Son bir neçə gün ərzində güney azərbaycanlı və iranlı sosial media istifadəçiləri arasında tvitter və sosial media qruplarında #Mən və Farsca həştəqi ilə başladılan kampaniyada siyasi məhbus Abbas Lisaninin məhkəmədə türkcə tərcüməçi istəməsi ilə bağlı xatirə paylaşılıb.
Güney azərbaycanlı fəal Abbas Lisani 2003-cü ildə illik Babək Qalası qurultayından sonra “hökumətə qarşı təbliğat”da ittiham olunub. O, məhkəmə toplantısında müdafiə çıxışı zamanı Rəbii adlı məhkəmə başçısının fars dilli olduğuna görə tərcüməçi istəmiş, farscadan türkcəyə və tərsinə tərcümə etmək üçün iki nəfər məhkəməyə gətirilmiş, bu ilk dəfə olaraq məhkəmə işində qeyd olunmuşdur.
Məhkəmə başçısı Rəbiinin Abbas Lisaniyə farscanı yaxşı bildiyi halda nədən tərcüməçiyə ehtiyac duyduğunu soruşduqda, “mənim mübarizəmin fəlsəfəsi ana dilimi müdafiə etməkdir”-deyə, Abbas Lisani cavab vermişdi.
Bununla yanaşı 2004-cü ildə Ermənistan heyətinin Ərdəbilə səfər etməsinə etiraz olaraq şəhərin “Sərçeşmə” məçidində oturaq aksiya keçirdiyi üçün “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” ittihamı ilə mühakimə olunub. “İslami” adlı fars dilli məhkəmə başçısının məhkəmə salonuna tərcüməçi çağrılmasına icazə vermədiyi üçün bir neçə dəqiqə susduqdan, sulları cavabsız qoyduqdan sonra etiraz əlaməti olaraq məhkəmə salonunu tərk edib.
Daha sonra, 2016-cı ilin may ayında Lisani Şiraz zindanından yeni ittihamla tanış olmaq üçün həmin şəhərin İnqilab Məhkəməsinə köçürüldü. Məhkəmə iclasında o, tərcüməçisiz özünü müdafiə etməyəcəyini barədə israrından sonra, orada işləyən qaşqay türklərindən birini tərcüməçi kimi məhkəməyə cəlb etməyə müvəffəq oldu.