“İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklikləri nəzərdə tutan qanun layihəsi birinci oxunuşda təsdiqlənib. AZERBAYJAN.NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
“İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 14-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihədə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi ilə bağlı yeni müddəalar nəzərdə tutulub. Sənəddə, eyni zamanda, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur. Belə ki, Qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin ediləcək. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.