Müzəffər Komandanın quruculuq missiyası

Müzəffər Komandanın quruculuq missiyası

Müzəffər Komandanın quruculuq missiyası

Qarabağ və Şərqi Zəngəzurda yeni iqtisadiyyat bərqərar olacaq

2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində xalqımız növbəti dəfə İlham Əliyevə yüksək etimad göstərərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirən cənab Prezident haqlı olaraq qeyd edirdi ki, “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm.

Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq… Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəli!”.

Doğrudan da, cənab Prezidentin dediyi kimi, ötən 4 ildə də Azərbaycan onun rəhbərliyi ilə böyük qələbələr və inkişaf yolu keçdi, Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi böyük qələbə ilə başa çatdı, torpaqlarımız düşmən işğalından azad olundu. Bu gün isə Qarabağda böyük sürətlə bərpa və yenidənqurma işləri aparılır, ən yüksək standartlar səviyyəsində regionun gələcəyi qurulur. Yaxın gələcəkdə biz Qarabağı cənnətə çevirəcəyik və bu torpaqlarda əbədi yaşayacağıq.

İşğal nəticəsində məhv edilmiş yerli iqtisadiyyat

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzünə məruz qalmış, torpaqlarımızın 20 faizi işğal edilmiş, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma yurdlarından didərgin düşmüşdür. İşğal nəticəsində Qarabağda bütün kənd və şəhərlər tamamən dağıdılmış və ərazinin ekosisteminə çox ciddi ziyan vurulmuşdur. 30 illik erməni işğalı nəticəsində dağıntıların miqdarı böyük rəqəmlərlə ifadə olunmuşdur. İşğal nəticəsində dəyən ziyan təxminən 300 milyard ABŞ dollarından çox qiymətləndirilmişdir.

Postkonflikt ərazilərdə işğaldan öncə təxminən 617 min əhali, 159 min ailə yaşayıb, onlardan 76 faizi kənd, 24 faizi isə şəhər yerlərində məskunlaşmışdı. 900-dən çox yaşayış məntəqəsində təxminən 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü, 5.2 min km avtomobil yolu, 286 km dəmir yolu xətti, 7.6 min km su xətti, 2 min km qaz kəməri xətti, 76.9 min km elektrik xətti, 2.5 min ədəd transformatorlar və digər infrastruktur obyektləri tamamilə dağıdılmış, talan edilmişdir. Bütün bunlarla yanaşı, respublikamızın kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi potensialına da çox ciddi ziyan vurulmuşdur. Təqribən 1,3 milyon hektar kənd təsərrüfatı üçün yararlı torpaq, 34.6 min hektar meyvə və üzüm bağları, 220 min baş mal-qara, 280 min hektar meşələr, 1200 km irriqasiya sistemləri işğal nəticəsində tamamilə məhv edilmişdir.

İşğaladək bu ərazilərdə fəaliyyət göstərən sənaye sahələri ölkə iqtisadiyyatında mühüm rola malik olub. Qarabağda, əsasən, yeyinti, yüngül, tikinti materialları kimi sənaye sahələri güclü inkişaf etmişdir. İşğaladək bu ərazilərin sənaye sahələri yerli əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət daşıyırdı. Həmin ərazilərdə İstisu və Turşsu mineral suyunun qablaşdırılması müəssisələri, mərmər, mişar daşı zavodları, şərab zavodları, toxuculuq və ayaqqabı fabrikləri, Qarabağ İpək Kombinatı və digər müəssisələr fəaliyyət göstərirdi.

Kənd təsərrüfatına gəldikdə, bu ərazilərdə, əsasən, taxılçılıq, yem istehsalı, tütünçülük, üzümçülük, pambıqçılıq, kartofçuluq, bağçılıq və bostançılıq, heyvandarlıqda ətlik, südlük mal-qara, habelə qoyunçuluq üstünlük təşkil edirdi. Bütövlükdə isə işğaldan əvvəl bu bölgələrdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının təqribən 15-20 faiz, o cümlədən ət, süd və taxılın 14 faizi, baramanın 17 faizi, üzümün 26 faizi, yunun 19 faizdən çoxu istehsal edilirdi.

Bərpa və quruculuq işlərinə hazırlıq

Azərbaycan hökuməti torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərinə başlamışdır. Faktiki olaraq postkonflikt ərazilərin bərpası və yenidən qurulması dövlətin strateji hədəfinə çevrilmişdir. Heç təsadüfi deyil ki, “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” Azərbaycan hökumətinin 2021-2030-cu illər üzrə müəyyən etdiyi beş milli prioritedən biri olaraq qəbul edilmişdir. Eyni zamanda bərpa və yenidənqurmanın instutisional əsasları hazırlanmışdır:

– “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı” hazırlanmış;

– Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə Əlaqələndirmə Qərargahı, onun nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz və mərkəzin nəzdində 17 işçi qrupu yaradılmış;

– 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli 2292 nömrəli sərəncamına əsasən, dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət Dövlət Komissiyası formalaşdırılmış;

– Azərbaycan Respublikası Prezidenti “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” 18.03.2021-ci il tarixli 1304 nömrəli fərman imzalamış;

– Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi yaradılmış;

– Azərbaycan Respublikası Prezidenti “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 10.12.2021-ci il tarixli sərəncam imzalamış;

– Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 10.12.2021-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul etmiş;

– Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 04.10.2021-ci il tarixli fərmanı imzalanmış;

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 dekabr tarixli 753 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin 2022-ci ildə minalardan və partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi Planı” təsdiq olunmuş;

– Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji mənbələrinin potensialının qiymətləndirməsi (beynəlxalq) aparılmış;

– Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl enerji” zonası üçün konseptual proqnoz və bu əsasda xüsusi proqram hazırlamış;

– 2021-ci və 2022-ci illərin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq layihələrinin maliyyələşdirilməsinə 2,2 milyard manat vəsait ayrılmışdır.

Qələbədən sonra görülən işlər

Qələbədən dərhal sonra ilk olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyinin bir neçə xüsusi batalyonu və Fövqəladə Hallar Nazirliyinin Bərdə şəhərindəki Xüsusi riskli Minalardan Təmizləmə Alayı tərəfindən icra olunmaqla Qarabağda işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılmışdır. Bu günə qədər təxminən Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Xocavənd rayonlarında on min hektarlarla sahə təmizlənib istifadəyə verilmişdir.

Füzuli Beynəlxalq Hava Limanı inşa olunmuş, Zəngilan və Laçın Hava limanlarının inşası ilə bağlı işlər isə davam etdirilməkdədir. Hazırda Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd dəmir yolu xətlərinin (110,4 km) tikintisi gedir. Eyni intensivliklə digər 11 istiqamət üzrə avtomobil yollarının da tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su-Elektrik stansiyaları təmir edilərək istismara verilib. Qarabağ və Şərqi Zəngəzurda 9 rəqəmsal yarımstansiya, o cümlədən Ağdam və Cəbrayıl rayonlarında “Ağdam-1”, “Ağdam-2” və “Cəbrayıl” yarımstansiyalarının, həmçinin “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi başa çatdırılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Daşaltı Turizm İnkişaf Konsepsiyası əsasında Daşaltı Memarlıq Planının, Tuğ Turizm İnkişaf Konsepsiyası əsasında isə Tuğ Memarlıq Planının icrasına başlanılıb. Kəlbəcərdəki Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib.

Ağdam rayonunda 190 hektar sahədə yaradılmış Ağdam Sənaye Parkının tərkibində prioritet hesab edilən 74 hektar sahənin qısa müddət ərzində mina və partlamamış hərbi sursatlardan tam təmizlənməsi Qarabağda iqtisadiyyat quruculuğu sahəsində dövlətin yüksək əzmindən xəbər verir. Qısa müddət ərzində görülən işlər bura sahibkarların marağının artmasına səbəb olub. Artıq bir sıra şirkətlər tərəfindən özlərinin təqdim etdikləri layihələrin icrasına başlanıb.

Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli 1453 nömrəli fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində gələcəkdə buraya investisiyaların cəlb olunması üçün böyük imkanlar yaradacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı üçün ayrılmış 200 hektar ərazidə mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri tamamlanmış və parkın konseptual planı hazırlanmışdır.

İşğaldan azad olunmuş ərazilərə ilk məskunlaşma Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası çərçivəsində icra edilən və artıq yekunlaşdırılan “Ağalı ağıllı kəndi”ndə baş tutacaq. Zəngilan torpaqlarının daha çox minalardan təmizlənməsi bu rayonda “ağıllı kənd”in tikintisi və “Dost aqropark”ın salınması ilə bağlıdır. Aqroparkda birinci mərhələdə 4 min baş cins qaramal yetişdiriləcək, 6 min hektar sahədə əkin aparılacaq. İkinci mərhələdə isə 10 min baş cins heyvan yetişdiriləcək, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq, ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı inşa ediləcək. Həmin sahələr hesabına Qarabağda taxılçılıq, pambıqçılıq və tütünçülük sahələrinin üstün inkişafı hədəflənir.

Enerji sahəsində həyata keçirilən digər vacib layihə Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin yaradılmasıdır. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə avtomatlaşdırma hesabına insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığı artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri məhdudlaşdırmağa imkan verir.

İşğaldan azad edilmiş ərazilərdə daşınmaz əmlak və infrastruktur obyektlərinin ilkin inventarlaşdırılmasının aparılması, məlumatların toplanması və idarə edilməsi məqsədilə istifadəyə verilmiş Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə 31 dövlət qurumu və təşkilatından 30 dövlət qurumunun qoşulması, 30 qurum və təşkilata sistemdə işləməklə bağlı təlimlərin keçirilməsi, 23 qurum tərəfindən məlumatların sistemə daxil edilməsi, digər aidiyyəti dövlət qurumları və təşkilatlarının da sistemə qoşulması istiqamətində işlərin davam etdirilməsi rəqəmsallaşma sahəsində yeni imkanlar yaradır. Əvvəllər işğal olunmuş rayonların əhalisinə aid 700 minə yaxın vətəndaşlıq vəziyyəti akt qeydi bərpa olunub.

Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə turizm potensialının öyrənilməsi ilə əlaqədar icra olunan layihə çərçivəsində Tərtər rayonunun Suqovuşan qəsəbəsinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin, Ağbulaq, Edilli, Tuğ, Azıx kəndlərinin, Zəngilan rayonunun Oxçuçay və Bəsitçay vadilərinin, Şuşa şəhəri və Daşaltı kəndinin turizm potensialının qiymətləndirilməsi üçün ilkin zəruri işlər aparılmışdır. Bölgədə eyni zamanda tarixi-dini abidələrin bərpası sahəsində müvafiq tədbirlər görülməkdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 45 min şəxsi əhatə edən sosial müdafiə tədbirləri həyata keçirilmişdir. 86-sı mülki şəhid olmaqla, 3021 şəhidin 7942 ailə üzvünə 15843 sosial ödənişlər (pensiya, müavinət, təqaüd), 2601 müharibə əlilinə 5202 sosial ödənişlər təyin edilmişdir. Eyni zamanda müharibə əlillərinin reabilitasiya vasitələri ilə təmin olunması həyata keçirilmişdir. Müxtəlif şirkətlər tərəfindən təqdim olunan iş yerlərində 1315 qazi və 305 şəhid ailəsi üzvü olmaqla, ümumilikdə 1620 nəfər şəxs işlə təmin edilmişdir.

Potensial imkanlar

İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyat quruculuğunun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilir. Qeyd edək ki, yeni iqtisadiyyat quruculuğunun təmin edilməsi və ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə reinteqasiyası üçün həmin ərazilərdə kifayət qədər potensial imkanlar mövcuddur.

Ümumi ərazi 1,213 milyon ha torpaq sahəsidir, o cümlədən kənd təsərrüfatına yararlı cəmi torpaq sahəsi 591,776 ha, əkin sahəsi 231,056 ha, örüş-otlaq və biçənək sahəsi 351,822 ha, həyətyanı sahələr 8,898 ha, 232,287 ha meşə fondu, 35888,4 min m3 oduncaq fondu, ümumi dəyəri 50,782 milyard ABŞ dolları qiymətləndirilən mineral xammal ehtiyatı, 1623 min ABŞ doll/gün qiymətləndirilən içməli şirin su, 526, 1 min ABŞ doll/gün qiymətləndirilən termal mineral su ehtiyatı, 13 iri çay, 9 su anbarı və relyefə uyğun yeni su anbarlarının tikintisi imkanları, təxminən 7200 meqavat külək, 2000 meqavat günəş enerjisi hasil etmək potensialı mövcuddur. Məskunlaşması gözlənilən toplam bir milyon, o cümlədən 617 min məcburi köçkün (159 min ailə) və bunlardan kənd təsərrüfatında 34,9 faiz, sənayedə 3,5 faiz, tikintidə 8,0 faiz, ticarət və ictimai iaşədə 12,4 faiz, nəqliyyat və rabitədə 5,9 faiz, təhsil, səhiyyə və mədəniyyətdə 13,3 faiz, başqa sahələrdə çalışmaq istəyən 22 faiz əhali var.

İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 990 müraciət daxil olub ki, onun da 663-ü yerli, 327-si xarici müraciətlərdir. Layihələrin 440-ı investisiya layihəsi, 550-i isə digər iş və xidmətlərlə bağlıdır. Daxil olan müraciətlərin 27 faizi tikinti işlərini, 27 faizi ticarət və xidmət sahəsini, 21 faizi sənayeni, 18 faizi kənd təsərrüfatını və digər 7 faizi turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir.

Aparılan sorğunun nəticələri göstərir ki, Qarabağda sahibkarların 46,6 faizi gələcək fəaliyyət sahəsi kimi kənd təsərrüfatına üstünlük verir. Sənaye (8,8%), inşaat (7,6%), ticarət (6,7) və təhsil (5,9) sahələri də sahibkarların maraq dairəsindədir.

Bütövlükdə Qarabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur region, Kəlbəcər və Laçın bölgələri turizmin müxtəlif növlərinin – eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir.

Qarabağda 2500-ə qədər bitki növü, 13197,5 hektar qiymətli ağac növü, 12 balıq növü, 288 quş növü, 63 məməli heyvan növü, 34,7 mln.m3/il su verə biləcək 332 kəhriz var. Uzunluğu 700 kilometrdən artıq olan və ən yüksək standartlara uyğun inşa edilən avtomobil yolları, 200 kilometrdən artıq müasir standartlara cavab verən dəmir yolları və beynəlxalq standartlara cavab verən Füzuli, Zəngilan və Laçın Hava limanları şəbəkəsi müasir nəqliyyat habı yaratmaqla postkonflikt ərazilərin potensial imkanlarının önəmli hissəsini təşkil edir.

Repatriasiya potensialı

Postkonflikt ərazilərdə əhalinin effektiv məskunlaşdırılması bir tərəfdən həmin ərazilərin bərpa və yenidən qurulmasından, digər tərəfdən isə bərpa və yenidənqurma ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən çox mürəkkəb, çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlərdən, işğaldan azad olunmuş ərazilərə potensial (617 min əhali, 159 min aillə) qayıdacaq əhalinin sayı və qayıdış şərtlərindən asılıdır. Fövqəladə dərəcədə mürəkkəb və dövlət əhəmiyyətli repatriasiya potensialının proqnozunun müəyyən edilməsi Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən “Elm, Təhsil və Mədəniyyət məsələləri” üzrə İşçi Qrupuna həvalə edildi və bu məqsədlə ADA Universitetinin nəzdində ADA-nın, AMEA-nın İqtisadiyyat İnstitutunun, UNEC-in və Qafqaz Strateji Tədqiqatlar İnstitutunun və xarici beyin mərkəzlərinin aparıcı mütəxəssislərindən ibarət tədqiqat qrupu yaradıldı.

Tədqiqat qrupu tərəfindən repatriasiyanı proqnozlaşdırmanın zəruriliyi, repatriasiya problemini çətinləşdirən amillər, analoji tədqiqatların metodologiyası və beynəlxalq təcrübə təhlil edilərək müəyyənləşdirildi ki, repatriasiya potensialının məcburi köçkünlər haqqında statistik informasiya əsasında qiymətləndirilməsi mümkün deyil. Ona görə də tədqiqatlar empirik üsullarla, əsas etibarilə sosioloji sorğular vasitəsilə aparıldı, tədqiqatların mühüm nəticəsi olaraq dövlət qurumlarında xidməti istifadə üçün 4 kitab nəşr olundu. Tədqiqat qrupu bu dövlət əhəmiyyətli məsələni vaxtında və yüksək keyfiyyətlə yerinə yetirdi.

Yeni iqtisadiyyat quruculuğu

AMEA İqtisadiyyat İnstitutu Qarabağda yeni iqtisadiyyat quruculuğu prosesinə elmi dəstək vermək üçün dövlət qurumları ilə yaxından əməkdaşlıq edir. Belə ki, İqtisadiyyat Nazirliyinin sifarişi ilə AMEA İqtisadiyyat İnstitutu tərəfindən həyata keçirilən “Postkonflikt ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstün sahələrinin müəyyənləşdirilməsi” layihəsi yekunlaşmaq üzrədir. Bu layihənin rəhbəri İqtisadiyyat İnstitutunun baş direktoru, professor N.Müzəffərlidir.

İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyat quruculuğu və tikinti-bərpa işləri müasir standartlar, yenilikçi meyillər və unikal istehsal üsullarını əhatə etməlidir. Bu baxımdan da həmin ərazilərdə bərpa-quruculuq işləri və iqtisadi inkişafın innovativ xarakter daşıması zəruridir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyat quruculuğunun innovativ meyillər əsasında təşkili ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsində və dayanıqlı, artan inkişafının təmin edilməsində müstəsna rol oynayacaqdır. İşğaldan azad edilmiş ərazilərin iqtisadiyyat quruculuğunun innovativ əsaslarla təşkili dövlət siyasətinin tərkib hissəsi olmaqla, bu ərazilərə “Böyük qayıdış”a da xüsusi təkan verəcəkdir. Qarabağda maddi və qeyri-maddi istehsal sahələrinin innovativ meyillər əsasında təşkili bütövlükdə ölkə iqtisadiyyatının inkişafını təmin etməklə, dünya iqtisadiyyatına inteqrasiya prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcəkdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, mövcud ərazilərdə yeni iqtisadiyyat quruculuğu ümumi iqtisadi səmərəliliyin əldə olunması ilə yanaşı, məşğulluğun da səviyyəsinin artırılmasında həlledici rol oynayacaqdır.

İşğaldan azad edilmiş ərazilərdə yeni iqtisadiyyat quruculuğunun formalaşması məsələləri “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamında da öz əksini tapmışdır. Sərəncama əsasən, sahibkarlara əlverişli şəraitin yaradılması, maliyyə mənbələrinə çıxışın təmin edilməsi və yenilikçi ideyalara malik şəxslərin Qarabağda yeni iqtisadiyyat quruculuğuna cəlb edilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

Qarabağda yeni iqtisadiyyat quruculuğu prosesi başlanmışdır. Regionun demək olar ki, sıfırdan bərpası böyük maliyyə vəsaiti tələb edir. Lakin bunun bir sıra üstünlükləri də var. Belə ki, yeni, innovativ və rəqəmsal texnologiyalara əsaslanan bərpa və quruculuq işlərinin aparılması, dünyanın ən müasir şəhər və kəndlərinin tikilməsi imkanları genişdir.

Qarabağın azad və innovativ iqtisadiyyat mərkəzinə çevrilməsi üçün Azərbaycanın imkanları mövcuddur. Regionun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün müqayisəli üstünlükləri yaradır. Qarabağın regionun elektronika sənayesi, İKT xidmətləri və ticarət-logistika mərkəzinə çevrilməsi imkanları var. Burada elektronika və İKT xidmətləri üzrə laboratoriyaların, beyin mərkəzlərinin, qeyd olunan istiqamətlərdə ixtisaslaşmış Startap inkubatorlarının yaradılması məqsədəuyğundur. Qeyd olunan istiqamətlər Qarabağda qurulacaq “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı fabrik” konsepsiyalarının reallaşması və gələcək inkişafı baxımından da əhəmiyyətli hesab olunur. Çünki elektronika məhsulları (buraya mikrosxemlər, videomüşahidə texnologiyaları, internet əşya texnologiyaları, məişət əşyaları və s. daxil ola bilər) və İKT xidmətləri “ağıllı” şəhər, kənd, fabriklərin idarə olunması, zəruri avadanlıqlarla təchiz edilməsi və gələcəkdə Azərbaycanın digər regionlarına transformasiya imkanlarını genişləndirəcək. Qarabağın müasir texnologiyalara əsaslanan əczaçılıq, kosmetik vasitələr və təbii bitki dərmanlarının istehsalı üçün əlverişli florası vardır. Bunlardan yaralanaraq əczaçılıq və kosmetik vasitələr istehsal etmək, dünya bazarına ixrac etmək imkanları var.

Dövlət-özəl əməkdaşlığının effektiv formaları

Dövlət özəl əməkdaşlığı bazar iqtisadiyyatı seçmiş ölkələrdə, o cümlədən də ölkəmizdə iqtisadi inkişafın fundamental hərəkətverici qüvvələrindən biridir. Ona görə də heç təsadüfi deyil ki, ölkəmizdə hökumət tərəfindən bu istiqamətdə bir çox zəruri işlər görülmüş və təkmil normativ – hüquqi baza yaradılmışdır (Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”, “Dövlət satınalmaları haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının Qanunları və s.). Lakin postkonflikt ərazilərin bərpası və yenidən qurulmasının yaratdığı reallıq burada da münasibətlərin təkmilləşməsini zərurətə çevirmişdir. Beynəlxalq təcrübə də göstərir ki, postkonflikt ərazilərin bərpa və yenidən qurulmasına tələb olunan on milyardlarla vəsaitin yalnız dövlət tərəfindən təmin olunması mümkün deyil və bu prosesdə risk və təhlükəsizlik xüsusiyyətləri nəzərə alınmaqla özəl sektorun iştirakı xüsusi əhəmiyyət daşıyır. Bu halda isə dövlət özəl əməkdaşlığının müvafiq formalarının (dövlət maliyyəsi və ya öz vəsaiti ilə iştirak) müəyyən edilməsi Azərbaycan hökumətinin bərpa və quruculuq işlərinin indiki mərhələsində önəm verdiyi əsas məsələlərdən biridir. Bu məqsədlə hökumətin tapşırığı ilə tədqiqat qrupu tərəfindən özəl sektorun istək və gözləntilərini, investisiya imkanlarını, fəaliyyət sahələrini, effektiv repatriasiya və məskunlaşmada iştirak formalarını müəyyənləşdirməyə imkan verən sahibkarların arasında xüsusi sorğu keçirilərək toplanmış məlumatlar təhlil edilmiş və müvaviq tövsiyələr hazırlanmışdır.

Təhlil göstərir ki, vergi güzəştləri, maliyyə yardımı, güzəştli kreditlər və ödənişsiz torpaq sahələri, eləcə də, ixrac-idxal prosedurları və sertifikatlaşdırmanın sadələşdirilməsi sahibkarların investisiya yatırmaqda əsas gözləntilərini ifadə edir. Sahibkarların qeyd olunan istək və gözləntilərinin nəzərə alınması işğaldan azad edilmiş ərazilərdə yeni iqtisadiyyat quruculuğunun sürətli inkişafını təmin etməklə yanaşı, dövlət-özəl münasibətlərinin effektiv təşkilinə (qurulmasına) şərait yaradacaqdır. Dövlət postkonflikt ərazilərin bərpa və yenidən qurulmasında və ölkənin ümumi iqtisadi sisteminə reinteqrasiyasında özəl sektorun və xarici sərmayelərin iştirakını stimullaşdırmaq məqsədilə geniş spektrli güzəşt paketlərinin hazırlanmasını və tətbiqini nəzərdə tutur. Dövlət Qarabağda yeni iqtisadiyyat quruculuğu prosesində sahibkarların bilavasitə yaxından iştirakında, eləcə də məşğulluğun, məskunlaşmanın, təhlükəsizliyin, məmnunluğun, etimadın, cavahdehliyin, müasirliyin, maliyyə təminatının, effektiv reinteqrasiyanın, minimum regional liderliyin təmin olunması və qlobal dünyanın çağırışlarına cavab verən iqtisadiyyat quruculuğunda maraqlıdır. Bu istiqamətdə təşviq tədbirləri həyata keçiriləcək, səmərəli dövlət-özəl sektor əməkdaşlığı qurulacaq ki, son nəticədə regionun sosial-iqtisadi inkişafına nail olunsun.

Akif MUSAYEV, / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Müzəffər Komandanın quruculuq missiyası - karabag

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir