Putinin bəhs etdiyi xəritələr üzə çıxdı

Putinin sərhədləri müəyyənləşdirmək üçün bəhs etdiyi xəritələr üzə çıxdı: yeni müsavat /turkishforum – Abdullah Türer Yener

Putinin sərhədləri müəyyənləşdirmək üçün bəhs etdiyi xəritələr üzə çıxdı: yeni müsavat /turkishforum - Abdullah Türer Yener - ermenistan azerbaycan harita

Ötən ay Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışında Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyasının Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr əsasında aparılmalı olduğunu bildirmişdi.

Kreml rəhbərinin bu çıxışından sonra Rusiya arxivlərindəki mövcud xəritələrlə bağlı müxtəlif fikirlər yayılmağa başladı. Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyasının 20-30-cu illərin, ya da 70-80-ci illərin xəritələri əsasında aparılmasının vacibliyi haqqında fikirlər gündəmi zəbt etdi.

Bəs söhbət hansı xəritələrdən gedir? Ümumiyyətlə, Rusiya arxivlərindəki xəritələr və Sovet sosialist respublikalarının sərhəd və inzibati ərazi bölgüsünə dair arxiv sənədləri nədən xəbər verir?

APA-nın Moskva müxbiri Rusiya arxivlərində araşdırma apararaq ötən əsrin 24-cü ilindən başlayaraq 1985-ci ilə qədər müxtəlif dövrlərə aid xəritələri, arxiv sənədlərini tapıb.

Rusiya arxivlərində Azərbaycanla bağlı xəritələr, eləcə də keçmiş Sovet respublikalarının inzibati ərazi bölgüsünə dair arxiv sənədləri əsasən Rusiya Dövlət Kitabxanasının Kartoqrafiya bölməsində, eləcə də Rusiya İctimai Tarix Kitabxanasının arxivində saxlanılır. Bu arxivlərdəki xəritələr Rusiya Silahlı Qüvvələrin Baş Qərargahında saxlanılan hərbi xəritələrin əsasında hazırlanıb. Ötən əsrin 20-ci illərindən 1985-ci ilə qədər müxtəlif dövrlərdə tərtib olunan bu xəritələrdə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri dəqiq göstərilib.

Rusiyalı tarixçi: “Hərbi xəritələrdə inzibati ərazi bölgüsünün, sərhədlərin haradan keçməsinin heç bir önəmi yoxdur”

Rusiyalı tarixçi, siyasi ekspert Oleq Kuznetsov APA-ya açıqlamasında bildirib ki, hərbi xəritələr inzibati-ərazi bölgüsü xəritələri üçün texniki əsasdır: “Hər şeydən əvvəl başa düşmək lazımdır ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr hərbi fəaliyyətinin teatrlaşdırılmış xəritəsidir. Bunlar qoşunların harada yerləşməsini göstərən xəritələrdir. Bu halda ordu üçün inzibati ərazi bölgüsünün, sərhədlərin haradan keçməsinin heç bir önəmi yoxdur. Hərbi xəritələrdə ərazinin relyefi, yaşayış məntəqələri, yollar və s. əks olunur. Lakin burada inzibati ərazi bölgüsü nəzərə alınmır. Hərbi xəritələrin əsasında inzibati ərazi bölgüsü xəritələri yaradılır. O ki qaldı Rusiyanın dövlət arxivlərindəki xəritələrə, yəni, Rusiya Dövlət İctimai Tarix və Rusiya Dövlət Kitabxanalarında olan xəritələrə, bunlar inzibati ərazi sərhədlərini göstərən xəritələrdir. Məsələ ondadır ki, Baş Qərargahdakı xəritələr inzibati ərazi bölgüsünün əks olunduğu və dövlət sərhəd xəttinin, yəni, beynəlxalq hüquqi praktikada delimitasiya adlandırılan prosesin aparıldığı xəritələrin yaradılması üçün topoqrafik əsasdır. Bu mənada baş qərargahdakı hərbi xəritələrdən ona görə istifadə olunur ki, onlar ən dəqiq xəritələr hesab olunur. Həmin xəritələr bir növ kartoqrafik və ya topoqrafik etalon sayılır. Məhz bu xəritələrin əsasında sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı siyasi məsləhətləşmələr aparılır. Daha sonra mütəxəssislər, topoqraflar, geodezistlər həmin xəritələr əsasında ərazilərə gedirlər, orada mühəndis texniki fəaliyyətlərə başlanılır,
sərhəd xətləri, nişanları, dirəkləri quraşdırılır”.

1925-ci ilin Zaqafqaziya siyasi xəritəsi: “Stenpakert” yox, Xankəndi

Azərbaycana aid xəritələrin yerləşdiyi əsas arxiv Lenin adına Rusiya Dövlət Kitabxanasının “Paşkov Evi”ndə yerləşən kartoqrafiya bölməsidir. Burada Azərbaycana aid 9 ədəd xəritə mövcuddur. Həmin xəritələrdən ən qədimi 1925-ci ildə çap olunan Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının siyasi xəritəsidir. Bu xəritədə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri, o cümlədən 15 mahalı, bir muxtar vilayəti və muxtar respublikası qeyd olunub. 1925-ci ildə çap olunmasına baxmayaraq həmin xəritədə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi ermənilərin sonradan adlandırdığı Stepanakert kimi deyil, qədim adı olan Xankəndi şəhəri kimi göstərilib. Bu arxivdə olan digər xəritələr isə Yermakovun 1928-ci və 1931-ci illərdə tərtib etdiyi “Qafqaz” adlı xəritələri, 1936-cı ildə çap olunan ağ kağız üzərində qara rəngli ştrixlərlə cızılan və sərhədlərin qeyd olunduğu “Z.S.F.S.R” xəritəsi, 1938-ci ildə Ümumrusiya Geoloji Fondu tərəfindən nəşr olunan xəritə, 1975, 80, 84 və 85-ci illərdə nəşr olunan SSRİ Nazirlər Sovetinin Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xəritələridir.

“1925-ci ilin xəritəsi və 1921-ci ildə imzalanan “Qars müqaviləsi” Azərbaycanla Ermənistan arasında hazırda dövlət sərhədinin delimitasiyası üçün başlanğıc nöqtəsi ola bilər”

Oleq Kuznetsov hesab edir ki, Rusiya arxivlərindəki xəritələr Azərbaycan və Ermənistan ərazilərinə münasibətdə dövlət siyasətinin necə inkişaf etdiyinin göstəricisidir: “SSRİ 1924-cü ildə yaranan zaman onun tərkibində hələ az dövlət vardı. Bunlar Rusiya, Belarus, Ukrayna və Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduqları Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası idi. Zaqafqaziya Federasiyası Sovetlər İttifaqını təsis edən tam hüquqlu subyektlərdən biri olub. Buna müvafiq olaraq öz ərazi bütövlüyünü göstərmək üçün Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası dövlətlərinin inzibati ərazi bölgüsünün əks olunduğu xəritənin tərtib olunmasına ehtiyac yaranıb. 1925-ci ilin Zaqafqaziya Siyasi Xəritəsi də bunun nəticəsində yaranıb. Məhz 1924-cü ildə müxtəlif yaşayış məntəqələrinin Zaqafqaziya Federasiyasının inzibati ərazi vahidlərinə aid edilməsi baş verdi. Daha sonra isə yaşayış məntəqələri mahallar arasında bölündü. İnzibati sərhədləri təyin edən topoqrafik komissiyalar yaradıldı. Arxivdə olan 1925-ci ilin xəritəsi və eyni zamanda həmin dövrə aid kartoqrafik arxiv sənədlər toplusu və onların yazılı izahları Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının dövlət suverenliyinin formalaşmasının həmin dövrdə təqlididir. Ona görə də, hesab edirəm ki, 1925-ci ilin xəritəsi və Cənubi Qafqazda sərhədləri müəyyən edən yeganə sənəd olan və beynəlxalq hüquq tərəfindən tanınan 1921-ci ildə imzalanmış Qars müqaviləsi Azərbaycanla Ermənistan arasında hazırda dövlət sərhədinin delimitasiyası üçün başlanğıc nöqtəsi ola bilər”.

Təkcə xəritələr deyil, Rusiya arxivlərindəki sənədlərdə Ermənistan ərazisində olan yer adlarının, toponimlərin sonradan necə erməniləşdirildiyinə, ermənilərin özününki hesab etdiyi dini abidələrin əslində alban dini abidələri olduğuna dair çoxsaylı faktlara rast gəlinir.

Azərbaycana aid xəritə, sərhəd və inzibati ərazi bölgüsünə dair sənədlər toplusunun olduğu ikinci məkan Rusiya İctimai Tarix Kitabxanasının arxividir. Burada Azərbaycanın Qədim və Orta əsrlər memarlıq abidələrinin xəritəsi, 1953-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Baş İdarəsinin nəşri olan Azərbaycan SSR-in xəritəsi, eyni zamanda Ermənistan SSR-in coğrafi adlarının rus dilinə köçürülməsi haqqında təlimat, 1924, 1949, 1980-ci illərə aid Sovet İttifaqının inzibati-ərazi bölgüsünə dair arxiv sənədləri toplusu qorunub saxlanılır. Azərbaycanın Qədim və Orta əsrlər memarlıq abidələrinin xəritəsində ölkəmizin ərazisində olan xristian məbədləri qədim Qafqaz Albaniyası abidələri kimi qeyd olunub.

Arxiv sənədləri toplusu: “Xankəndinin əsası 1752-ci ildə qoyulub, 1840-ci ildə isə rəsmən şəhər kimi təsdiqlənib. 1923-cü ildə isə şəhərin adı dəyişdirilərək “Stepanakert” adlandırılıb”

Rusiya İctimai Tarix Kitabxanasının arxivində aşkar etdiyimiz ən maraqlı sənədlərdən biri 1924-cü ildə nəşr olunan Sovetlər İttifaqının inzibati-ərazi bölgüsünə dair arxiv sənədləri toplusudur. Bu sənədlər toplusunda qədim Azərbaycan şəhəri olan Xankəndinin adının 1923-cü ildə dəyişdirilərək Stepanakert adlandırıldığı qeyd olunub. Həmin topluda Xankəndinin əsasının 1752-ci ildə qoyulduğu, 1840-ci ildə isə rəsmən şəhər kimi tanındığı göstərilib.

“1925-ci ilin Zaqafqaziya Siyasi xəritəsi əsasında hazırda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası aparılmalıdır. Bu, ən münasib xəritədir”

Rusiyalı tarixçi Oleq Kuznetsov Cənubi Qafqaz dövlətlərinin sərhəd məsələsinin beynəlxalq hüquq səviyyəsində yeganə həllinin Qars müqaviləsinin əlavələrinə müvafiq olaraq müəyyən edildiyini bildirib: “Məhz bu məlum hüquqi sənədə söykənərək sərhədlər haqqında danışmaq olar. İnzibati ərazi bölgüsünə dair sənədlərin isə beynəlxalq hüquqi əhəmiyyəti yoxdur. Çünki bu, o zaman Sovetlər İttifaqının istisnasız olaraq daxili məsələsi olub. Hətta dövlətlərarası deyil, bəzən rayonlararası qərarlara aid olub. Rayon İcraiyyə Komitəsinin qərarı ilə bir kənd sovetinə aid ərazi, qonşu respublikanın kənd sovetinin tərkibinə verilib. SSRİ tarixində belə məqamlar çox olub. Nəticədə Ermənistan Azərbaycanın torpaqları hesabına öz ərazilərini genişləndirib. Azərbaycanın ərazisi isə azalıb. Qars müqaviləsinə daha yaxın xəritə məhz 1925-ci ilin xəritəsidir. Məhz bu xəritənin əsasında Cənubi Qafqaz respublikalarının inzibati-ərazi bölgüsü aparılıb. Ona görə də hesab edirəm ki, Sovetlər İttifaqının ən gənc dövrünə aid 1925-ci ilin Zaqafqaziya Siyasi xəritəsi əsasında hazırda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası aparılmalıdır. Bu, ən münasib xəritədir”.

İndi aydın olur ki, Ermənistan niyə görə sərhədlərin delimitasiyasının Sovetlər dövründəki xəritələr, xüsusi ilə də 1920-ci ilin xəritələri əsasında aparılmasına qarşı çıxır.

“ZSFSR xəritəsinə qayıtsaq, Qars müqaviləsinə müvafiq olaraq Ermənistan həmin əraziləri Azərbaycana qaytarmağa məcburdur”

Oleq Kuznetsov Sovetlər İttifaqının müəyyən mərhələlərində Ermənistanın Azərbaycanın torpaqları hesabına öz ərazilərini genişləndirdiyini söyləyib: “Ona görə ki, 1936-cı ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası ləğv olunandan sonra Azərbaycanın ərazilərinin bir hissəsi Ermənistana verildi. Böyük Vətən müharibəsindən sonra, eləcə də ötən əsrin 70-80-ci illərində Ermənistan Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməyə nail olmuşdu. Ona görə də, indi Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası xəritəsinə qayıtsaq, Qars müqaviləsinə müvafiq olaraq Ermənistan həmin əraziləri Azərbaycana qaytarmağa məcburdur. Zaqafqaziya Respublikasının xəritələrinə əsasən, nə Azərbaycanın Ermənistanda eksklavı, nə də Ermənistanın Azərbaycanda eksklavı mövcud olub. Naxçıvanın Kərki kəndi, eləcə də Ermənistanla Azərbaycan sərhədindəki bir çox yaşayış məntəqələri Azərbaycana məxsus olub. Ona görə də, delimitasiya prosesində 1925-ci ilin Zaqafqaziya Respublikası xəritəsi əsas götürülsə, Ermənistan həmin əraziləri Azərbaycana qaytarmağa məcbur olacaq”.

Bu isə o deməkdir ki, o qədər böyük olmasa da, Azərbaycan ərazisi sərhədlərin delimitasiyasından sonra mütləq genişlənəcək. Çünki Azərbaycanın əlində həmin əraziləri qaytarmaq üçün bütün hüquqi əsaslar mövcuddur.

Putinin sərhədləri müəyyənləşdirmək üçün bəhs etdiyi xəritələr üzə çıxdı: yeni müsavat /turkishforum - Abdullah Türer Yener - ermenistan azerbaycan harita

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir