Martın 20-də Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərinin “Şirin əsəl” şokolat fabrikində iki işçi iş qəzası nəticəsində ölüb.
Bu barədə mediaya açıqlamasında Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərinin polis rəisi Nasir Derəxşan məlumat verib.
Onun sözlərinə görə, 32 və 38 yaşlı işçilər fabrikin istehsal salonlarından birini yuyan zaman elektrik cərəyanı vurması nəticəsində dünyalarını dəyişiblər.
Polis rəisi həyatını itirən azərbaycanlı şəxslərin kimliyi barədə əlumat verməyib. O, hadisə ilə bağlı araşdırmaların başlandığını qeyd edib.
Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin başçısı Əli Səfayifərdin mediaya verdiyi açıqlamasına görə, son 10 ay ərzində əyalətdə 74 nəfər iş qəzaları zamanı həyatlarını itirib.
Məlumatda 40 nəfərin hündürlükdə yıxılma, 16 nəfərin bərk cismin dəyməsi, 7 nəfərin elektrik cərəyanı vurması, 3 nəfərin hipoksiya (oksijen çatışmazlığı), 1 nəfərin boğulma və 7 nəfərin isə yanıq xəsarətləri nəticəsində öldüyü bildirilir.
Ə.Səfayifərdin sözlərinə görə, eyni müddətdə 1279 işçi iş yerlərində aldıqları xəsarətlərə görə tibb məntəqələrinə müraciə ediblər və bu ötən ilin oxşar dövrü ilə müqayisədə bu sahədə 13% artım deməkdir.
Qeyd edək ki, İran Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəsmi məlumatlara görə hər il İranda minlərlə işçi iş qəzaları nəticəsində həyatını itirir, on minlərlə işçi isə yaralanır.
Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.
Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin edilməmələrini ölüm hallarının çoxalmasındaa əsas səbəblərdən biri kimi göstərirlər.
Bir yanıt yazın