiti xeyli yaxşılaşdı. Azərbaycan keçmiş SSRİ-də ən öncül sıralara çıxdı. Buna görə yüksək nəticələr əldə edən əmək adamları Sosialist Əməyi Qəhrəmanı kimi fəxri ada layiq görüldülər, orden-medallarla təltif edildilər, mükafatlar aldılar, yuxarı orqanlara seçildilər. Təkcə əmək adamları deyil, onlarca yazıçı və şairlər, rəssam və bəstəkarlar, sənət adamları və ziyalılar da mükafatlandırıldılar.

Xalqımızın böyük oğlu SSRİ kimi super gücə malik olan, dünyanın nizamını düzənləyən bir ölkənin rəhbərliyinə – Moskvaya çağırıldı. Sov. İKP Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi ona tapşırılan ən ağır sahələrin idarə olunması üçün bütün qüvvə və bacarığını əsirgəmədi. Amma ermənilərin hiyləgərlik toruna düşən M.Qorbaçov bu böyük şəxsiyyəti vəzifədən uzaqlaşdırmaq üçün ən çirkin əməllərə əl atdı. Bədnam qonşularımızın başbilənləri qarşılarındakı maneənin aradan götürüldüyünü görüb Azərbaycana qarşı əsrlərlə içlərində yaşatdıqları nifrətin tonqalını yandırdılar, keçmiş Dağlıq Qarabağı Ermənistana birləşdirmək arzusunu reallaşdırmağa başladılar. Havadarlarının köməyi ilə 1990-cı illərin ilk illərində rayonlarımızı bir-bir işğal etdilər.

Bunun bir səbəbi də respublikamızın daxilindəki çəkişmə, vəzifə, hakimiyyət üstündə gedən dava və bunun nəticəsində yaranan xaos, özbaşınalıq, hərc-mərclik və s. idi. Vəziyyəti belə görən xalq çıxış yolunu Vətəni Azərbaycanı canından artıq sevən Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördü. “Haqq incələr, ancaq üzülməz”, – deyiblər. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın vətəndaş müharibəsinin astanasında olduğunu görən xalq təkidlə Heydər Əliyevi Naxçıvandan Bakıya çağırdı.

Ölkədə isə vəziyyət yaxşı deyildi. Gəncədə, Lənkəranda baş qaldıran ayrı-ayrı qruplar, separatçı qüvvələr Azərbaycanı parçalanmaq təhlükəsi qarşısında qoymuşdular. Həyatını təhlükəyə atan Ulu Öndər bütün qarşıdurmaları aradan qaldırdı, siyasi iradəsi, təcrübəsi və səriştəsi ilə vəziyyəti sabitləşdirdi, ölkəni məhv olmaq, dünya xəritəsindən silinmək bəlasından xilas etdi. Adını müxalifət qoymuş düşmən dəyirmanına su tökən radikal qüvvələr tədricən zərərsizləşdirildi, cəbhədə ermənilərlə atəşkəs əldə olundu, ölkədə sabitlik yarandı. Bu tədbirlər iqtisadiyyatı dağılmış, bərbad hala düşmüş Azərbaycana hava və su kimi lazım idi. Yaranan sabitlik inkişafa şərait yaratdı. Neft müqavilələri imzalandı, islahatlar həyata keçirildi. Deyilənlər o zaman görülən böyük işlərin ən yığcam xronikasıdır. Heydər Əliyevin xalq, millət, dövlət üçün gördüyü işlər ölçüyəgəlməzdir. O, bugünkü Azərbaycan Respublikasının banisidir desək, səhv etmərik. İllər keçdikcə bu böyük şəxsiyyətin xalqımız, dövlətimiz üçün gördüyü nəhəng işlərin yeni-yeni tərəfləri açılır. Zaman onu bizdən uzaqlaşdırdıqca, o, bizə daha da yaxın görünür.

Yazının sərlövhəsində cəlilabadlıların Ulu Öndərə böyük inam bəslədiklərini qeyd etməyimiz səbəbsiz deyil. Heydər Əliyev hələ keçən əsrin ortalarında rəhbər vəzifələrdə işləyərkən sərhəd rayonu Cəlilabada tez-tez gəlib-gedirdi. Hətta rayonda yaxından tanıdığı adamlar da olub. Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə Cəlilabadın sosial-iqtisadi inkişafı üçün mühüm qərarlar qəbul etmişdir. Nəticədə rayonda taxılçılıqla yanaşı, kənd təsərrüfatının digər sahələri, o cümlədən üzümçülük sürətlə inkişaf etmişdir. Yaradılan şərab zavodları yeni iş yerlərinin açılmasına, adamların gəlirlərinin artmasına səbəb olmuşdur. Nəticədə Cəlilabad şəhəri, qəsəbə və kəndlər abadlaşaraq simasını dəyişmişdir. Qışda palçıq, yayda toz-torpaqlı olan küçələr asfaltlaşdırılmış, yeni sosial əhəmiyyətli binalar, obyektlər, yaşayış evləri tikilmiş, əhalinin həyat şəraiti, gün-güzəranı yaxşılaşmışdır.

Müstəqilliyimizin ilk illərində respublikaya rəhbərliyinin ikinci dövründə də Ulu Öndər rayonu həmişə diqqət mərkəzində saxlamış, mövcud çətinliklərin aradan qaldırılması üçün tədbirlər görmüşdür. Qədirbilən Cəlilabad camaatı bunları heç vaxt unutmur. Yaşlı nəslin nümayəndələri o illəri ən əziz xatirələrtək ürəklərində saxlayır, xeyirdə-şərdə yeri gəldikcə bu barədə söz açırlar.

Baxış Mustafayev, Cəlilabad rayonunun Alar kənd sakini, əmək veteranı: “Ağıllı, müdrik adamlar həyatın, ömrün əbədi olmadığını yaxşı bilərək xalqa, dövlətə nümunəvi xidmət etməklə bərabər, özlərinin varislərini yetişdirmək haqda da düşünürlər. Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Cəlilabada səfərləri zamanı İlham Əliyevi də özü ilə gətirərdi. Taxıl, üzüm sahələrində sadə əmək adamları ilə etdiyi söhbətləri, şux zarafatları hamı kimi gənc İlham da maraqla dinləyirdi. “Ot kökü üstündə bitər” deyiblər. Zaman keçdi, İlham Əliyev 2003-cü ilin oktyabr ayında Prezident seçildi. Etiraf edək ki, o vaxt ölkəmiz iqtisadi cəhətdən indiki kimi qüdrətli deyildi. Həmin ilin sonlarından neftdən gələn gəlirlər ölkə büdcəsinə daxil olmağa başladı. Növbəti ilin, yəni 2004-cü il fevral ayının 11-də regionların sosial-iqtisadi inkişafı ilk dövlət proqramı qəbul edildi. Proqram çərçivəsində Cəlilabadda da başqa rayonlarımızda olduğu kimi tikinti-quruculuq, abadlıq işlərinə başlanıldı. Yeni məktəblər, xəstəxanalar, sosial əhəmiyyətli obyektlər tikildi, müasir müəssisələr yaradıldı, sıradan çıxmış üzüm bağları bərpa edildi, yollar salındı. Sadaladığımız bu işlər sonra qəbul olunan dövlət proqramları çərçivəsində daha geniş və davamlı şəkildə davam etdi. Cəlilabad şəhəri, qəsəbə və kəndlər simasını dəyişdi. Torpaq mülkiyyətçiləri, fermerlər dövlətin onlar üçün yaratdığı imkanlardan yararlanaraq yaxşı qazanc əldə etdilər ki, bu da onların gün-güzəranlarının yaxşılaşmasına səbəb oldu.

Lakin uzun zamandan bəri adamların ürəyində bir nisgil, bir həsrət vardı. O da Qarabağ dərdi idi. İnsanların ümidi get-gedə tükənirdi. Sən demə, Prezident, Ali Baş Komandan İlham Əliyev Qarabağ probleminin həlli yolunu zərgər dəqiqliyi ilə ölçüb-biçirmiş. 27 sentyabr 2020-ci il tarixdə başlayan müharibədə iqtidar, ordu, xalq birliyi özünü aydın göstərdi. Hamı dövlət başçısının ətrafında “dəmir yumruq” kimi birləşdi. 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız 44 günlük döyüşlə azad edildi. Bu, Azərbaycan tarixində indiyədək görünməmiş bir hadisə idi.

İllər, qərinələr, əsrlər keçəcək, bu cahanşümul qələbə nəsillər üçün örnək olacaq. Bəli, İlham Əliyevin rəhbərliyi altında şanlı bir qələbə qazanıldı. Özü də təkcə döyüş meydanında yox. Prezident siyasət, kütləvi informasiya cəbhəsində də sözünü dedi. Dövlət başçısının həmin günlər bəzi xarci ölkələrin başçılarına, öyrədilib üstümüzə göndərilən KİV nümayəndələrinə verdiyi tutarlı, məntiqli cavablarını eşidəndə adamın ürəyi dağa dönürdü”.

Fazil Əsədov, əmək veteranı, təcrübəli üzümçü: “İlham Əliyev 2003-cü ilin payızında böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilib fəaliyyətə başladığı ilk gündən Ümummilli Lider Heydər Əliyevin siyasətini davam etdirir. Ölkəmizin hərtərəfli inkişafı üçün ardıcıllıqla və düşünülmüş, planlı və hesablanmış, elmi cəhətdən əsaslandırılmış tədbirlər həyata keçirir. Onlardan biri də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarıdır. Bu proqramlarla sakini olduğum Cəlilabad rayonu da sürətlə inkişaf etmişdir. İlham Əliyev rayonumuzda dəfələrlə olmuş, neçə-neçə məktəbin, xəstəxananın, digər mühüm əhəmiyyətli obyeklərin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Bunlar hamısı göz qabağındadır. Mən 30 ilə yaxın düşmən əsarətində qalan Qarabağın azad edilməsi üçün Prezident, Ali Baş Komandan kimi İlham Əliyevin sərkərdəlik qabiliyyətindən, bacarığından danışmaq istəyirəm. Xalqın dilindən düşməyən bir bayatı var:

Əzizim Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə igid olsa,

Heç getməz ordu bada.

İlham Əliyev bacarıqlı bir sərkərdə kimi xalqın, ölkənin, dövlətin tarixində elə bir iz qoydu ki, heç vaxt unudulmayacaq. Bu şanlı qələbədə dövlətə, dövlətçiliyə həmişə sadiq olan cəlil-abadlı gənclərin də müəyyən payı var. Yaxşı yadımdadır, 27 sentyabr 2020-ci ildə müharibə başlayarkən gənclər axın-axın səfərbərlik və çağırış şöbəsinə gəlib, torpaqlarımızın azad olunması üçün cəbhəyə getmək istədiklərini bildirirdilər. Vətən müharibəsində rayonumuzdan 2 min nəfərə yaxın gənc iştirak etmişdir. Onlardan 98 nəfəri şəhidlik zirvəsinə yüksəlmiş, 56 nəfər əlil olmuşdur. Bəli, müharibə qansız ötüşmür. Nahaq deyilmir ki, “Torpaq uğrunda ölən varsa, Vətəndir”. Vətən müharibəsi ən ağır zamanda xalqımızın bir olduğunu, bir nöqtəyə vurduğunu, öz liderinin ətrafında bir yumruq kimi birləşdiyini göstərdi. Hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşərək Vətənin müdafiəsinə qalxdı. Atalar, analar Vətən yolunda şəhid olan oğulları üçün heyifsilənmədilər, əksinə, qürur hissi keçirdilər. Şəhidlərdən birinin dəfni zamanı ananın Azərbaycan bayrağına bükülmüş oğlunun cənazəsi önündə gedərək dediyi “Oğul, südümü sənə halal edirəm, cavan canını Vətən yolunda qurban verdin, məzarın behişt osun” sözləri indi də qulaqlarımda səslənir. Ananın bu sözü haçansa Çanaqqala döyüşü haqqında oxuduğum bir hekayəni xatırlatdı. Çanaqqala döyüşündə iştirak edən cavan bir türk mehmetciyi anasına məktubunda yazır ki, ana, mən bura gələndə sən mənim başıma xına qoymuşdun. Kiçik qardaşım gələndə onun başına xına yaxma. Burada bu işə yaxşı baxmırlar. Ana cavab məktubu yazaraq bildirir ki, oğul, mən sizi Vətənə qurban demişəm, qurbanlığın isə başına xına yaxarlar. Deməyim odur ki, Vətən müharibəsində şəhid ataları, anaları, bacıları, qardaşları, şəhidlərin ömür-gün yoldaşları – bütövlükdə xalqımız sarsılmadı, əksinə, bunun üçün fəxr hissi keçirdi. Müharibədən sonra yüzlərlə gənc Vətənə xidmət etmək üçün ordu sıralarına getdi. Bunları deməkdə məqsədim odur ki, xalq bir olanda istədiyinə çatır. Əbəs yerə deməyiblər: “El bir olsa, dağ oynadar yerindən, güc bir olsa, zərbi kərən sındırar”.

Təkcə Baxış Mustafayev və Fazil Əsədov deyil, bu gün Cəlilabadda kimi dindirsən: “Biz İlham Əliyevə Ulu Öndər Heydər Əliyev qədər inanırıq”, – sözlərini deyər. Bu sözlər isə öz-özünə deyil, sınaqlardan, imtahanlardan keçərək yaranıb. Prezidentimizin rəhbərliyi altında Azərbaycanın daha xoşbəxt günlərə qovuşacağına xalqımızın inamı daha da artıb. İnam olan yerdə isə zəfər də, xoş gün-güzəran da olur.

Seyran CAVADOV, /TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Exit mobile version