Orucluq ayı ilə əlaqədar günorta saatlarına qədər “Bərbəri” adlı çörək sexləri qapalı olacaq.
Bir neçə gün bundan öncə Qərbi Azərbaycan əyalətinin Makı şəhərində “bərbəri” adlı çörək sexlərinin fəaliyyəti məhdudlaşdırıldıqdan sonra,indidə əyalət mərkəzi Urmuda eyni məhdudiyyət tətbiq edilib.
Bununla bağlı İranın bir növ “əxlaq polisi” sayılan və şəriət qanunlarının tətbiqi, icrasına nəzarət edən “əmr be məruf” qərargahı qərar verib və qərarın Urmu şəhəri Çörəkçilər Birliyi vasitəsilə həyata keçirilməsini istəyib.
Çörəkçilər Birliyinin başçısı Allahverdi Həsənzadə “Bariş News”ə verdiyi açıqlamada orucluq ayı ilə əlaqədar əsasən səhər yeməyində istifadə edilən bir neçə növ çörək sexinin fəaliyyətlərinin məhdudlaşdırıldığını, onların günortadan sonra fəaliyyətinə icazə verildiyini bildirib.
Onun dediyinə görə, qaydalara riayət etməyən sexlərin yiyələrinə qarşı cəza tədbirləri görüləcək, cərimə ediləcəklər.
Qeyd etmək lazımdır ki, İranda oruc tutmayan şəxslərə qarşı sərt cəza tədbirləri uyğulanır və onlar 10 gündən 3 aya qədər həbs, 74 şallaq və cərimə cəzasına məhkum edilirlər.
Buna baxmayaraq, Tehran rejiminin əməlləri nəticəsində insanların dinə qarşı münasibətləri dəyişməkdə, bundan öncə sərbəst və könüllü olaraq yerinə yetirdikləri dini mərasimlərdən uzaqlaşmaqdadırlar.
Bir yanıt yazın