Dövlət medianın mütərəqqi dəyərlər əsasında inkişafında maraqlıdır – Rəşad CƏFƏRLİ, “Azərbaycan” / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
“Media haqqında” qanun layihəsində nəzərdə tutulan müddəalar KİV-in daha səmərəli fəaliyyəti üçün yeni imkanların yaradılmasına xidmət edir
Söz azadlığı və fikir plüralizmi dünyada demokratik inkişafın əsas meyarlarından sayılır. Demokratik inkişaf yolu seçən Azərbaycanda da həyata keçirilən dövlət siyasətinin istiqamətlərindən birini medianın sərbəst fəaliyyəti üçün şəraitin yaradılması təşkil edir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra bəzi məhdudiyyətlərdən, senzuradan xilas edilən Azərbaycan mediası ötən dövrdə mühüm irəliləyişə nail olub.
İnformasiya məkanının müasir çağırışlara cavab verməsi prioritetlərdən biridir
Sürətlə dəyişən müasir çağırışlar, tələblər və meyarlar isə hər bir sahədə yeni islahatların həyata keçirilməsini qaçılmaz edir. Azərbaycan dövləti medianın mütərəqqi dəyərlər əsasında inkişafında maraqlı olduğundan bu istiqamətdə yeni çağırışlara adekvat yanaşır. “Media haqqında” qanun layihəsinin hazırlanması da bu zərurətdən irəli gəlir.
Xatırladaq ki, hələ bu il yanvarın 12-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda yer alan tapşırıqlardan biri “Media haqqında” qanun layihəsinin hazırlanıb Prezidentə təqdim edilməsi idi. Fərmanda qeyd edildiyi kimi, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyada vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac var. Media sahəsində yeni qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi isə ilk növbədə onu göstərdi ki, milli informasiya məkanında davamlı inkişafa nail olunması dövlət üçün prioritet təşkil edir. Eyni zamanda bu, media islahatları sahəsində dövlətin siyasi iradəsini təcəssüm etdirdi.
Hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu 1999-cu ildə qəbul olunub. Azərbaycanda kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən bu qanuna indiyədək 79 dəfə dəyişiklik edilib, bir sıra maddələri tamamilə çıxarılıb. Bununla belə, bu qanun müasir çağırışlarla uzlaşmır. Media və informasiya sahəsində baş verən sürətli dəyişikliklər isə bu sahədə tamamilə yeni qanunun qəbulunu tarixi zərurətə çevirib.
Layihədə bu günün reallıqları və beynəlxalq təcrübə nəzərə alınıb
“Media haqqında” qanun layihəsi hazırlanarkən bu günün reallıqları, kütləvi informasiya vasitələrinin fəaliyyətinin daha səmərəli tənzimlənməsi məsələləri, bu sahədə beynəlxalq təcrübə nəzərə alınıb. 9 fəsil 78 maddədən ibarət layihədə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydaları öz əksini tapıb. Gələcək qanunun mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılıb. 800-ə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunub.
Sənəddə media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitini təmin etmək, bərabər fəaliyyət imkanları yaratmaq bu sahədə dövlətin əsas vəzifələri kimi göstərilib.
Layihə ilə bağlı mühüm məsələlərdən biri də bu qanunun Azərbaycanda təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilməsidir.
Medianın inkişafında yeni mərhələ başlayacaq
Layihəyə əsasən qanun sosial şəbəkələrin və bloqçuların fəaliyyətini tənzimləməyəcək. Həmçinin “vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu qanunun təsir dairəsinə daxil olmayacaq. İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmayacaq.
Bütün bunlar onu göstərir ki, layihəyə daxil edilmiş mütərəqqi normalar sayəsində ölkə mediasında şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinin əsaslarının təmin edilməsi, ictimaiyyət və media arasında qarşılıqlı etimadın gücləndirilməsi mümkün olacaq. Bütövlükdə isə bu qanun layihəsi media sahəsində münasibətlərin tənzimlənməsinə xidmət edən təşəbbüsdür. Qəbul olunduqdan sonra bu qanun dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək.
Bütövlükdə “Media haqqında” qanun qəbul edildikdən sonra Azərbaycan mediası inkişafının yeni mərhələsinə qalxacaq, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün yeni imkanlar yaranacaq. Qanun layihəsində nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli media məhsulunun istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaq.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”