Xalqa xidmət missiyası

Xalqa xidmət missiyası- Rəşad BAXŞƏLİYEV,-“Azərbaycan” /TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Xalqa xidmət missiyası- Rəşad BAXŞƏLİYEV,-“Azərbaycan” /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - aliyev asker

İlham Əliyevin yüksəliş strategiyası əsasında hər bir bölgənin tarazlı inkişafı təmin edilir

Dünyada geosiyasi risklərin artması, iqtisadi problemlərin dərinləşməsi və qlobal pandemiya ilə mübarizə fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi, eləcə də regionların sosial-iqtisadi inkişafı istiqamətində heç bir layihənin təxirə salınmaması bir daha göstərdi ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir.

Genişmiqyaslı dövlət proqramlarının həyata keçirilməsi regionlarda istehsal və sosial infrastruktur obyektlərinin yaranması, yeni iş yerlərinin açılması, sənaye məhsullarının istehsalının artması ilə nəticələnib.



Qarşıya qoyulan hədəflər



Son 18 ildə regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin prioriteti olub. Bölgələrdən, yerlərdən gələn təkliflər əsasında və ölkənin strateji istiqaməti nəzərə alınaraq regional inkişaf proqramları tərtib edilib. Proqramların məqsədi ondan ibarət idi ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın.

Görünən nəticə odur ki, qarşıya qoyulan konkret hədəflərə çatmaq üçün həyata keçirilən işlər faydasını verir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası bunu təsdiqləyir.

Hazırda ölkədə sayca 4-cü olan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra prosesi davam edir. Prezident İlham Əliyev dövlət proqramı əsasında inşa edilən yeni sosial-iqtisadi obyektlərin təməlqoyma mərasimində iştirak edərək xeyir-duasını verir. Bir müddət keçəndən sonra isə dövlət başçısı görülən işlərin icrası ilə şəxsən maraqlanır və yeni obyektlərin açılışında iştirak etməklə bölgələrin inkişafına böyük töhfəsini verir. Bütün bunları isə Azərbaycan dövləti heç kimdən borc almadan öz hesabına həyata keçirir.

2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramının icrasına başlarkən Azərbaycanın valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Lakin məqsədyönlü tədbirlər sayəsində bu kiçik məbləğ artdı və böyük işlər görüldü. Bu gün ölkənin valyuta ehtiyatları 53 milyard dollara bərabərdir. Belə qısa müddət ərzində valyuta ehtiyatlarının 30 dəfəyə yaxın artması Azərbaycan üçün böyük nailiyyətdir.

Bunlar real göstəricilərdir. Bir zamanlar təbii qaza görə əziyyət çəkən, xaricdən elektrik enerjisi idxal edən Azərbaycan bu gün dünyada neft-qaz ixracatçısı kimi tanınır. Hazırda Azərbaycanda qazlaşdırma 96,3 faizdir və heç bir ayrı-seçkiliyə yol vermədən bütün rayonlar üzrə qazlaşdırmanın başa çatdırılması hökumətin əsas hədəflərindən biridir.

18 il ərzində görülən işlər, həmçinin regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası bölgələrimizin simasını büsbütün dəyişdirib. Onu da vurğulamaq yerinə düşər ki, bu illər ərzindəki iqtisadi göstəricilər ümumi inkişafın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyatın bu müddət ərzində 3 dəfə artması dünya miqyasında rekord göstəricidir.



Ölkənin regionlarında güclü iqtisadi potensial mövcuddur



Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib. Başlıcası isə qeyri-neft iqtisadiyyatının dinamik inkişafı nəzərdə tutulub.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi yüksəlişin effektivliyi, dövlət büdcəsinin gəlirlərinin artırılması və bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması baxımından çox əhəmiyyətlidir. Artıq həyata keçirilən iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq milli iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı sürətlənib.

Qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün ölkənin regionlarında güclü iqtisadi potensial mövcuddur. Ölkənin regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən layihələr böyük uğurlar vəd edir.

Onu da vurğulayaq ki, pandemiya ilə mübarizə dövründə də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası davam etdirilib. Bu müddətdə respublikanın əksər rayonlarında yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri açılıb. Prezidentin dediyi kimi, hər şey plan üzrə gedib və bu gün də davam etdirilir: “Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı icra edilir. Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır”.

Prezidentin respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində açılışını etdiyi, fəaliyyəti ilə tanış olduğu sosial-iqtisadi obyektlər elə deyilənlərin təsdiqidir. Təbii ki, yeni obyektlərin açılışı görülən işlərin həcmini, ölkə iqtisadiyyatının inkişafını göstərir.

Dekabrın 6-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət evində yaradılan şəraitlə tanış olublar. 2020-ci ildən etibarən Qonaqkənd qəsəbəsində kompleks abadlıq və quruculuq işləri həyata keçirilib. Qəsəbədə Ümummilli Lider Heydər Əliyevin abidəsinin ətrafında yeni park salınıb. Həmçinin qəsəbə Mədəniyyət evinin istifadəyə yararsız, qəzalı vəziyyətdə olan binası sökülərək əvəzində yenisi tikilib.

Prezident həmçinin “Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin, Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib. Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işləri, eləcə də Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.



Yeni yollar, 5,5 milyon manat dəyərində məhsul satışı



“ABAD Factory” bir neçə ildir qubalı mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq həm də qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi onlara yardımçı olacaq.

Yerli sakinlər müəssisənin yerləşdiyi yeri uzun illər əsaslı təmirə ehtiyacı olan və istifadəsiz qalan binanın mövcudluğu ilə xatırlayırlar. Memarlıq elementləri qorunmaqla tamamilə yenilənən, qurulan binada artıq kartondan müxtəlif qablaşdırma vasitələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda, tullantı kağızların preslənməsi nəzərdə tutulur.

Xatırladaq ki, “ABAD” Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmanla yaradılıb. Statistik göstəricilər onu deməyə əsas verir ki, “ABAD” fəlsəfəsi əsaslı şəkildə reallaşmaqdadır. İlin 10 ayının yekununda “ABAD” 500 ailəyə dəstək göstərib. Nəticədə “ABAD”çıların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər növ məhsulları satışa çıxarılıb. Ümumilikdə 5,5 milyon manat dəyərində məhsulun “ABAD” vasitəsilə satışı həyata keçirilib. Qubadakı müəssisənin açılışı isə ilkin mərhələdə 20, sonrakı mərhələdə 50 nəfərin işlə təmin olunmasına imkan verəcək.

Prezidentin açılışını etdiyi 46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunacaq. Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi.

Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır. Bu yol həm də turizm imkanlarını daha da genişləndirir.

Sakinlərlə görüş zamanı Prezident bir daha postmüharibə dövrünün yeni reallıqlarına toxunaraq bildirib ki, ölkənin bütün regionlarının inkişafı diqqət mərkəzindədir. Hazırda böyük quruculuq işləri həm Qarabağda, həm də Zəngəzurda aparılır. Tezliklə bu iki iqtisadi rayonun iqtisadiyyatı da ölkə iqtisadiyyatına reinteqrasiya olunacaq və Azərbaycan böyük dividendlər qazanacaq. Azərbaycan iqtisadiyyatı dayanıqlığını təmin edəcək və bu proses bölgələrin sosial-iqtisadi inkişafını şərtləndirəcək layihələrin icrasına real zəmin yaradacaq.



Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Xalqa xidmət missiyası- Rəşad BAXŞƏLİYEV,-“Azərbaycan” /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - aliyev asker

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir