Ərdəbil valisinin abadlıq işləri üzrə müavin Seyid Kamal Mircəfəriyan martin 20-də mediaya verdiyi məlumatda əyalətdə ən azı 1000 dərs otağının çatışmadığını deyib.
O, ölkə üzrə adambaşına düşən təhsilsahəsinin ortalama 6.5 kvadratmetr olduğu halda, bunun Ərdəbil əyalətində 4,2 kvadratmer təşkil etdiyini söyləyib.
Ərdəbil əyalətinin Məktəblərin Təmiri və Texniki Təchizi İdarəsinin başçısı Həsən Məhəmmədi ədib isə əyalətdə çox sayda kaneks (konteyner) məktəblərin olduğunu qeyd edib.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin büdcə ayıracağı və yerli xeyriyyəçilərin dəstəyinin artacağı təqdirdə qarşıdakı ilə qədər kaneks məktəblərin yerində yeni məktəblərin tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, Ərdəbil əyalətinin Məktəb Tikintisi Xeyriyyəçilər Assosiasiyasının başçısı Cavad Qurannevisin dediyinə görə, Ərdəbildə təhsil ocaqlarının əksəriyyəti yerli xeyriyyəçilərin hesabına tikilib.
O, son illərdə başçılıq etdiyi qurumun əyalətin müxtəlif bölgələrində, özəlliklə ucqar və yoxsul bölgələrdə 400 məktəb tikərək Təhsil Nazirliyinə təhvil verdiyini deyib.
İllərdir ki, yeni məktəblərin tikintisi ilə yanaşı köhnə təhsil ocaqlarının təmiri və maddi-texniki təchizatına dövlət tərəfindən büdcə ayrılmadığı üçün yerli xeyriyyəçilər problemi həll etmək məcburiyyətində qalırlar.
Təhsil Nazirliyinin yerli nümayəndələri isə məsuliyyəti öz üzərindən atmağa çalışırlar.
Bir yanıt yazın