SOYQIRIM GERÇƏYİMİZİ TANITDIRMAQ ÜÇÜN NƏ ETMƏLİYİK? RUFAT MURADLİ -BAKÜ /TURKISHFORUM- ABDULLAH TÜREER YENER
SOYQIRIM GERÇƏYİMİZİ TANITDIRMAQ ÜÇÜN NƏ ETMƏLİYİK?
23 ildir ki, 31 mart tarixi dövlət səviyyəsində Soyqırım günümüz kimi qeyd edilir. Hansı ki, həmin soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürü də sayılır. Azərbaycan türklərinin kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən hesab oluna bilər.İllərdir ki, ölkə daxilində, istərsə də xaricdə yaşayan soydaşlarımızın da soyqırım günü ilə bağlı tədbirləri keçirilir. Şübhəsiz ki, bu il pandemiya ilə əlaqədar olaraq durum fərqlidir. Amma soyqırımı tanıtdırma ilə bağlı ötən iki onillikdə nə qədər uğurlu siyasətə şahid olmuşuq? Bu tablonu namərd qonşularımızın “soyqırım” iddiaları ilə bağlı fəaliyyətləri ilə müqayisə edə bilərikmi? Dünyanın 20-dən artıq ölkəsinin, o cümlədən Avropanın Fransa, İtaliya, Almaniya kimi nəhənglərinin , ABŞ-ın 30 dan cox ştatının və nəhayət hələ 1995-ci ildən Rusiyanın da rəsmən tanıdığı bir “soyqırım” iddiasının müqabilində biz, Azərbaycan olaraq gerçək bir soyqırım faktını dünya ictimaiyyətinə çatdırmaq xüsusunda nə qədər təsirli fəaliyyət göstərmişik?Bu insanlıq cinayəti ilə bağlı cavabdeh olan dövlət qurumu ya qurumları qonşularımızın total təbliğat hücumuna adekvat cavab verə biliblərmi?
Əlbəttə ki, hələ 20-ci əsrin sonlarında bəşəriyyətin gözləri önündə törədilən Xocalı soyqırımının bəzi ölkələr tərəfindən rəsmi şəkildə tanınmasına nail olmaq görülən işlərin “pik nöqtəsi” sayıla bilər. Amma Meksika, Honduras, Kolumbiya, Peru, Çexiya, Bosniya-Hersoqovina və Pakistanın dünyanın siyasi arenasındakı yerindən bəhs etməkdə hər hansı fayda görmürəm. Dünyanın bizə qarşı ikili standartlarla davranması faktını da qəbul edirəm. Amma ümumilikdə dövlət və millət olaraq bu yöndəki kompleks fəaliyyətlərimiz nə qədər effektiv olub?
Təəssüf ki, medianın (burada hakimiyyətin yaratdığı imkanlardan faydalanan KİV-lər nəzərdə tutulur) rolu da bizi soyqırıma məruz qalan məzlum bir millət kimi təqdim etməklə məhdudlaşır. Sonucda cəmiyyətdə mübarizə ruhu sönür, problemlərin rasional həll yollarının tapılması ilə bağlı yollar dalana dirənir.
Digər tərəfdən Azərbaycan ordusunun gücü və potensialından bəhs edən müsahibələr və mövqelərin təqdim edilməsi də artıq cəmiyyətdə ikrah obyektinə çevrilib. Başqa tərəfdən əgər ümummilli məsələlərdə iqtidar –müxalifət ayırımı qabarırsa və bu tendensiya xaricdəki diaspora fəaliyyətlərindən belə yan keçmirsə nəticədə milli təşkilatlanmada da uğursuzluqla üzləşəcəyik. Elə bu yanlış siyasətin nəticəsidir ki, soyqırım tədbirlərinə soydaşlarımızın cəlb olunması üçün xaricdə fəaliyyət göstərən qurumlarımız ermənilərdən fərqli olaraq xüsusi maddi-həvəsləndirici vasitələrdən belə istifadə edirlər. Halbuki ümummilli məsələlərdə mənəvi faktorlar prioritet təşkil etməlidir. Nə yazıq ki, diaspora siyasətimiz yalnız maddi dayaqlara söykəndiyi üçün bu yetərsizlik özünü aşkar şəkildə büruzə verib.
Təsadüfi deyil ki, bu xüsusda mühacirətdəki dostlarımızdan biri deyirdi ki, Avropadakı tədbirlərdən birinə qatılan üç minə yaxın erməninin dörd yüzə yaxını uzaq Avstraliyadan gəlmişdi. Üstəlik, öz imkanları hesabına. Amma onları təşkilatlandıran məhz erməni diasporası idi. Yaqin ki, bizdən fərqli olaraq iqtidar- müxalifət yönünü də nəzərə almadan. Bizimkilər isə nə yazıq ki, hələ də Bakıdan gələcək “direktivlər” və bu “direktivlər”i şərtləndirən “qəpik- quruşlar”a ümid etməkdədirlər.
Bütün bunları müşahidə edəndən sonra əlbəttə ki ermənilərin təbliğat sahəsindəki uğurlarının səbəblərini gedib uzaqda axtarmağa dəyməz.
Düşünürəm ki, əslində diaspora fəaliyyətini əsas etibarilə mühacirətdəki soydaşlarımızın vətəndaş təşəbbüslərinin öhdəsinə buraxmaqla daha uğurlu sonuclar ala bilərik. Üstəlik bu sahədə nəhəng dövlət qurumunun olmaması ilə dövlət büdcəsinə qənaət olunmaqla yanaşı ölkə xaricində diaspora fəaliyyətləri ve lobbiçilik adı ile “tələf” olunan yersiz xərclərin də qarşısı alınar. Hətta Diaspora komıtəsinin maddi “dəstəyi” üstündə gedən “savaşlara” da xitam verilmiş olar.
Şəxsi müşahidələrim bunu da deməyə əsas verir ki, belə olduğu təqdırdə mühacirətdə Quzey ve Güney Azərbaycan adına fəaliyyət göstərən soydaşlarımız arasında da inteqrasiya, əməkdaşlıq atmosferi də yüksək səviyyədə və səmimi atmosferdə olar. Eləcə də diaspora çalışmalarında nisbətən müstəqil və aktiv təşkilatlar üçün süni surətdə yaradılan “alternativlər” də ortaya çıxmaz. Hər halda bu fəaliyyət sferası həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması yönündə önəmli, lakin yetərsiz qalan sahədir.Və düşünürəm ki, bu mövzuya təkrar-təkrar qayıtmağımızda fayda ola bilər. Amma hazırkı status-kvoda Azərbaycan hakimiyyəti, daha korrekt ifadə etsək, hakimiyyətin diaspora ilə məşğul olan qurumu milli faciələrimiz və tarixi həqiqətlərimizin tanıtdırılması yönündəki fəaliyyətlərə daha peşəkar, iqtidar maraqlarını deyil, məhz dövlət və milli maraqları əsas tutan prizmadan yanaşmalıdır. Bu istiqamətdə qardaş Türkiyə xalqının xaricdəki diasporası ilə paralel çalışmalarda da böyük fayda olacağını düşünürəm. Biz dünyaya faktlarla, sənədlərlə, arqumentlərlə səslənməyi bacarmalıyıq. Bəzi dövlətlərin ikili standartları ilə üzləşsək də belə, xalqlara ədalətli mövqeyimizi çatdırmaqda israrlı olmalıyıq. Yetər ki, haqlı olduğumuzu haqlı və doğru yanaşma ilə təqdim edək, tanıtdıraq!
Rüfət Muradlı
SOYQIRIM GERÇƏYİMİZİ TANITDIRMAQ ÜÇÜN NƏ ETMƏLİYİK?
Konu Hakkında okumaya devam et: Azerbaycan Türkçesi
Bir yanıt yazın