30 ilin ən soyuq qışı – Qar və çovğun olacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ – YENİ MÜSAVAT / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Bakıda və Abşeron yarımdasında yanvarın 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir.
Musavat.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir: “Soyuq qarlı hava kütlələrinin şimal və qərbdən daxil olacağı proqnozlaşdırılır. Bununla əlaqədar yanvarın 13-də səhər Naxçıvan MR-da, Qarabağda, Şərqi Zəngəzurda, gündüz Böyük Qafqaz bölgəsində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq”.
Xidmət rəisi bildirib ki, axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, lakin aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır: “Yanvarın 15-də cənub-qərb küləyinin güclənəcəyi ilə əlagədar yüksək dağlıq ərazilərdə qar uçqunları təhlükəsi ehtimal olunur.
U.Tağıyeva qeyd edib ki, yanvarın 13-ü axşam və 14-də havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb enməsi gözlənilir: “Bu təsir effektini qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb enmə nəticəsində yarana biləcək hisslə müqayisə edə bilərik. Bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə qarşı daha diqqətli olmaları tövsiyə olunur”.