Site icon Turkish Forum

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda yeni həyat qurur

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda yeni həyat qurur-Rüstəm KAMAL,“Azərbaycan” / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda yeni həyat qurur-Rüstəm KAMAL,“Azərbaycan” / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - karabag zengezur

Ermənistanın göz yaşlarına inananların sayı isə getdikcə azalır
Ermənistan 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra hələ də özünə gələ bilmir. Orada siyasi partiyalar və politoloqlar iki cəbhəyə bölünüb. Tərəflər bir-birini erməni xalqının milli maraqlarına xəyanət etməkdə günahlandırır, ölkədəki xaotik durumu dərinləşdirirlər.

Ermənilər siyasi vəziyyəti öz xeyirlərinə dəyişmək və Azərbaycana qarşı diplomatik həmlə etmək istəsələr də, heç nə alınmır. Əksinə, Prezident İlham Əliyevin apardığı siyasət sayəsində hər dəfə diplomatik məğlubiyyətlərə uğrayırlar.

Qonşu ölkə Soçi görüşü ərəfəsində məsələni ciddi qoyacağını, xüsusilə Zəngəzur dəhlizi məsələsinin müzakirəsinə yol verməyəcəyini desə də, nəticə göz qabağındadır. Rusiya Federasiyasının Prezidenti açıq şəkildə dedi ki, regionda sülh və barışın olması üçün bütün kommunikasiyalar açılmalı, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməlidir. Bu isə o demək idi ki, “Moskva göz yaşlarına inanmır”.

Prezident İlham Əliyevin bu il dekabrın 6-da Quba rayonuna səfəri zamanı yerli sakinlərlə görüşündə verdiyi bəyanat əslində İrəvanda başlanan yeni diplomatik oyunlara və siyasi bəyanatlara qarşı Ermənistana və onun havadarlarına edilən qəti xəbərdarlıq idi. Dövlət başçısı nə istədiyini açıq şəkildə bildirmişdir: “…Amma deyirəm ki, bizə tarix versinlər Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda heç bir problem olmayacaq”. Yəni əgər konstruktiv danışıqlardan yayınıb 2020-ci il noyabrın 10-da Zəngəzur dəhlizinin açılması barədə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməsələr, alternativi hərbi yol olacaq.

Cənub qonşumuz olan İranın da yeni reallıqları qəbul etməsi Ermənistanı çıxılmaz vəziyyətdə qoyub. Artıq İran da Zəngəzur dəhlizinin açılmasına və işğaldan azad edilən ərazilərdə işləməyə maraq göstərir. Xüsusilə Azərbaycan və İran arasında Türkmənistan qazının nəqli barədə iki ölkənin razılığa gəlməsi Ermənistan üçün soyuq duş effekti yaradıb. Bununla da Ermənistanın İrana bağladığı ümidləri boşa çıxıb. Səbəbsiz deyil. Çünki Rusiya və Türkiyədən sonra İran, Çin və Avropa ölkələri də Zəngəzur dəhlizinin açılmasında maraqlı olduqlarını bildiriblər.

Əli hər yerdən üzülən ermənilərin ümidi dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin sammitinə qalıb. Sammitdən öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın əlimyandıda Fransaya səfər etmək istəməsi də bununla bağlıdır. Amma Nikol Paşinyanın “biz dünyanın böyük dövlətlərini bezdirmişik və heç kəs bizimlə maraqlanmır” deməsi elə Fransaya da aiddir. Fransız siyasətçilər qarşıdan gələn seçkilərdə ermənilərin beş-üç səsini qazanmaq, daha doğrusu, buradakı erməni iş adamlarından bir qədər vəsait qoparmaq üçün qulağa xoş gələn bəyanatlar verməkdən başqa heç nə etmirlər. Əksinə, Fransanın ciddi biznes dairələri Azərbaycanla iş görməkdə, xüsusilə işğaldan azad edilən ərazilərdə çalışmaq istədiklərini açıq şəkildə bəyan edirlər. Böyük maraqlar fonunda Fransada “kiçik bacı”nın fəryadını eşidən yoxdur, necə ki, “böyük qardaş” da erməni göz yaşlarına əhəmiyyət vermir.

“Total” Fransanın iri neft şirkətidir və ölkədə siyasi dairələrə təsir göstərmək imkanındadır. Bu şirkət həm də ölkəmizdə icra edilən neft-qaz layihələrində əhəmiyyətli tərəfdaşımızdır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev dekabrın 7-də şirkətin kəşfiyyat və hasilat üzrə prezidenti Arnaud Breuillacı qəbul etmişdir. Görüşdə şirkətin prezidenti dövlətimizin başçısına ölkəmizlə bərpaolunan enerji sahəsində əməkdaşlıq etmək arzusunu bildirmişdir. Göründüyü kimi, Fransa şirkətləri üçün ermənilərin nə deməsi maraqlı deyil, onların istəkləri Azərbaycanla əməkdaşlıq edib gəlirlərini artırmaqdır.

Eləcə də Rusiyanın böyük biznes və maliyyə dairələrinin ölkəmizə gəlib işğaldan azad olunan ərazilərdə iş görmək istəmələri erməniləri çox məyus edib. Çünki onlar illərlə Rusiya iş adamlarını cəlb etmək istəsələr də, buna nail ola bilməyiblər.

Ermənilərin danışıqları uzatmaqda və bölgədə gərginliyi saxlamaqda əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpasına mane olmaq, ən azından bu prosesi bir qədər gecikdirməkdir. Güman edirlər ki, həmin ərazilərdə xarici ölkələrin biznes qurması, yerli əhalinin doğma yerlərə qayıtması “status”, “problemin həlli” kimi cəfəng bəyanatlarla yubadıla bilər. Bu baxımdan Zəngəzur dəhlizinin açılması ermənilərin ölkəmizlə bağlı bütün iddialarına son qoyulması demək olacaq.

Prezident İlham Əliyevin apardığı siyasətin əsas məqsədi işğaldan azad edilən əraziləri siyasi mübahisə predmetindən çıxarıb iqtisadi əməkdaşlıq müstəvisinə çevirməkdir. Bu gün işğaldan azad olunan torpaqlara dünyanın inkişaf etmiş ölkələrinin investisiya yatırmaq üçün növbəyə durması dövlətimizin başçısının böyük qələbəsindən xəbər verir.

Deyilənləri bu fakt da təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub. Onların təxminən üçdəbiri xarici, qalanı yerli şirkət və sahibkarlardır. İnvestisiya layihələrinin prioritetliyi təhlil olunur, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir. İnnovasiya fəallığının artırılması və iqtisadi canlanmanın təşkili, bu sahədə çalışacaq sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə müvafiq təkliflər hazırlanır. Təkliflərdə vergi, gömrük və kommunal xidmətlər üzrə güzəştlərin tətbiqi, maliyyə mənbələrinə çıxışın asanlaşması (dövlət zəmanəti ilə bank kreditlərinin verilməsi) kimi dəstək tədbirləri əksini tapacaq.



Rüstəm KAMAL,

Exit mobile version