Erməni faşizminin qanlı əməlləri bu dəfə Fərruxda üzə çıxdı- AZERBAJAN NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha bir neçə azərbaycanlının cəsədinin qalıqları tapılıb
44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın əldə etdiyi parlaq zəfər həm də erməni terrorçularının iyrənc simasının əsaslı faktlarla ifşa olunmasına zəmin yaradıb. Qələbəmizdən keçən hər ötən gün işğaldan azad edilən yurdlarımızda erməni faşizminin qanlı əməlləri, törətdiyi vəhşiliklərlə rastlaşırıq.
Azərbaycan öz ərazilərini qarış-qarış erməni mənfurluğunun təzahürü olan minalardan təmizlədikcə, bu yerlərdə, xüsusilə də Birinci Qarabağ müharibəsi dövründə həyata keçirilən qətliamlar üzə çıxır.
Qatil xislətli ermənilərin daha bir vandallığı isə martın sonlarında Azərbaycan Ordusunun hərbçiləri tərəfindən Xocalı rayonunun Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən üzə çıxıb. Belə ki, onlar qazıntı apardıqları ərazidə insan skeletləri aşkar ediblər.
Fərruxda 62 nəfər hərbçimiz itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası faktla bağlı bildirib ki, Fərrux yüksəkliyi uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək.
Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.
Eyni zamanda bu qurumda toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu Pirlər kəndində 46 nəfər, Ağdam rayonu Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.
Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır.
Ermənistan itkin düşmüş 4 minədək azərbaycanlının taleyinə aydınlıq gətirməkdən yayınır
Bu, danılmaz faktdır ki, Ermənistan Birinci Qarabağ müharibəsi dövründə beynəlxalq hüquq normalarını və beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq müharibə cinayətləri törədib. Müharibə qaydalarına zidd olaraq, mülki əhalini girov götürüb, soydaşlarımıza olmazın işgəncələr verib, xüsusi amansızlıqla öldürüblər. O insanların meyitlərini kütləvi məzarlıqlarda basdırıblar.
Həmin dövrdə erməni qatilləri Ballıqaya, Qaradağlı, Ağdaban və Xocalı qətliamlarını törətmişdilər. Vətən müharibəsindən sonra isə üzə çıxan başda Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq olmaqla, Kəlbəcərin Başlıbel kəndində, Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında olan məzarlıqlar isə bu qətliamların əyani sübutudur.
Erməni cəlladları bu qanlı davranışlarını hərbçilərə qarşı da nümayiş etdiriblər. Onlar müharibə cinayətləri törədərək şəhid olmuş hərbçilərimizin məzarlarının yeri barədə də heç bir məlumat verməyiblər.
Bu il fevralın 4-də Prezident İlham Əliyev də fransalı həmkarı Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda müzakirələr zamanı Birinci Qarabağ müharibəsin də itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi barədə məsələ qaldırdı. Dövlətimizin başçısı müzakirələr zamanı Birinci Qarabağ müharibəsində 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini xüsusilə qabartdı.
Ümumiyyətlə, Ermənistan tərəfi indiyədək Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlının taleyinə heç bir aydınlıq gətirməyib.
Qatillər ədalət və hüquq qarşısında cavab verəcəklər
Zaman, hər ötən gün ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri insanlıq suçlarını faktlarla gün üzünə çıxarır. O da reallıqdır ki, indiyə qədər beynəlxalq aləm tərəfindən ermənilərin cinayətlərinə göz yumulub, bu qətliamları, soyqırımlarını törədən faşist xislətlilər hələ də cəzalandırılmayıblar. Ermənistan, onun agentləri və əlaltıları tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılması istiqamətində heç bir addım atılmayıb.
Azərbaycan dövləti erməni vəhşiliklərinin bütün dünyaya çatdırılması, onların faşist xislətindən hər kəsin xəbərdar olması üçün bu istiqamətdə böyük işlər görür, bu məsələləri beynəlxalq tribunalarda daim səsləndirir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Baş katibi Antonio Quterreşə işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndi və Füzuli şəhərində kütləvi məzarlıqların aşkar edilməsi barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Həmin sənəddə diqqətə çatdırılıb ki, əsir-girovluqda olmuş azərbaycanlıların məcburi şəkildə daşınması və meyitlərin basdırılması özü-özlüyündə Ermənistan silahlı qüvvələrinin və onların əlaltılarının törətdikləri cinayətlərin qəddarlığından və amansızlığından xəbər verir.
Tezliklə Ermənistan Azərbaycana qarşı həm Birinci, həm də İkinci Qarabağ müharibələri dövründə törətdiyi müharibə cinayətlərinə görə ədalət və hüquq qarşısında cavab verməli olacaq, erməni caniləri öz layiqli cəzalarını alacaqlar.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”