İran İnqilab Keşikçiləri Korpusunun rəsmi sosial media kanalında Azərbaycan təhdid edilib.
İran İnqilab Keşikçiləri Korpusuna aid olan tvitter hesabında yenidən Azərbaycan Respublikasına qarşı köhnə iddialar təkrarlanıb və Azərbaycan təhdid edilib.
İran hökuməti bundan öncə Azərbaycan Respublikasında İsrail agentləri və silahlı qüvvələrinin olması ilə bağlı əsassız iddialar yenidən gündəmə gətirməyə çalışır.
44 günlük vətən müharibəsi zamanı İran rəsmilərinin Azərbaycanda İsrail silahlıları və xaricdən gətirilən muzdlu döyüşçülərlə bağlı yaydıqları məlumatların yalan olduğunun sübut olunmasına baxmayaraq, bu dəfə İnqilab Keşikçiləri Korpusu eyni böhtanları yaymağa çalışır.
Dünyada terror təşkilatı kimi tanınan və terrorçu qruplar siyahısından çıxmağa can atan SEPAH, bu dəfə sosial media hesabında “İran şimal sərhədlərində sionist ünsürlərin mövcudluğuna dözməyəcək”-deyə, paylaşım edib.
Qeyd edək ki, bununla yanaşı son bir neçə gün ərzində panfarsist və radikal dini dairələrə bağlı media qruplarıda oxşar iddiaları səsləndirib, Azərbaycan Respublikasına qarşı torpaq iddiaları irəli sürərək İran hökumətini bu yöndə addımlar atmağa çağırıblar.