İqtisadiyyatın gücü, insanların zəhməti ilə davam edən ZƏFƏR

İqtisadiyyatın gücü, insanların zəhməti ilə davam edən ZƏFƏR – İradə ƏLİYEVA, / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

İqtisadiyyatın gücü, insanların zəhməti ilə davam edən ZƏFƏR - İradə ƏLİYEVA, / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - ilhamaliyev mehribanaliyev

Tarixboyu belə olub: əgər qazanılmış hərbi qələbənin ardınca quruculuq prosesi başlanırsa, deməli o qələbəni əldə etmiş xalq parlaq gələcəyə doğru gedən yoldadır.

Bu yöndə atılan hər addım həmin torpaqlarda o xalqın varlığını, həyatını, arzu və niyyətlərini, davamlı nailiyyətlərini əbədi edir. Əgər hərbi qələbəni inkişaf və quruculuq davam etdirmirsə, deməli, o qələbə müvəqqəti bir nəticədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordumuzun qüdrəti ilə qazanılmış Zəfəri iqtisadiyyatımızın gücü, əməkçi insanlarımızın zəhməti, yurdumuza tükənməz sevgisi ilə davam etdirir. Bu gün Qarabağda, Şərqi Zəngəzurda təməli qoyulan hər tikili, üst-üstə hörülən hər daş, torpağa əkilən hər fidan bu sevginin ifadəsidir. Böyük gücün, zəhmətin, dünyaya fayda vermək arzusunun, Azərbaycan insanının quruculuq əzminin təcəssümüdür.



Xarabalıqlardan “ağıllı” kənd və şəhərlərə doğru



Mənfur düşmən torpaqlarımızı nə üçün işğal etdiyini, niyə onillərlə dağıntılar apardığını, ötən 30 il ərzində bundan nə qazandığını indiyədək heç kimə doğru-dürüst izah edə bilməyib. Çünki ortada Ermənistan cəmiyyətinin bu münaqişədən nə qazandığı özünə də məlum deyil. Əksinə, ağılsız itkiləri var.

30 il ərzində işğalçılar bu ərazilərdə heç bir iqtisadi baza yarada bilməyiblər. Yaratdıqları viranələrdir. Azərbaycanın vəhşicəsinə dağıdılan əmlaklarıdır. Vətəndaşlarımızın talan edilmiş mülkiyyətidir. Sivilizasiyadan uzaq olan vandalların bu ərazilərdə qurulu nə varsa yerləyeksan etmələridir. Təbii ki, işğalçılar bədnam əməllərinin əvəzini ödəməli olacaqlar.

O zaman bir daha anlayacaqlar ki, faşizmə məxsus millətçilik nağılları heç kimə xeyir gətirməyib. Bir daha dərk edəcəklər ki, nə istədiyini başa düşməyən, kimlərinsə əlində alətə çevrilən, regionun inkişafını əngəlləyən, özünü çıxılmaz vəziyyətə məhkum edən bir xalqın gələcəyi ola bilməz.

Bu gün azad yurdlarımızda sürətli şəkildə həyata keçirilən quruculuq işləri bizim illər əvvəl qəlbimizdə qövr edən arzularımızdır. Həmişə düşünürdük ki, təki torpaqlarımız azadlığa çıxsın, biz doğma yurdlarımızı əvvəlkindən də gözəl qurarıq. Onların hər daşına sevgimizi qoyarıq. Hər ağacını qəlbimizin hərarəti ilə isidib boya-başa çatdırarıq. Azərbaycan xalqını ən böyük arzusuna yetirən dövlət rəhbərimiz xalqın bu istəyini də reallığa çevirir. Qarabağı, Şərqi Zəngəzuru ayağa qaldırır, inkişaf axarına qovuşdurur. Bu torpaqların işğal illərindən, erməni vandallarının mənfur əməllərindən qalmış ürək dağlayan görkəmini addım-addım dəyişir, xarabalıqları abadlaşdırır. İşğaldan azad edilmiş rayonlarımızda yollar çəkilir.

Bu torpaqların dünyaya, sivilizasiyaya açıq olması üçün hava limanları tikilir. Azərbaycan azad ərazilərini yenidən qurur. Regiondan dünyaya yeni qapılar açır. Hər kəsi, bütün qonşu ölkələri bu imkanlardan birgə faydalanmağa çağırır. Hamını sülhü qorumaqdan ötrü çalışmağa, yeni inkişaf imkanları tapmağa, tərəqqiyə mane olan əngəlləri ortadan götürməyə dəvət edir. Ona görə bu gün bütün dünyanın gözü Azərbaycandadır. Dünya bizə baxır!



Quruculuq işləri təməldən başlayır



Qarabağda, Şərqi Zəngəzurda quruculuq işlərinin təməldən aparılması bütün bu tədbirlərin ən müasir çağırışlar nəzərə alınmaqla həyata keçirilməsinə geniş zəmin yaradır. Bir kəndin, şəhərin formalaşması yüzilliklərin möhtəşəm faktıdır. Bu prosesdə müxtəlif nəsillər iştirak edir. Hər nəsil də kəndin, şəhərin, qəsəbənin simasında öz izlərini qoyur. Həmin izləri dəyişmək, yaşayış məskənlərini müasir tələbələrə uyğunlaşdırmaq, adətən, çox çətin olur. Mükəmməl baş planların formalaşdırılmasına memarlar çox əmək sərf edirlər. Adam hətta ata-babadan qalmış kiçik bir evi də müasir tələblərə, öz istəklərinə nə qədər uyğunlaşdırmağa çalışsa da, yenə ürəyi istəyən kimi alınmır. Görürsən ki, haradasa kəm-kəsir qalır. O planlaşdırma, səliqə-səhman, nizam hər zaman əldə edilmir.

Azərbaycan isə bu gün azad yurdlarımızda quruculuq işlərinə təməldən başlayıb. Şuşa kimi tarixi şəhərlərimizin qədim simasının qorunması, bu misilsiz məkandakı ayrı-ayrı abidələrdə həyata keçirilən bərpa layihələri ilə yanaşı, ümumiyyətlə, heç bir salamat tikilinin qalmadığı Ağdam, Füzuli kimi şəhərlərimizdə, Zəngilan rayonunun Ağalı kəndində innovativ şəhərsalma layihələri həyata keçirilməkdədir. Yaxın illərdə bu şəhərlərin necə olacağını onların mediada təqdim olunan layihələrindən, maketindən görürük. Etiraf edək ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki sayaq bu cür mükəmməl, hər şeyi öz yerində, nizamında qurulan yaşayış yerlərimizin olmasını nə vaxtsa çoxumuz arzulamışıq. Xaraba qoyulmuş yurdlarımızı yenidən qurmaq ehtiyacı varkən Azərbaycan dövləti indi bu yaşayış məntəqələrini məhz xəyallarımızdakı kimi tikib yaradır.

Bunun ilkin örnəklərindən biri Azərbaycanda ilk “ağıllı kənd” kimi inşa olunan və tikintisi artıq başa çatmaqda olan Ağalı kəndidir. Zəngilan rayonunun bu kəndində “ağıllı kənd” layihəsinin təməli Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Zəngilana səfəri zamanı qoyuldu. Bununla işğaldan azad olunmuş ərazilərimizdə müasir çağırışlara, beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanıldı.

“Ağıllı kənd” layihəsinin icrası 5 komponent üzrə aparılmaqdadır. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə tam izolyasiya olunmuş və innovativ inşaat materiallarından istifadə edilməklə tikilmiş 200 fərdi ev olacaq. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də “ağıllı” texnologiyalar əsasında qurulmaqdadır.

Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri salınacaq, həmçinin turizm infrastrukturu formalaşdırılacaq. Onu da bildirək ki, bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. “Ağıllı kənd təsərrüfatı” kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, habelə dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə birləşdirir. “Ağıllı təsərrüfatlar” kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir. “Ağıllı kənd” təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su, elektrik və günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “ağıllı kənd”in hansı üstünlüklərə malik olduğunu sərgiləyir.



Dördüncü böyük şəhər



Azərbaycanın dördüncü böyük şəhəri kimi planlaşdırılmış Ağdam da “ağıllı şəhər” konsepsiyasına uyğun tikilməkdədir. Onun 1,5 min hektarlıq ərazisi müasir şəhər qismində qurulur. Burada binalar xüsusi beynəlxalq standartlara uyğun “ağıllı binalar” tipologiyasına uyğun olaraq inşa edilir. “Ağıllı şəhər” yanaşması təbii ki, burada həm ağıllı idarəetməni, həm də müasir texnologiya üzrə peşəkar kadrlar hazırlanmasını nəzərdə tutur. Ağıllı cəmiyyət, sağlam ətraf mühit, həyat tərzi, nəqliyyat və rabitə, rəqəmsal əsaslı şəbəkələr qlobal miqyasda yeni yanaşmadır.

Ağdam 100 min nəfər sakin üçün planlaşdırılır. Baş plana görə, burada 1750 fərdi ev və 23 min mənzilin inşa olunacağı nəzərdə tutulur. Beləliklə, şəhər sakinlərinin üçdəbiri fərdi evlərdə yaşayacaq. Ağdam rayonundakı evlərin daha böyük həyətyanı sahələrlə təmin olunacağı bildirilir. Şəhərdə ictimai yaşıllıq məkanları da qurulacaq. Belə ki, hər bir Ağdam sakini evindən çıxarkən 400 metr aralıda istirahət parkına çatacaq.

Şəhərdə ictimai nəqliyyat vasitəsi olaraq relslərsiz təkərlər üzərində hərəkət edəcək tramvay xətləri də yaradılacaq. Burada həmçinin Qarabağ Universitetinin yaradılması nəzərdə tutulur. Ağdam bütün Qarabağın təhsil mərkəzi olacaq. Ağdamın baş planında BMT-nin UNICEF qurumunun “Ağıllı və dayanıqlı şəhərin müddəaları haqqında” kitabçasında göstərilən 18 müddəasının hər biri nəzərə alınıb. Məsələn, ağıllı və ya dayanaqlı şəhər prinsipinə uyğun olaraq, rayonda su, elektrik təchizatı, sosial infrastruktur elə qurulacaq ki, onlar ən əlçatan şəkildə olsun və sakinlərə xəstəxana, məktəb və ya baş meydana piyada çatmaq imkanı verilsin. “Ağıllı şəhər” konsepsiyasının tələb etdiyi kimi, şəhərin bütün elementləri 125 hektarlıq meşədən tutmuş, su kanalları, göl, müasir körpülər və yollar vahid sistemin tərkibində öz yerini tutacaq.

Ağdamda sənaye parkının yaradılması istiqamətində böyük işlər görülür. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların təşkili planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi, Ağdamda sənaye mərkəzi mövcud olacaq.

Qısa müddətdə Füzulidə inşa olunaraq istismara verilən beynəlxalq hava limanı, həmçinin Zəngilanda, Laçında tikilməkdə olan hava limanları da Azərbaycan dövlətinin quruculuq əzminin, azad yurdlarımızdan dünyaya açılan inkişaf yollarının təcəssümüdür.



Keçmişlə gələcəyin vəhdətindəki Azərbaycan



Bu gün Azərbaycan dövləti innovasiyaların tətbiqi ilə xarabalıqların yerində “ağıllı” şəhərlər, kəndlər salmaqla yanaşı, ermənilərin illər ərzində barbarcasına dağıtdıqları tarixi abidələrimizi də həyata qaytarır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bərpa layihələri bu abidələrimizə yeni bir ömür bəxş edir. Onlar Azərbaycan xalqının bu torpaqlarda yaratdığı zəngin mədəniyyətin və bundan sonra bu yurdlarda əbədi yaşamaq əzmimizin simvolu kimi nəsillər arasında rabitəni təmin edir.

Dünya quruculuq dünyasıdır. Qanlı münaqişələrə səbəb olan kin-küdurət, saxta tarixi miflər müvəqqəti, insanların rifahı üçün qurulub-yaradılanlar isə əbədidir.



İradə ƏLİYEVA,

İqtisadiyyatın gücü, insanların zəhməti ilə davam edən ZƏFƏR - İradə ƏLİYEVA, / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - ilhamaliyev mehribanaliyev

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir