Tarixin möhtəşəm təkrarı .Yasəmən MUSAYEVA, / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
4 yanvar 1982-ci il, Şuşa…
Göydən lopa-lopa qar yağır, dağları, düzləri, meşələri bərq vuran ağappaq libasa bürüyür…
Neçə gündür ki, sevincqarışıq həyəcanla əziz himayədarının yolunu gözləyən Şuşa, əslində isə bütün Qarabağ təntənəli pişvaza hazırlaşırdı. O gün bütün qala əhalisi, digər rayonlardan gəlmiş qarabağlılar səmadan yağan bu bərəkət nurunun altında küçələrə, yollara axışmış, erməni məkrinin Şuşada kök atmasına imkan verməyən və öz əlləri ilə Azərbaycançılıq bayrağını qədim yurdumuza sancan Heydər Əlirza oğlu Əliyevi qarşılamağa çıxmışdı…
Həmin gün qarabağlı gənclər sürüşkən dik yollarla Ulu Öndər Heydər Əliyevin maşınını əllərinin üstündə Şuşaya, Qarabağın baş tacına qaldırmışdılar…
Düz 40 il əvvəl idi…
14 yanvar 2021-ci il, Şuşa…
Dağlarını, düzlərini, meşələrini ulduz kimi parlayan bəmbəyaz dona bürüyən Şuşa xilaskarı ilə təntənəli görüşə hazırlaşırdı…
Könlündə azadlıq sevinci olan bu qədim şəhər ona qurtuluş bəxş edən, səmalarında Azərbaycanın üçrəngli müqəddəs bayrağını dalğalandıran Müzəffər Ali Baş Komandanla görüşməyin bəxtəvərliyi içində idi…
Qarabağın incisi ona bu xoşbəxtliyi ərməğan edən və Şuşaya Azərbaycan gənclərinin açdığı “Zəfər cığırı” ilə gələn müzəffər Lider İlham Heydər oğlu Əliyevi qarşılamağın coşqusunu yaşayırdı…
Bir il öncə idi…
Möhtəşəm hadisələr: eynizamanda, eyniməkanda
Bəli, tarix təkrar olunurdu. Möhtəşəm hadisələr eyni zamanda, eyni məkanda elə illər əvvəl olduğu kimi təkrarlanırdı. Vaxtilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə mədəni, mənəvi ruhu özünə qaytarılan Şuşa yenidən Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bərpa olunur, əvvəlki tarixi əzəmətinə qovuşurdu…
Şuşada Heydər Əliyev tərəfindən görülən müstəsna işlərin şahidi və həm də indi mədəniyyət paytaxtımızda aparılan möhtəşəm quruculuğun bilavasitə həyata keçirəni Prezident İlham Əliyev düz 39 ildən sonra, 2021-ci ilin
15 yanvarında Şuşaya səfər etmiş, illər əvvəl açılışı Heydər Əliyev tərəfindən keçirilən və işğal zamanı erməni vandallarının dağıtdığı Vaqifin tarixi məqbərəsinin qarşısında çıxış edərək o günləri belə xatırlamışdı: “…Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü Ulu Öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı”.
Prezident İlham Əliyev xüsusi vurğuladı ki, xanın vəziri olan insanın şərəfinə o vaxt – sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. İndi buna hər kəs təbii hadisə kimi baxa bilər, amma o vaxt – sosializm dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq doğrudan da fövqəladə bir hadisə idi. Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində o vaxt Azərbaycan buna nail ola bildi və bu yer də təsadüfən seçilmədi. Molla Pənah Vaqifin qəbri buradadır. Bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətinin əlaməti idi.
Heydər Əliyev Şuşaya Azərbaycan xalqının qəhrəmanlıq qalası kimi baxırdı
Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə Qarabağda, Şuşada milli ruhun yüksəlməsi üçün mühüm addımlar atır, bu istiqamətdə əməli işlər görürdü. Ümummilli Lider həmin dövrdə erməni milliyətçilərinə qarşı qətiyyətli mübarizə aparır, onların minbir fitnə ilə qədim torpaqlarımızı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək kimi məkrli niyyətlərinin həyata keçirilməsinə imkan vermirdi.
Qarabağın tarixinə, mədəniyyətinə, incəsənətinə, iqtisadi inkişafına mükəmməl şəkildə bələd olan Heydər Əliyev hər vəchlə çalışırdı ki, xain düşmənlərin göstərdikləri mənfur çabalara rəğmən bu bölgə hərtərəfli inkişaf etsin. Xüsusilə də Şuşanın inkişafına çox böyük diqqət və qayğı göstərir, Azərbaycanın qədim mədəniyyət mərkəzi olan bu şəhərimizə zəngin tarixi abidə, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq qalası kimi baxırdı.
Buna görə idi ki, 1970-ci illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə xüsusi qərarlar qəbul edilmişdi. Qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri, məscidləri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana, ayrı-ayrı inzibati binalar tikilmişdi. Həmçinin Qarabağın incisi olan Şuşa çox mötəbər bir statusa qaldırılmış, ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdi. Həmin vaxtlar Sovet İttifaqının çox yerlərindən insanlar Şuşaya istirahətə gəlir, eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə də əyani tanış olurdular.
Heydər Əliyevin təşəbbüsü ilə keçmişdə Şuşada nə yaranmışdısa, onlar təzələnir, bərpa edilir, Şuşanı daha da zənginləşdirmək, onun tarixini daha da əyaniləşdirmək üçün yeni möhtəşəm işlər həyata keçirilirdi.
Vaqifə onun şanına layiq məqbərə ucaldılmalıdır
Özünün xatirələrində də yer aldığı kimi, klassik ədəbiyyatı dərindən bilən və yüksək qiymətləndirən böyük şəxsiyyət Heydər Əliyev hələ 1967-ci ildə Şuşada olarkən görkəmli şair Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdi. Buna görə də Ulu Öndərin göstərişi ilə məzar tapılmış və Heydər Əliyev bərbad halda olan dağılmış məzarı ziyarət etmişdir. Sonradan nitqlərinin birində bu məzarın Vaqifə layiq olmadığını vurğulamışdı və qəti qərar vermişdi. Bildirmişdi ki, böyük şairə onun şanına layiq məqbərə ucaldılmalıdır.
1980-1981-ci ildə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə möhtəşəm abidə, türbə ucaldılmışdı. Memar A.V.Salamzadə və E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə inşasına başlanan məqbərə Şuşa şəhərinin məşhur yerində – Cıdır düzünə yaxın bir ərazidə tikilmişdir. Bu məqbərə dördkünc quruluşa malik idi və mərmərlə bəzədilmişdi. Vaqifin möhtəşəm abidəsinin təntənəli açılışı isə 1982-ci il yanvar ayının 14-də Ulu Öndərin iştirakı ilə baş tutmuşdu…
Qarlı, şaxtalı bu qış günündə Şuşaya ailəsi, Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimləri ilə birlikdə səfər edən Ulu Öndərin bu addımı həm də onun Şuşanın tarixinə, mədəni irsinin qorunmasına göstərdiyi xüsusi diqqəti bir daha nümayiş etdirirdi.
Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
1982-ci ildə Ümummilli Lider Heydər Əliyev Şuşaya səfəri zamanı həm də orada Vaqifin məqbərəsi ilə yanaşı, Poeziya Evinin də açılışında və orada keçirilən Vaqif Poeziya Günlərində iştirak etmişdi. Heydər Əliyev həmin vaxt Vaqif Poeziya Günlərinin keçirilməsi barədə göstəriş vermişdi. Bununla da hər il avqust ayında Vaqif Poeziya Günləri keçirilirdi. Şuşada olarkən Ulu Öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla da tanış olmuş, onların qorunmasına dair tövsiyələrini vermişdi.
Bir ildə ikinci dəfə, 1982-ci ilin avqustunda da Şuşaya gələn Heydər Əliyevin iştirakı ilə şair Xurşidbanu Natəvanın abidəsinin açılışı həyata keçirilmişdi.
Yuxarıda toxunduğumuz qısa nümunələrdən də aydın görmək mümkündür ki, Şuşa Ümummilli Lider Heydər Əliyev üçün yalnız Azərbaycanın hansısa şəhəri yox, ümumilikdə azərbaycançılığın, milli ruhun, tarixi, mənəvi dəyərlərin çuğlaşdığı müqəddəs məkan idi. Heydər Əliyev deyirdi ki, Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir: “Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir
Vaxtilə Şuşanın dirçəldilməsinin uğurlu təməlini qoyan Heydər Əliyevin müstəsna ənənəsini bu gün onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev uğurla aparır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib, illərdən sonra Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib, Vaqif Poeziya Günlərində Vaqifin bərpa olunan əzəmətli mavzoleyinin qarşısında ecazkar muğamımızın sədaları, qəlbləri söz çeşməsi kimi çağlayan şairlərimizin şeirləri ilhamlanaraq dağlarda-daşlarda əks-səda verərək, dalğa-dalğa Tanrı dərgahına ucalıb.
Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir.
Bu il isə Şuşa yaradılışının 270 illiyini təntənə ilə qeyd edəcək, tarixi ilə bir daha qürurlanacaq. Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ili möhtəşəm “Şuşa ili” kimi qeyd edəcəyik. Sərəncamda da vurğulandığı kimi, qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
Necə ki, 2021-ci ilin avqustunda Şuşada Vaqif Poeziya Günlərinin açılışında, elə Vaqifin bərpa edilən möhtəşəm abidəsinin qarşısında çıxışı zamanı İlham Əliyev demişdi: “Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik”.
Bəli, İlham Əliyev Şuşanı işğaldan azad edərək müqəddəs ata nəsihətinə əməl etdiyi kimi, indi də onu əvvəlki təmtərağına, əzəmətinə qaytararaq Ulu Öndər Heydər Əliyevin ruhunu da şad edir.
Yasəmən MUSAYEVA,
Bir yanıt yazın