Heydər Əliyevin ucaltdığı bayraq – İlhamə İSABALAYEVA BAKÜ / TURKISHFORUM- ABDULLAH TÜRER YENER
Bu gün Qarabağ və Şərqi Zəngəzurda qürurla dalğalanır
1918-ci ildə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş milli bayrağımiz ikinci dəfə məhz Naxçıvan Muxtar Respublikasında qaldırılıb.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət atributları müəyyən edilib, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) adından “Sovet Sosialist” sözləri çıxarılıb və Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı Naxçıvanın milli bayrağı kimi qəbul olunub.
Sovet dövlətinin dağıdılmasının siyasi təməlləri ilk dəfə Naxçıvanda atılıb
Sovet hakimiyyətinin hələ dağılmadığı bir dövrdə bu cəsarətli təşəbbüs zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olan Heydər Əliyev tərəfindən irəli sürülüb.
“Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarın verilməsi müstəqil Azərbaycanın dövlətçilik tarixində ilk və mühüm dövlət sənədlərindən idi. 70 illik imperiya əsarətindən sonra milli bayrağımızın ilk dəfə Naxçıvanda qaldırılması müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesinin məhz muxtar respublikadan başlanılması demək idi.
Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmaqla ölkəmizdə gedən siyasi proseslərə güclü təkan verdi. Bu proseslərin nəticəsi olaraq, müstəqilliyini yeni elan etmiş Azərbaycanın qırmızı sovet bayrağı üzərində ağ rəngli aypara ilə səkkizguşəli ulduzun təsvir olunduğu üçrəngli bayraqla əvəzləndi. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti həmin bayrağı dövlət bayrağı kimi təsdiq etdi.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 21 iyul 1990-cı ildə Moskvadan Azərbaycana qayıdışı ilə ölkəmizin ictimai-siyasi həyatında yeni tarixi mərhələ başladı. Siyasi mühacirətdən Vətənə qayıdış həm də, öz növbəsində, Ulu Öndərin yenidən böyük siyasətə dönüşünün əsasına çevrildi. Məhz bu dövrdən etibarən Azərbaycanda dövlət müstəqilliyi uğrunda mübarizə ideyadan hərəkata doğru inkişaf etdi. Ümummilli Lider Heydər Əliyevin ölkədə atdığı hər addım, onunla əlaqədar baş vermiş bütün hadisələr Azərbaycanın siyasi həyatında ciddi reaksiya doğurdu, geniş əks-səda verdi, milli azadlıq mübarizəsinin genişləndirilməsinə güclü surətdə təsir göstərdi. Beləliklə, Heydər Əliyev faktoru Azərbaycanda milli azadlıq və demokratiya uğrunda mübarizənin əsas amilinə, hərəkətverici qüvvəsinə çevrildi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Sovet Respublikasının siyasi rəhbərliyi tərəfindən qəbul edilmədiyi üçün taleyin hökmü ilə Naxçıvana gəlməsi ilə muxtar respublika milli azadlıq mübarizəsinin qaynar qazanı statusunu qazandı. Həmin illərdə Naxçıvan Muxtar Respublikası azadlıq və demokratiyanın əsas laboratoriyası funksiyasını yerinə yetirdi. Ulu Öndər Heydər Əliyevin adı və Naxçıvandakı fəaliyyəti ilə bağlı olan tarixi addımlar dövlət müstəqilliyi uğrunda mübarizənin inkişaf pillələri oldu.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinə doğru mübarizəsində Naxçıvan MSSR Ali Sovetinin 17 noyabr 1990-cı il tarixdə keçirilmiş birinci sessiyasının xüsusi əhəmiyyəti olub. Bu tarixi sessiya ilə Azərbaycanda dövlət müstəqilliyinin yenidən bərpa edilməsinin əsası qoyulub. Naxçıvan MSSR Ali Sovetinin 17 noyabr 1990-cı il tarixli sessiyasında ilk dəfə olaraq sovet dövlətinin dağıdılmasının siyasi təməlləri atılıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Ali Sovetin Ali Məclis adlandırılması SSRİ-nin tarixində görünməmiş hadisə idi. Bu miqyasda möhtəşəm və cəsarətli qərarların qəbul edilməsi yalnız və yalnız böyük təcrübəyə, aydın siyasi uzaqgörənliyə, dəmir iradəyə malik Heydər Əliyev miqyasında olan böyük dövlət xadimi tərəfindən həyata keçirilə bilərdi.
Sovet bayrağının endirilməsi ilk dəfə Naxçıvanda baş verib
İsa Həbibbəyli qeyd edir ki, hələ SSRİ adlanan superdövlətin yaşadığı, sovet təhlükəsizlik orqanlarının mövcud olduğu bir zamanda dövlət müstəqilliyi üçün ən zəruri faktorlardan biri olan dövlət bayrağının dəyişdirilməsi məsələsinin gündəliyə daxil edilməsi Heydər Əliyev şücaətinin və qətiyyətinin əməli ifadəsiydi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin binası üzərində dalğalanan sovet bayrağının endirilməsi ağlasığmaz tarixi hadisə idi. Naxçıvan Muxtar Respublikasında sovet bayrağının dövlət iqamətgahının üzərindən götürülməsi SSRİ-nin çökəcəyinin birinci anonsu olmuşdu. Bu, Heydər Əliyevin sovet dövlətinin dağılmasına vurduğu ölümcül zərbənin gerçək ifadəsi idi. O zamana qədər keçmiş SSRİ-nin heç bir müttəfiq respublikasında sovet dövlət bayrağının endirilməsi hadisəsi baş verməmişdi. Məhz Heydər Əliyevin cəsarəti və uzaqgörənliyi sayəsində SSRİ-nin dağıdılmasının əsasını qoyan sovet bayrağının ləğv edilməsi hadisəsi ilk dəfə Naxçıvan Muxtar Respublikasında baş verdi. Bununla nəinki Azərbaycanda, geniş mənada SSRİ-də sovet dövlətinin sarsılmaz bir ittifaqdan ibarət olması haqqındakı mif dağıdıldı.
Yeni dövlət bayrağı seçimi məsələsində mühüm cəhətlərdən biri sovet bayrağının hansı qaydada yeniləşdirilməsi ilə əlaqədardır. Çünki bu məqamda daha çox sovet dövlət bayrağının üzərindəki sosialist sistemini rəmzləşdirən oraq və çəkic atributlarından imtina etmək ön mövqedə dayanırdı. 17 noyabr 1990-cı il sessiyasında Naxçıvan MSSR anlayışında dəyişiklik edilərkən də “Sovet Sosialist” sözlərindən imtina olunmuşdu. Bayraq məsələsində sovet dövrünün simvolikası olan oraq və çəkici çox asanlıqla qılınc və qələmlə əvəz etməklə məsələni nisbətən yumşaq formada həll etmək mümkün idi. Bu, sovet hakimiyyətinin özünə düşmən elan etdiyi və 70 il ərzində əleyhinə mübarizə apardığı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını qəbul etməklə müqayisədə nisbətən daha ağrısız ötüşə bilərdi. Bundan başqa, SSRİ adlanan dövlət sovet hakimiyyəti illərində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan üçrəngli bayrağı nəinki çoxdan hər yerdən yığışdırmış, büsbütün unutdurmuş, yaddaşlardan silmişdi. Bütün bunlara baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyev sovet bayrağının atributlarının dəyişdirilməsinə yox, SSRİ bayrağından tam imtina edilməsinə qərar vermişdi: “Hələ sovet sosialist sisteminin yaşamaqda davam etdiyi çətin və mürəkkəb tarixi bir şəraitdə Heydər Əliyevin iradəsi ilə sovet bayrağının Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan üçrəngli Azərbaycan bayrağı ilə əvəz olunması bütövlükdə mövcud siyasi sistemdən imtina edilməsi demək idi. Hələ SSR-nin yaşadığı, Heydər Əliyevin Siyasi Bürodakı əleyhdarlarının ən yüksək dövlət vəzifələrində fəaliyyətlərini davam etdirdikləri bir şəraitdə uzaqgörən dövlət xadiminin böyük cəsarətlə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağının üzərində kosmetik dəyişikliklər etmək yolu ilə getməyərək, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağını qəbul etmək haqqında qərar qəbul etməsi müstəqil dövlətçilik tariximizin mühüm və nadir tarixi hadisəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarın Ali Məclisin sessiyasında görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən elan olunması sadə xalq deputatının Azərbaycan xalqının lideri qismində çıxış etməsinin real göstəricisi idi”.
Müstəqilliyə gedən yol üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul olunması ilə başlanıb
Hələ hakimiyyətdə olan Naxçıvan Vilayət Partiya Komitəsinin başı üzərindən sovet bayrağının yerə endirilməsi və ləğv olunması sovet sosialist sisteminin də, onun avanqard partiyasının da fəaliyyətinin artıq dayandırılması, ömrünü başa vurması demək idi: “Bu məqamda nəzərə almaq lazımdır ki, Heydər Əliyevin sədrliyi ilə “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” rəsmi qərar qəbul edilərkən və Ulu Öndərin təklifi əsasında Ali Məclisin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət rəmzi kimi Naxçıvan Vilayət Partiya Komitəsinin iqamətgahı üzərində ucaldılarkən Heydər Əliyev fərdi təqaüdçü və xalq deputatı idi. Ona görə də bu, ilk növbədə, müdrik siyasi xadim olan Heydər Əliyevin xalqa bağlılığı, qətiyyəti və böyük uzaqgörənliyi sayəsində meydana çıxmış tarixi hadisə idi. Üçrəngli Azərbaycan bayrağı muxtar bir qurumun dövlət rəmzi kimi qəbul edilərkən Sovet İttifaqının ozamankı rəhbərləri hələ Kommunist Partiyasını qoruyub saxlamaq və onun fəaliyyətinin davam etdirilməsinə təminat almaq üçün referendum keçirməyə hazırlaşırdılar. Fövqəladə Vəziyyət Dövlət Komitəsi (QKÇP) ilə Kommunist Partiyası arasında qalıb, günahlarını və çaşqınlıqlarını gizlətmək üçün vurnuxan Azərbaycan SSR-in rəhbərləri isə Kremlə sədaqət göstərdiklərini hər hansı bir yolla nümayiş etdirmək üçün əlavə yollar axtarırdılar. Hadisələrin sonrakı gedişatı göstərdi ki, görkəmli dövlət xadimi Heydər Əliyev SSRİ adlanan imperiyanın dağılmağa məhkum olduğunu və Kommunist Partiyasının iflasa uğradığını əvvəlcədən görməklə və bu zəmində öz xalqının müstəqilliyinə doğru qətiyyətli addımlar atmaqla həmin dövrdə SSRİ-yə, Kommunist Partiyasına və müttəfiq respublikalara başçılıq edən keçmiş sovet rəhbərlərinin hamısını birmənalı olaraq qabaqlamışdı”.
İ.Həbibbəyli nəzərə çatdırır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinə gedən yol Heydər Əliyevin 17 noyabr 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında üçrəngli Azərbaycan bayrağını dövlət rəmzi kimi qəbul etdirməsi ilə başlanır. Bu, Azərbaycanda dövlət müstəqilliyinin yenidən bərpa edilməsinə doğru atılmış birinci qətiyyətli və zəruri addım kimi mühüm tarixi əhəmiyyətə malik olan siyasi hadisədir.
Akademikin fikrincə, həmin sessiyada xalqımız və ölkəmiz üçün qəbul edilmiş taleyüklü tarixi qərarlar Heydər Əliyevin mənsub olduğu xalqın əsl lideri olduğunu isbat etdi. Az sonra SSRİ-nin dağılması və ölkəmizin də dövlət müstəqilliyi əldə etməsi görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının lideri kimi böyük gələcəyə doğru aparan yolları qabaqcadan aydın surətdə gördüyünü, apardığı mübarizənin doğruluğuna inandığını bir daha təsdiqlədi.
Dövlət təhlükəsizlik orqanları bayrağı oğurlamışdılar
AMEA Naxçıvan Bölməsinin sədri, tarix üzrə elmlər doktoru İsmayıl Hacıyev bildirir ki, Ulu Öndər Heydər Əliyev Moskvadan Naxçıvana qayıdan zaman burada ictimai-siyasi vəziyyət bir qədər mürəkkəb idi. Azərbaycan rəhbərliyi Naxçıvana o qədər ciddi münasibət göstərmirdi, Ermənistan isə Naxçıvan uğrunda mübarizə aparırdı: “Həmin zaman həm Naxçıvan parlamentinə, həm də Azərbaycan Ali Sovetinə seçkilər keçirildi. Ulu Öndər həm Naxçıvan, həm də Azərbaycan qanunverici orqanına deputat seçildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin ilk iclası mürəkkəb bir şəraitdə keçirildiyinə görə həmin sessiyanın aparılması təcrübəli dövlət xadimi, görkəmli siyasətçi Heydər Əliyevə həvalə olundu və burada çox vacib, respublika əhəmiyyətli mühüm məsələlər barədə qərarlar verildi. Naxçıvan Ali Məclisinin binası üzərində üçrəngli bayraq dalğalandıqdan sonra Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın Azərbaycan Respublikasının da dövlət bayrağı kimi qəbul edilməsi haqqında vəsatət qaldırıldı. SSRİ dövründə hər bir siyasi xadimin belə bir addım atmağa cəsarəti çatmazdı. Heydər Əliyev qüdrətli dövlət xadimi idi ki, SSRİ bayrağını götürüb Azərbaycan bayrağı ilə əvəz etdi. Hətta tarixi mənbələrdə belə məlumat var ki, dövlət təhlükəsizlik orqanları həmin bayrağın qaldırılmaması üçün bir gün əvvəl – hazırlıq işləri aparılan zaman onu oğurlamışdılar. Bayraq təcili olaraq yenidən hazırlanmış və Ali Sovetin keçirildiyi zala gətirilmişdi. Bütün bunlar Heydər Əliyevin nə qədər qətiyyətli bir dövlət xadimi olduğunu göstərirdi. Bir neçə gündən sonra – noyabrın 21-də 1990-cı il 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi və orada bu faciənin baş verməsində günahkar olanların adları bir-bir qeyd edildi. Buna qədər nə Naxçıvan, nə də Azərbaycan miqyasında 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməmişdi”.
Naxçıvanda dövlət bayrağının qaldırılması Azərbaycanın dövlətçilik ənənələrinə müsbət təsir göstərdi
İ.Hacıyev əlavə edir ki, Naxçıvanda dövlət bayrağının qaldırılması Azərbaycanın dövlətçilik ənənələrinə müsbət təsir göstərdi. Onun fikrincə, “Sovet Sosialist” sözləri Naxçıvanın adından götürülürdüsə, bu, artıq Azərbaycan miqyasında da həyata keçirilməli idi: “Hələ o zaman Azərbaycan rəhbərliyi SSRİ-nin saxlanılması üçün fəaliyyət göstərirdi. Ancaq 1991-ci ildə SSRİ-nin saxlanılması haqqında referendumda Naxçıvan Muxtar Respublikası iştirak etmədi. Təbii ki, bütün bunlar Azərbaycanda dövlətçilik ənənələrinin inkişafına çox müsbət təsir göstərdi. Naxçıvanda həyata keçirilən tədbirlər Azərbaycan miqyasında həyata keçirildi. Məsələn, artıq kolxoz və sovxozlar özünü doğrultmadığı üçün Naxçıvanda onların özəlləşdirilməsi, torpaqların insanların ixtiyarına verilməsi haqqında qərarlar qəbul edildi. Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyası hakimiyyətə qayıtdıqdan sonra bütün bunlar respublika miqyasında həyata keçirilməyə başlanıldı. Bu, artıq SSRİ-dən çıxmağın mühüm əlamətlərindən biri idi”.
1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılmış milli bayraq Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün atılan ilk addımlar idi. Ulu Öndər Heydər Əliyevin cəsarətli təşəbbüsü ilə yenidən göylərə qaldırılan üçrəngli bayrağımız bu gün Azərbaycan xalqının qürur mənbəyidir.
İlhamə İSABALAYEVA,
Bir yanıt yazın