Azərbaycan işıqlı ölkəyə çevrilib – Flora SADIQLI, – “Azərbaycan”/ TURKISHFORUM – ABDULLAH TÜRER YENER
axın keçmişdə xaricdən elektrik enerjisi alan ölkəmiz indi onun ixracatçısıdır
Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları çərçivəsində Azərbaycanda hər il yeni-yeni generasiya gücləri yaradılır.
Bunun nəticəsidir ki, 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan artıq onun ixracatçısına çevrilib.
Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağını bəyan edib. Bu məqsədlə ölkənin elektrik enerjisi sistemi getdikcə daha da gücləndirilir və təkmilləşdirilir. Bu da dövlət başçısının həyata keçirdiyi əsaslı islahatlar sırasında enerji sektorunun müasirləşdirilməsinin və inkişafının özünəməxsus yeri olduğunu təsdiqləyir. Bu işlər geniş miqyası və mühüm əhəmiyyəti ilə seçilir. Enerji sisteminin etibarlılığının təmin edilməsi üçün mükəmməl infrastrukturun yaradılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. İstifadəyə verilən stansiya və yarımstansiyaların açılışında Prezident İlham Əliyevin iştirak etməsi diqqəti bir daha bu hadisələrin önəmli olduğuna yönəldir.
“Harada elektrik enerjisi varsa, orada inkişaf da var” deyir Prezidentimiz. Bir-birinin ardınca işə salınan yeni stansiya və yarımstansiyalar da məhz bu inkişafa xidmət edir. Belə ki, istənilən şəhər, yaxud rayonda istifadəyə verilən enerji obyektləri yerləşdikləri ərazinin iqtisadiyyatına və orada yaşayan əhalinin sosial həyatına böyük dəstək göstərir. Eləcə də 2021-ci ildə istismara daxil olan enerji qurğuları ölkəmizin iqtisadi gücünü artırıb. Bu sahədə Prezidentin son aylarda açılışını etdiyi obyektlərdən yalnız bir neçəsıni xatırlatmaq kifayətdir.
İyun ayında dövlət başçısı Bakının Binəqədi rayonunda “Azərenerji” ASC-nin yenidən qurulan 110/35/6 kilovoltluq “Binəqədi” yarımstansiyasının açılışında iştirak etdi. 1952-ci ildə inşa edilən bu yarımstansiya istismar müddətini bitirmişdi. Bu isə texnoloji itkilərin çoxalmasına, müxtəlif qəza hallarının, qısaqapanmaların baş verməsinə, istehlakçıların enerji təchizatında fasilələrin yaranmasına səbəb olurdu. Odur ki, yarımstansiya müasir avtomatika sistemləri ilə təchiz edilərək tam yenidən quruldu. İndi “Binəqədi” yarımstansiyası paytaxtın Binəqədi, Nərimanov, Nəsimi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatının təmin olunmasında mühüm rol oynayır.
Paytaxtda daha bir yarımstansiya avqust ayında istifadəyə verildi. Açılışında dövlət başçısının iştirak etdyi bu enerji obyekti əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasıdır. Yaşı 90-na yaxınlaşan bu yarımstansiya istismar müddətini çoxdan başa vurmuşdu. Odur ki, artan tələbatı ödəyə bilmirdi. Yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli varianta keçirildi və tam yenidən quruldu. Xüsusi layihə əsasında yarımstansiyanın gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirilib, itkilər azaldılıb. Eləcə də yarımstansiyanın transformatorlarının ümumi gücü 126 meqavolt amperədək artırılıb. Bu yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edir.
Avqustda Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının açılışını etdi. Yarımstansiya vaxtilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdi və istismar edildiyi onilliklər ərzində köhnəldiyindən yeni texnologiyalara cavab vermir, bununla yanaşı, dəfələrlə artan tələbatı ödəyə bilmirdi. Məhz buna görə Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkənin ən böyük yarımstansiyası olan “Abşeron” yarımstansiyası əsaslı şəkildə yenidən quruldu.
Bu yarımstansiya bütövlükdə Bakının və Abşeron yarımadasının əksər hissəsini elektrik enerjisi ilə təchiz edir. Qeyd edək ki, “Abşeron” enerji qovşağı nəinki Bakı və Abşeron yarımadasının, bütövlükdə ölkənin enerji sisteminin əsas bazası hesab olunur. Belə ki, Mingəçevir, Şirvan və digər şəhərlərdə yerləşən iri elektrik stansiyalarından çox böyük həcmdə yük məhz “Abşeron” yarımstansiyasına, buradan isə sistem əhəmiyyətli 330, 220 kilovoltluq yarımstansiyalara ötürülür.
Sentyabr ayında açılışı olan “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyası ölkənin enerji sistemində aparılan islahatların daha bir uğurlu nəticəsidir. Dövlət başçısı bu obyektin də istifadəyə verilməsində iştirak etdi.
Prezidentin tapşırığına əsasən, 2018-ci ilin sonunda qəbul edilən Enerjisistemin Reabilitasiya Proqramı xüsusi əhəmiyyəti ilə seçilir. Bu proqram əsasında təcili işlər görülməsəydi, 2019-cu və 2020-ci illərin yayında artan tələbatın, həmçinin Kür çayında və Xəzər dənizində suyun səviyyəsinin kəskin aşağı düşməsinin fonunda enerjisistemdə problemlər yarana bilərdi. Ümumiyyətlə, proqram çərçivəsində 12 elektrik stansiyasında və 23 yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib. Reabilitasiya proqramı çərçivəsində “Sumqayıt” Elektrik Stansiyasında əsas avadanlıqlar, generatorlar və digər qurğular əsaslı təmir olunub. Bununla yanaşı, stansiyanın mövcud su nasos stansiyası da əsaslı şəkildə yenidən qurulub. Bu, stansiyanın etibarlı və səmərəli fəaliyyətinə müsbət təsir göstərib. Elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağa qənaət etmək imkanı yaranıb. Stansiyanın yük artımı 20 meqavata çatıb.
İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin ön sırasında da elektrik enerjisi obyektlərinin bərpası və yenilərinin tikintisi dayanır. Məsələn, bir neçə ay əvvəl Şuşada Prezidentin iştirakı ilə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyası istifadəyə verildi. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə iki ay yarımdan da az bir müddətdə icra olundu. Bu isə yalnız Azərbaycan energetikasında deyil, bütün regionun energetika tarixində bir rekorddur.
Düşmən tapdağından azad etdiyimiz ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam etdirilir. Oktyabr ayında Prezident İlham Əliyev yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoydu. İnnovativ yeniliklərin tətbiqi ilə inşa olunacaq yarımstansiya perspektiv planlar üçün böyük önəm daşıyır. Belə ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan yarımstansiya Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Yarımstansiyada “Ağıllı” Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq.
Qarabağda və Şərqi Zəngəzurda bir sıra enerji obyektləri isə artıq nur saçır. Məsələn, Prezidentin oktyabrda Cəbrayıl rayonunda açılışını etdiyi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyası. Yarımstansiya, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Buradan eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən onun mərkəzi, bütün kənd və qəsəbələri işıq alacaq.
110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə oktyabr ayında işə salınıb. İşğala qədər 40 min nəfərdən çox əhalisi olan Zəngilan rayonunun ümumi enerji tələbatı orta hesabla 7 MVt təşkil edib. Hazırda ərazisində hava limanı, qızıl, mis yataqları, dağ-eko, aqro və mədəni turizm, “ağıllı şəhər”, “ağıllı kənd” də daxil olmaqla qeyri-əhali abonentlərin və 50 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Zəngilanda 2040-cı il üçün elektrik enerjisi tələbatının 40 MVt-dan artıq olacağı gözlənilir. Məhz bu səbəbdən də Zəngilan rayonunun və ümumilikdə Şərqi Zəngəzur iqtisadi rayonunun gələcək inkişaf istiqamətləri nəzərə alınaraq artacaq güc tələbatlarının qarşılanması məqsədilə yeni çəkilən 110 kV-luq ikidövrəli elektrik verilişi xəttinin gücötürmə qabiliyyəti 150-160 MVt-dır.
Prezident İlham Əliyev hələ cari ilin əvvəlində bəyan etmişdi ki, əsas diqqət işğaldan azad edilmiş ərazilərimzdəki bərpa və quruculuq işlərinə yönəldilsə də, bu, digər bölgələrdə yeni layihələrin reallaşmasını arxa plana keçirməyəcək. Dediyi bütün sözlərə və verdiyi bütün vədlərə əməl edən Prezidentimiz bu il ölkənin hər tərəfində yeni istehsal və sosial əhəmiyyətli obyektlərin açılışını etdi. Elə keçən ay Şamaxıda Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışını xatırlatmaq kifayətdir.
Bir sözlə, Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi islahatların bir hissəsini təşkil edən, enerji sektorunun gücünü və əhəmiyyətini artıran layihələr getdikcə artır, ölkəmizi daha gur işıqlarla nurlandırır. “Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu, olmasa, heç nə olan deyil. Bu, olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur” deyir Prezidentimiz.
Flora SADIQLI,
“Azərbaycan”