İLHAM ƏLİYEV qətiyyətinin təcəssümü AZERBAYJANNEWS.AZ / TURKISHFORUM- ABDULLAH TÜRER YENER
İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi 2021-ci ildə sürətlə aparıldı
Başa çatmaqda olan 2021-ci il Azərbaycan üçün siyasi, iqtisadi, sosial, mədəni uğurlarla əlamətdardır. Bu ilin əsas hadisələrindən biri isə işğaldan azad olunmuş ərazilərimizdə gedən bərpa və yenidənqurma prosesi idi. Ötən ilin Vətən müharibəsi günlərindən başlayan bu proses 2021-ci il ərzində Prezident İlham Əliyevin xüsusi nəzarəti altında sürətlə davam etdi.
Böyük qayıdışı təmin edəcək meqalayihələr
Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası olduqca genişdir. Çünki Ermənistanın 30 ilə yaxın işğal dövründə viran qoyduğu, xarabazarlığa çevirdiyi yurd yerlərimiz tamamilə yenidən qurulur. Cəbrayılda, Füzulidə, Ağdamda düşmən bir dənə də olsun salamat bina qoymayıb. Zəngilan, Qubadlı, Laçın, Kəlbəcərdə bəşər tarixinə ləkə salaraq vandallıq törədən ermənilər millət olaraq öz barbar şüur səviyyələrini dünyaya göstərdilər.
Bu il yanvar ayının 6-da videoformatda keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad olunmuş ərazilərin bərpasından danışan Prezident İlham Əliyev demişdi ki, 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır: “Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir”. 2021-ci ilin real mənzərəsi ondan ibarətdir ki, bu dövrdə Böyük qayıdışı təmin edəcək mühüm meqalayihələrin təməli qoyulub. Ən mühümü odur ki, qısa dövr ərzində həmin layihələrin bəziləri tam yerinə yetirilib.
Xatırladaq ki, hazırda Əhmədbəyli-Füzuli-Şuşa, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, Qubadlı-Eyvazlı, Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut, Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı- Naftalan avtomobil yollarının inşası davam edir. Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda bir-birinə bağlı olan əhatəli yol-nəqliyyat şəbəkəsi yaradılır. O cümlədən Horadiz-Ağbənd, Bərdə-Ağdam dəmir yolu xətti yenidən qurulur. Bu layihələrin bir qismi həm də Zəngəzur dəhlizinin tərkib hissəsidir və onların icrası nəticəsində Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri yaranacaq. Bununla ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşası, şəhər və kəndlərin bərpasında müasir idarəetmə modellərinin reallaşması işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması prosesinin nə qədər əzəmətli olduğunu göstərir.
2021-ci il ərzində qısa vaxtda infrastruktur layihələrinin bir qisminin icrası ən yüksək səviyyədə başa çatdı. Şuşaya çəkilən “Zəfər yolu”, Füzuli Beynəlxalq Hava limanı istismara verildi. Bu cür mürəkkəb və böyük infrastruktur layihələrinin qısa müddətdə yerinə yetirilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin təcəssümü kimi tarixə düşdü.
Bir ildə 17 səfər
Prezident İlham Əliyev dekabrın 24-də Hadrut və Şuşaya səfər etdi. Bu, 60 illik yubileyini Qarabağda qarşılayan Müzəffər Ali Baş Komandanın 2021-ci il ərzində işğaldan azad olunmuş torpaqlarımıza sayca 17-ci səfəri idi. Xatırladaq ki, Prezident İlham Əliyev bu il yanvarın 15-də Füzuli və Şuşaya, fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıla, martın 15-də Füzuli və Xocavəndə, martın 16-da Şuşaya, aprelin 26-da Cəbrayıl və Zəngilana, mayın 13-də Şuşaya, mayın 28-də Ağdama, iyunun 15-də Füzuli və Şuşaya, avqustun 16-da Kəlbəcər və Laçına, avqustun 30-da Füzuli və Şuşaya, oktyabrın 4-də Cəbrayıla, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə, oktyabrın 17-də Füzuliyə, oktyabrın 21-də Zəngilana, oktyabrın 25-də Qubadlıya, oktyabrın 26-da Füzuli və Zəngilana, dekabrın 24-də Hadrut və Şuşaya səfər edib.
Bu səfərlərin hər biri işğaldan azad edilmiş ərazilərin bərpasına böyük diqqətin, həssas münasibətin göstəricisidir. Həmin səfərlər zamanı dövlət başçısı bir sıra şəhər və rayonun baş planlarını ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə edib, təməlqoyma və açılış mərasimlərində iştirak edib, bərpa işlərinə dair tapşırıq və göstərişlərini verib. Bu səfərlərin hər biri işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində mühüm hadisələrlə əlamətdar olub.
Dövlət başçısı dekabrın 24-də Xocavəndin Hadrut qəsəbəsində hərbi hissənin açılışında iştirak edib. Bu hərbi hissənin yaradılması ilk növbədə onu göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə yanaşı, onların etibarlı müdafiəsi də dövlətimizin diqqət mərkəzindədir. Eyni zamanda bir daha göründü ki, ordumuzun döyüş imkanlarının daha da artırılması ilə bağlı proseslər davam edir. Həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, həm də yeni silahlı birləşmələr yaradılır. Hadrutda yaradılan Komando briqadası da bunu təsdiq edir. “Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”, – deyə Prezident İlham Əliyev bildirib.
İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması kompleks xarakter daşıyır. Həm infrastrukturlar, həm də şəhər və kəndlər bərpa olunur, yeni hərbi hissələr yaradılır. 2021-ci il ərzində bu ərazilərdə görülən işlər qürurverici olmaqla, Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin və dövlətimizin iqtisadi gücünün təcəssümüdür. 2022-ci ildə isə Qarabağ və Şərqi Zəngəzurun bərpasında daha böyük uğurların əldə olunacağı şübhəsizdir.
Rəşad CƏFƏRLİ,