İlham Əliyev diplomatiyasının Ermənistan üçün ağır nəticələri: Hərbi məğlubiyyət, sosial-iqtisadi böhran- AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Azərbaycan Prezidentinin prinsipial siyasəti İrəvanın təcridini tam başa çatdırıb
Ermənistanın son illərdə iqtisadi tənəzzülü daha da dərinləşib, xaricdən iqtisadi asılılığı artıb. Xarici borc çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Artıq İrəvanda da etiraf edirlər ki, Ermənistanın acınacaqlı vəziyyətə düşməsinin əsas səbəbləri 30 ilə yaxın davam edən işğalçılıq siyasəti və buna görə Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü tədbirlərdir.
Aydındır ki, 44 günlük Vətən savaşında Ali Baş Komandanın və Azərbaycan Ordusunun “Dəmir yumruğ”u Ermənistanı məğlub etməklə yanaşı, siyasi və sosial-iqtisadi xaosa sürükləyib.
Diplomatik gedişlər qarşısında Sarkisyan tab gətirə bilmədi
Ümumiyyətlə, son 18 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatik fəaliyyətin, çevik siyasətin nəticəsində vaxtilə Ermənistanda hakimiyyətdə olmuş Koçaryan-Sarkisyan hərbi xuntası, daha sonra isə Nikol Paşinyan çıxılmaz vəziyyətə düşüblər. Onların iştirakı ilə keçirilən bütün beynəlxalq tədbirlər, sammitlər Azərbaycanın maraqlarına uyğun nəticə ilə yekunlaşıb: İlham Əliyev yüksək siyasi-diplomatik peşəkarlıqla Ermənistan rəhbərliyini daim ifşa edib, rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini əsaslı faktlarla dünya ictimaiyyətinə çatdırıb.
20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejimin hakimiyyətdən qovulmasını təmin edən şərtlərdən biri də məhz Prezident İlham Əliyevin həyata keçirdiyi təcrid siyasəti olub. Bu siyasətin nəticəsində Ermənistan bütün layihələrdən kənarda qalıb, xalqı isə işğal siyasətinin qurbanı olaraq səfalət içində yaşayıb. Son 10 illikdə isə bu ölkədə nəyinsə müsbətə doğru dəyişdiyini görmək, ümumiyyətlə, mümkün deyil.
Bunların fonunda Azərbaycan Vətən müharibəsində Koçaryan-Sarkisyan hərbi xuntasının işğalçı və terrorçu ordusunu məğlub etdi. Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində olarkən dedi ki, Ermənistanın keçmiş rəhbərləri İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər, döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər: “Bəs haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm”.
Hərbi xuntanın üç il bundan əvvəl devrilməsinə baxmayaraq, bu gün də Ermənistanda belə etiraflara rast gəlinir: ölkənin, onun keçmiş rəhbəri Serj Sarkisyanın siyasi fiaskosunun müəllifi İrəvanı uğurla təcrid durumuna salmağı bacaran Azərbaycanın dövlət başçısı İlham Əliyevdir. Azərbaycan Prezidenti öz siyasəti ilə hərbi xuntanın iflasını təmin etdi, müharibə canilərini tarixin arxivinə göndərdi. Bu canilər nə müharibə günlərində, nə də ondan sonra ortalıqda görünmədilər. Ermənistan yalnız Paşinyanın təxribatlarının deyil, həm də Koçaryan və Sarkisyanın həyata keçirdikləri işğal siyasətinin faciəsini yaşadı.
Məğlub Ermənistanın çöküşü davam edir
Ümumiyyətlə, ötən dövr çox aydın şəkildə göstərdi ki, Azərbaycanla normal münasibətlər yaratmadan Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsi mümkün deyil. Bu gün müasir Azərbaycandan bəhs edərkən onu xarakterizə edən əsas cəhətlər sırasında ilk olaraq dünyanın ən sürətlə inkişaf edən, davamlı nailiyyətlərə imza atan ölkəsi olmasına xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir.
Bütün bunlara paralel olaraq uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəltdi. Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin nəticəsidir ki, indi ölkəmizlə qarşılıqlı əməkdaşlığa can atanların sayı durmadan artır.
Ölkəmizdə əldə edilən bu uğurlar fonunda Ermənistana nəzər saldıqda tamamilə əks mənzərə müşahidə olunur. Bunun səbəblərindən biri 30 il davam edən işğal siyasəti, daha sonra isə sülh müqaviləsinin imzalanmasının yubadılmasıdır.
Sülh müqaviləsini imzalamayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Ölkəni tərk edənlərin sayı sürətlə artır. İndi görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olur. Ancaq real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.
Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Bununla yanaşı, Ermənistan iqtisadiyyatında miqyası hər gün genişlənməkdə olan tənəzzül ölkənin xaricdən asılılığını daha da artırır. Eyni zamanda Ermənistanın xaricdən götürdüyü borcların miqdarı sürətlə artır. Bunun nəticəsində işğalçı ölkənin xaricdən maliyyə, iqtisadi, siyasi asılılığı getdikcə daha da güclənir. Belə şəraitdə Ermənistanın formal müstəqilliyini davam etdirə biləcəyi böyük sual altına düşür.
Faktiki olaraq məğlub ölkədə yaranmış iqtisadi böhran, siyasi ziddiyyətlər, həmçinin işsizlik, baş alıb gedən korrupsiya halları, yoxsulluq səviyyəsi bu ölkəni sürətlə çökdürür. İstər köhnə, istərsə də yeni hakimiyyətin yeritdiyi məntiqsiz, ədalətsiz və reallıqdan uzaq siyasətə görədir ki, ölkənin qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasında heç bir irəliləyiş hiss olunmur.
Ermənilər Azərbaycan Prezidentini özlərinə xilaskar kimi görürlər
Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, sülh və əməkdaşlıq üçün irəli sürdüyü təkliflər artıq dünya dövlətləri, beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. Elə bunun nəticəsidir ki, Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyən edilməsinə dair Azərbaycanın təkliflərinə çoxsaylı ölkələr, o cümlədən Cənubi Qafqazda nüfuz sahibi olan dövlətlər tərəfindən tam dəstək ifadə olunur. Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatları, Brüsseldə keçirilən görüşlər də regionda kommunikasiyaların açılmasını özündə ehtiva edir.
Ermənistan buna əvvəllər müqavimət göstərməyə çalışsa da, dünya dövlətlərinin yanaşması onların Azərbaycanı dəstəklədiyini, Ermənistanın yalnız qaldığını göstərir. Bu səbəbdən Zəngəzur dəhlizi, digər istiqamətlər üzrə kommunikasiyaların bərpası ilə bağlı İrəvan mövqeyini dəyişməyə məcburdur. Artıq ötən müddət ərzində Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan tərəfindən mühüm addımlar atılıb. İşğaldan azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişi istiqamətində Azərbaycan tərəfindən görülən işlər bunun təsdiqidir. Eyni zamanda Naxçıvandan da Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişi istiqamətində müvafiq addımlar atılır.
Zəngəzur dəhlizi yeni vacib nəqliyyat xətti olmaqla yanaşı, regional və perspektivdə daha geniş miqyasda əməkdaşlıq əlaqələrinin yaradılması baxımından da son dərəcə mühümdür. Bu, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Zəngəzur dəhlizi “Şərq-Qərb nəqliyyat dəhlizi”nin əhəmiyyətini yüksəltməklə yanaşı, Azərbaycanın Avrasiya məkanında tranzit ölkə kimi əhəmiyyət və imkanlarını da artıracaq.
Erməni mediasının, sosial şəbəkə istifadəçilərinin statusları, şərhləri və mövqelərindən görünür ki, onlar ölkələrinin xilas formulunu Azərbaycanla münasibətləri normallaşdırmaqda, sülh müqaviləsinin imzalanmasında görürlər. Məsələn, “Feysbuk” sosial şəbəkə istifadəçisi, ixtisasca iqtisadçı olduğunu qeyd edən Manvel Levonyan yazır ki, illərdir dediyimiz gerçəkləşir. Nəhayət, yolumuz açılır, işıqlı günlərə çıxa bilərik: “Qarabağ problemi Ermənistanı 30 ildən çox bütün layihələrdən təcrid elədi. 30 ildə itirdiklərimizin hesabatını kim verəcək? Sarkisyan, Koçaryan, çıxın xalqa hesabat verin! Görəcəksiniz, Zəngəzur dəhlizi Ermənistanın xilası olacaq”.
Daha bir sosial şəbəkə istifadəçisi Henrix Qriqoryan isə yazır ki, müharibədən sonra yaranan iqtisadi böhran Ermənistanda insanları acınacaqlı vəziyyətlə üz-üzə qoyub: “Evlərini satanlar, hətta intihar edənlər də olub. Paşinyan, bir vətənini sevən erməni kimi sizə müraciət edirəm ki, kommunikasiyaların bərpasını uzatmayın. Xalqın taleyini əvvəlki hökumət maraqlandırmadı. İlham Əliyevin bu xüsusda atdığı addımlara “hə” deməkdən başqa çarəniz yoxdur”.
Prezident İlham Əliyev seçim üçün Ermənistanın siyasi rəhbərliyinə şans verib. Ermənistan bundan istifadə etməlidir. Başqa yolu yoxdur. İrəvanın təcrid vəziyyətdə qalaraq inkişaf etməsi mümkünsüzdür və ötən dövr bunu çox aydın göstərib. Bütün baş verənlərə baxmayaraq, Azərbaycan istənilən halda Zəngəzur dəhlizinin işə düşməsinə nail olacaq. Bu, kimsənin müqavimət göstərə bilməyəcəyi, qarşısıalınmaz prosesdir.
Bir yanıt yazın