Moskvada Novruz bayramı qeyd olunub /TURKISHFORUM -ABDULLAH TÜRER YENER
Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda Novruz bayramı qeyd olunur.
AZƏRTAC xəbər verir ki, tədbirin qonaqlarını maraqlı oyunlar, müsabiqələr, Novruz şirniyyatının hazırlanmasına dair ustad dərsləri və digər əyləncələr gözləyir. Pavilyona gələnlər “Moskvada Azərbaycan Günləri” festivalı çərçivəsində Heydər Əliyev Fondu və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilmiş “Azərbaycan xalçası – yeni baxış” sərgisi ilə də tanış ola bilərlər.
Pavilyonun rəhbəri Səadət Qədirova bayram tədbirinə marağın böyük olduğunu vurğulayıb. O qeyd edib ki, Moskva sakinləri şənliklərə ailəliklə qatılır, Azərbaycanın Novruz adət-ənənələri, tarixi və mədəniyyəti ilə tanış olurlar. “Əlbəttə, bayram şənliyimizin ən maraqlı tədbiri “Qara Qarayev dəvət edir” beynəlxalq festivalı çərçivəsində təşkil etdiyimiz konsertdir. Konsertdə Azərbaycan və Rusiyanın əməkdar artistləri, “Rus baleti” dövlət akademik balet teatrının solistləri, beynəlxalq müsabiqələrin qalibləri, Moskva konservatoriyasının tələbələrinin ifasında görkəmli Azərbaycan bəstəkarının musiqiləri səslənib”, – deyə S.Qədirova bildirib.
Görkəmli bəstəkarın oğlu Fərəc Qarayev jurnalistlərə bildirib ki, bu əziz bayram günlərində Moskvada Qara Qarayevin musiqisinin səslənməsi olduqca xoşdur. “Bu gün “Azərbaycan” pavilyonunda yenidən Qara Qarayev xatırlanır və konsertdə, əsasən, onun musiqisi ifa olunacaq. Lakin konsertin sonunda Nazim Əliverdibəyovun “Bayatı-Şiraz” simfonik muğamı səslənəcək. Novruz bayramı ərəfəsində bu, olduqca rəmzidir”, – deyə F.Qarayev qeyd edib.