“Atalay”a adının türkcə olduğuna görə şəxsiyyət vəsiqəsi verilmir.
“Atalay”ın atası Əli Aslaninin dediyinə görə, Şərqi Azərbaycan əyalətinin Vətəndaşlığın Qeydiyyatı İdarəsinin Təbriz bölməsi onun övladının 4 yaşı olmasına baxmayaraq adının türkcə olduğuna görə şəxsiyyət vəsiqəsi verməkdən boyun qaçırır.
Aslani, 4 yaşlı “Atalay”ın şəxsiyyət vəsiqəsi olmadığı üçün bir müayinə, müalicə və peyvənd olunmaq kimi tibbi xidmətlərdən məhrum olduğunu deyib.
Martın 15-də gney azərbaycanlı hüquqşünas və Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi İran Qeydiyyat İdarəsinin türk adlarına qarşı tətbiq etdiyi qadağalarla bağlı paylaşım edib.
“Bu günlər İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarının qoyulmasını qadağan etməsi və sənədləşdirməməsi o qədər çoxalıb ki, hər gün onlarla insan Qeydiyyat İdarəsində şikayət verirt. Bu, güc, polis və güllə hesabına insanların ilkin hüquqlarını pozmaqdır”-deyə, vəkil yazıb.
Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.
“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.
İnsan haqları sahəsində fəaliyyət göstərən “Ərk”-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.
Bu hesabatda “İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması” da vurğulanıb.