Site icon Turkish Forum

Milli birliyə və həmrəyliyə çağırış

Milli birliyə və həmrəyliyə çağırış- AZERBAYJANNEWS. AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - haydar aliyev susa

Milli birliyə və həmrəyliyə çağırış- AZERBAYJANNEWS. AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Ulu Öndər Heydər Əliyev Novruz bayramını milli-mənəvi dəyərlərimizin ana sütunu kimi əbədiləşdirmişdir

Novruz çox qədim zamanlardan Şərq dünyasında həm yazın gəlişi, yeni mövsümün başlanması, əkinçilik və maldarlıq mədəniyyəti ilə bağlı, həm də xalqın mənəvi-əxlaqi dəyərlərini, humanizm və həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən ayin və etiqadlar sistemidir.

Xalqımızın keçib gəldiyi tarixi yol, minilliklərlə formalaşmış bir çox ənənələrimiz bu bayramın ruhunda yaşayır. Novruzda qədimliyimizin bütün çalarları əksini tapıb. Xalqımızın bir çox özünəməxsusluqları bu bayramda axtarılıb. Tarixi keçmişimizlə bağlı xeyli suallara bu bayramın adət-ənənələrində, dəyişməz atributlarında cavablar var. Ona görə də Azərbaycan xalqı Novruz bayramını, hətta qadağan olunduğu vaxtlarda belə onu müxtəlif formalarda keçirib. Novruz kimi mənəvi dəyərlərimizin gücü ilə xalqın milli yaddaşı itməyib. Təsirlər qarşısında aşınması mümkün olmayıb. Əksinə, daha da güclənib, möhkəmlənib, nəsillərdən-nəsillərə ötürülüb. Elmi cəhətdən öyrənilib. Bu bayrama aid folklor nümunələri sənədləşdirilib. Novruzun bir çox simvolları mədəniyyət və incəsənətimizin qiymətli incilərinə çevrilib. Bizi bütün dünyada tanıdan atributlar sırasında qərarlaşdırıb.

Əsrlərin mirasına həssas münasibət

Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda fantastik nailiyyətlərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, ənənələrə müəyyən təhlükə meyilləri də özünü qabarıq şəkildə göstərir. Tarixdən bəllidir ki, hər hansı milləti məsum vəziyyətinə salmaq üçün ona keçmişini, milli ənənələrini unutdurmaq və yaxud da kökündən, soyundan uzaqlaşdırmaq kifayətdir. Xalqların qərinələr boyu formalaşmış yüksək mənəvi-əxlaqi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya fenomenal şəxsiyyətlərin üzərinə düşür.

Azərbaycanda bu məsuliyyətli missiyanı məhz Ulu Öndər Heydər Əliyev üzərinə götürərək hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin böyük himayədarı qismində çıxış etmişdir. Ulu Öndər nitqlərində xüsusi vurğulamışdır ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın ali dəyərlərinin qorunması məsələsini də çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Problemi aktuallaşdıran başlıca amil budur ki, total əxlaqın və çoxtərəfli inteqrasiyanın diktələri bir çox hallarda əsrlərin “mirasına” – milli-mənəvi dəyərlərə qarşı yönəlir. Ümummilli Liderin böyüklüyü də rəhbər vəzifəyə gəldiyi gündən bu təhdidi düzgün qiymətləndirməsi, potensial təhlükə mənbəyinə çevrilməsinin qarşısını almasıdır. Böyük rəhbər xalqın genetik yaddaşını qorumuşdur. Novruzun hər birimizin taleyindəki yerini, əhəmiyyətini, milli dirçəlişimizdəki rolunu yüksək dəyərləndirən Ulu Öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir.

Ümummilli Lider Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.

Dəyərlərin əzəməti

Novruz həm də yüksək mənəvi-əxlaqi və mədəni dəyərləri ilə cəmiyyəti irəli aparan, onu saflaşdıran, insanları sülhə, dostluğa səfərbər edən böyük tərbiyə məktəbidir. Lakin bu bayram müəyyən dövrlərdə qadağalara, təzyiqlərə məruz qalmışdır. Əvvəlcə imperiya ideoloqları müxtəlif yollarla Novruzu milli yaddaşdan silib ilhaq etdikləri ərazilərdə yeni-yeni bayramları dəbə mindirməklə onu gözdən salmağa, xalq içərisində unutdurmağa böyük cidd-cəhd göstərmişlər. Bu ənənə sovetlər dönəmində daha ağrılı şəkildə davam etdirilmişdir. Novruzun milli bayram kimi keçirilməsinə böyük qadağalar qoyulmuş, o, dini bayram hesab edilərək sovet dövləti tərəfindən unutdurulmağa çalışılmışdır. Ötən əsrin 60-cı illərinin sonlarında ölkədə milli özünüdərkə böyük qayıdış başladığı zaman bu qadağalar da tədricən səngiməyə başlamışdır. İnzibati idarə aparatının yüksək vəzifələrinə milli kadrlar gəldikcə və həmin şəxslər fürsət düşdükcə milli dəyərlərin dirçəldilməsinə öz dəstəklərini verməyə çalışmışlar.

Ümummilli Lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi təsiri önə çəkilmişdir. Ötən əsrin 70-ci illərində isə Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndərin xeyir-duası ilə qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəltmiş, milli irsə, tarixə böyük məhəbbət yaratmış, milli özünüdərki gücləndirmişdir. Novruz adət-ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer tapmışdır. Hər dəfə “Dəli Kür” filminə baxarkən Novruzun necə təbliğ olunduğunu əyani şəkildə görürük. Məhz müdrik rəhbərin qayğısı ilə həmin illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır.

1991-ci ilin oktyabrında müstəqilliyə qovuşan Azərbaycanda yaşanan ziddiyyətli, təlatümlü proses və faciələr isə Novruzun əsl xalq bayramı kimi yüksək əhvali-ruhiyyə ilə keçirilməsinə imkan vermirdi. Yenə də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra Novruz dövlət səviyyəsində yüksək əhvali-ruhiyyə ilə keçirilmiş, dünya azərbaycanlılarının milli bayramına, ən gözəl ideoloji-siyasi təsir amilinə çevrilmişdir. Ulu Öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmiş, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatmış, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq arzulamışdır.

Milli xüsusiyyətlərimizi heç vaxt itirməmişik

Ulu Öndərin milli ideologiyamızın əsaslarına dair Novruz kursu bu gün artıq bəhrəsini verir. Bu milli tarixi nailiyyət Azərbaycan Prezidenti İlham Əliyevin Novruz təbriklərində və çıxışlarında aydın və birmənalı şəkildə təsdiqini tapmışdır. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı qeyd edir ki “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir… Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq”.

Prezident Novruz bayramını birmənalı şəkildə milli xüsusiyyətlərin – milli varlığın qorunma vasitəsi hesab edir. Bu yanaşma çağdaş Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti sayəsində 2003-cü ildə Azərbaycan muğamının UNESCO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri” elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları və digər mədəni irsimizlə bağlı həyata keçirilmiş beynəlxalq fəaliyyət dövlətin mədəniyyət siyasətində xalqın milli dəyərlərinin prioritet kimi götürülməsinin nə qədər doğru və real siyasət olduğunu təsdiqləyir. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi milli siyasətimizdə Novruzun nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur.

Xalqımızın mənəvi mədəniyyətinin, etnik-mifoloji keyfiyyətinin müəyyənləşdirilməsində, bu xalqın qədim mifik görüşlərindən tutmuş adət-ənənəsi, həyat haqqında düşüncələri barədə aydın təsəvvürlər əldə edilməsində Novruzun rolu olduqca əhəmiyyətli və əvəzsizdir. Dünyanın bir çox, xüsusilə türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ümummilli amal və məramını təmin edən mexanizm məhz Novruz bayramıdır.

Ruhun oyanışı, yeni bir həyatın başlanğıcı olan bu gözəl el bayramı yenə də gəlişi ilə ömrümüzü bəzəyir. Artıq ikinci ildir ki, Novruz bayramının bir başqa büsatı, bir başqa ovqatı var. Az qala 30 il sonra Qarabağda da bayram tonqalları çatılır. Ali Baş Komandan cənab İlham Əliyevin ordumuzun gücü ilə işğaldan azad etdiyi əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır. Düşmənin dağıdıb viranə qoyduğu, bu gün isə Azərbaycan dövlətinin bərpa və yenidən qurulmasını həyata keçirdiyi yurd yerlərimiz yeni cəlalına hazırlaşır.

İradə ƏLİYEVA,

“Azərbaycan”

Exit mobile version