Zəfəri gətirən 17 il və onun dərsləri- Azerbayjan news.az /turkishforuorum – Abdullah Türer Yener
Müharibə siyasətin başqa vasitələrlə davamı olsa da, dünya hərb tarixində bəlli bir müharibə siyasəti də vardır. Hərbi əməliyyatlar Ermənistanın və Azərbaycanın müharibə siyasətinin bir-birindən köklü şəkildə fərqləndiyini göstərdi.
Döyüş meydanında məğlub olan işğalçı ölkənin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, Füzuli rayonunun Horadiz qəsəbəsini, Goranboy, Tərtər, Ağdam rayonlarını, Mingəçevir, Beyləqan, Bərdə, Tərtər, Ağcabədi, Füzuli, Horadiz və Gəncəni, Ermənistan ərazisindən isə Şəmkir rayonunun ərazisini raket atəşinə tutması nəticəsində mülki obyektlərə ziyan dəydi və dinc sakinlər həlak oldular. Bütün bunlar işğalçı ölkənin müharibənin aparılmasına dair beynəlxalq konvensiyaları kobud surətdə pozduğunu və müharibə cinayətləri törətdiyini göstərdi. Bir daha məlum oldu ki, Ermənistan terrorçu dövlətdir.
Ermənistanın törətdiyi ağır müharibə cinayətlərinə baxmayaraq, torpaqlarını işğaldan azad etmək uğrunda savaşan Azərbaycan Ordusu mülki obyektləri və dinc insanları hədəf almadı. Bu barədə dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan etdi.
Hərbi əməliyyatların gedişində Ermənistan ordusunda fərarilik artdı. Küçələrdən zorla yığılaraq özlərinə aid olmayan torpaqlara göndərilən ermənilər qorxularından döyüşə girmirdilər.
Azərbaycan Ordusundan isə bir nəfər də yayınan olmadı. Etnik köklərindən asılı olmayaraq, bütün vətəndaşlar yüksək vətənpərvərlik əzmi və sevinclə, sanki toy-bayrama gedirmiş kimi, çağırış məntəqələrinə axın-axın gələrək döyüşlərə atılmaq üçün müraciətlər edirdilər. Bu, dəmir yumruq kimi birləşən Azərbaycan millətinin şərəfli tarixinin qürurverici səhifələrindən biridir.
Müharibə günlərində hərbi əməliyyatların aparılmasında, amansız diplomatik-siyasi mübarizə və informasiya savaşında Prezident İlham Əliyevin şəxsiyyəti, qətiyyəti, yenilməz siyasi iradəsi, yüksək dövlət idarəçilik bacarığı, böyük sərkərdəlik məharəti, üstün diplomatiyası müstəsna rol oynadı. Həm müharibəyə qədər, həm də onun gedişində uğurla həyata keçirilən xarici siyasət, yaradılan və ya istifadə edilən əlverişli beynəlxalq şərait öz təsirini göstərdi. Hərbi əməliyyatların gedişində Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycan Respublikasının beynəlxalq hüquq normalarına uyğun olan haqq işini müdafiə etdi, torpaqlarının işğaldan azad edilməsinə və ərazi bütövlüyünün bərpasına tərəfdar çıxdılar. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti bir neçə dəfə Bakıya səfər edərək Azərbaycanın haqq işinin diplomatik-siyasi və mənəvi baxımdan müdafiə edildiyini birmənalı olaraq bəyan etdi. Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop başda olmaqla nümayəndə heyətinin Bakıya səfəri də bu baxımdan əhəmiyyətli oldu. Belə bir mövqe Türkiyə dövlətinin və türk millətinin təkcə qardaşlıq hisslərindən deyil, eyni zamanda beynəlxalq hüquq normalarına dərin hörmətindən irəli gəlirdi. Bununla Türkiyə işğalçı ölkəni müdafiə edən dövlətlərə də dərs verdi. Ermənistanın törətdiyi müharibə cinayətlərinin Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələrinə olduğu kimi çatdırılmasından ötrü Müdafiə Nazirliyində bir neçə dəfə brifinq təşkil edildi. Düşmən ölkənin beynəlxalq konvensiyaları pozaraq mülki əhalini və obyektləri vurması foto və video sənədlərlə diplomatik korpusun üzvlərinə təqdim olundu.
Döyüşlərdə məğlub olmasına baxmayaraq, təcavüzkar Ermənistan Azərbaycan haqqında yalan informasiyalar yaymaqda davam edirdi. İşğalçılıq siyasətini ört-basdır etmək üçün müharibənin, guya, xristian dininə qarşı aparılmasına və uydurma “erməni soyqırımı”nın həyata keçiriləcəyinə dair Ermənistanın yalanları müxtəlif dinlərin nümayəndələrinin, məscidlərin, kilsələrin və sinaqoqların yanaşı və bərabər şəkildə fəaliyyət göstərdiyi, Bakıda erməni kilsəsinin saxlanıldığı, ermənilərin yaşadığı Azərbaycan tərəfindən ustalıqla iflasa uğradıldı. 200 ildən bəri aparılan uydurma erməni təbliğatına, mifologiyasına öldürücü zərbə vuruldu.
İşğalçı ölkənin müxtəlif dövlətlərin vasitəsilə Azərbaycana təzyiq etmək cəhdləri də nəticə vermədi. Fransa Respublikasının Prezidenti Emmanuel Makronun yalan erməni təbliğatının uydurmalarına əsasən Azərbaycanın, guya, muzdlulardan istifadə etməsinə və başqa məsələlərə dair səsləndirdiyi əsassız iddialar Prezident İlham Əliyev tərəfindən qətiyyətlə rədd edildi. Sübutların verilməsi istənilsə də, Fransa konkret bir söz söyləyə bilmədi. Hərbi əməliyyatların dayandırılması barədə təzyiqlərə məhəl qoymayan Azərbaycan rəhbəri işğal altındakı torpaqların azad edilməsinə dair qəti iradəsini bir daha bəyan etdi.
Prezident İlham Əliyev Əl-Cəzirə, Türkiyənin TRT-Haber, CNN-Türk, A Haber, Haber Global, Rusiyanın “Pervıy Kanal” televiziya kanallarına, “İnterfaks” Agentliyinə, CNN İnternational, Rusiyanın RBK, ABŞ-ın “Fox News” televiziya kanalına, TASS Agentliyinə, Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibələrində Ermənistanın siyasətinə və törətdiyi müharibə cinayətlərinə, Azərbaycan dövlətinin məqsədlərinə, Türkiyə qırıcılarının Azərbaycanda olmasına, Minsk qrupu həmsədrlərinin fəaliyyətinə və digər məsələlərə aydınlıq gətirdi. Bu müsahibələr Azərbaycanın apardığı hərbi əməliyyatların məqsədinin və işğalçı Ermənistanın siyasətinin xarici ölkələrdə dərk edilməsində müstəsna rol oynadı, dünya ictimai rəyinə və bir sıra dövlətlərin mövqeyinə təsir göstərdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə döyüşlərin aparılması, yaranmış şərait və qarşıda duran vəzifələr geniş müzakirə edildi və bütün bunlar dövlət başçısının qüdrətli sərkərdəlik məharətini göstərdi. Müşavirədə Ali Baş Komandan cəbhədə qazanılan uğurlardan, düşmənin törətdiyi müharibə cinayətlərindən geniş danışaraq bildirdi ki, Azərbaycanın işi haqdır və ərazilər düşməndən azad ediləcəkdir.
Qəhrəman Azərbaycan hərbçilərinin sıldırım qayalıqlardan, dağlardan və meşələrdən keçərək əlbəyaxa döyüşlərdə noyabrın 8-də Şuşa şəhərini işğalçılardan azad etməsi təcavüzkar Ermənistanın diz çökməsi oldu. Hərbi əməliyyatların gedişində Azərbaycan Ordusu bir dəfə də olsun geri çəkilmədi.
Hərb meydanında məğlub olan işğalçı ölkə üçtərəfli Bəyanatı imzalamaqla danışıqsız təslim aktını qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın imzaladıqları sənəddə hərbi əməliyyatların dayandırılması, əsirlərin qaytarılması, kommunikasiyaların açılması, Rusiya sülhməramlı qüvvələrinin yeridilməsi, erməni qoşunlarının çıxarılması, Naxçıvana gedən yolların tikintisi və digər məsələlər əksini tapdı. Naxçıvana gedən dəhlizin yaradılması məsələsinin bəyanata daxil edilməsi Prezident İlham Əliyevin müstəsna tarixi xidmətlərindən biridir. Bəyanatın imzalanmasından sonra Azərbaycan xalqına müraciət edən dövlət başçısı sənədin mahiyyətini izah etdi. Ümumiyyətlə, hərbi əməliyyatların gedişində dövlət başçısının xalqa tez-tez müraciət etməsi dünya ölkələrinin dövlətçilik tarixində nadir rast gəlinən hadisədir. Üçtərəfli Bəyanata uyğun olaraq Ağdam şəhərindən işğalçı Ermənistanın silahlı qüvvələri çıxarıldı. Azərbaycan şəhid vermədən və bir güllə atmadan rayonu azad etdi. Bəyanatda noyabrın 15-də Kəlbəcər rayonundan işğalçı qüvvələrin çıxarılması nəzərdə tutulsa da, Ermənistan əlavə olaraq 10 gün vaxt istədi. Bu müddət ərzində işğalçı ölkə yaşayış evlərini, məktəbləri və tibb məntəqələrini yandırdı, meşələri vəhşicəsinə qıraraq taladı. Noyabrın 25-də düşmən qüvvələri Kəlbəcərdən, dekabrın 1-də isə Laçın rayonundan çıxarıldı.
Ağdamda Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin yaradılması iki ölkənin sülh və təhlükəsizlik sahəsində əməkdaşlığını, eyni zamanda Azərbaycanın birləşdirici güc dövləti olduğunu göstərdi. Bu, həm də Cənubi Qafqazın bütün dövlətləri ilə həmsərhəd olan Türkiyə Cümhuriyyətinin regionda hərbi varlığı deməkdir.
Qazanılan qələbə münasibətilə dekabrın 10-da Bakıda Azadlıq meydanında Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Zəfər paradı keçirildi. İki qardaş ölkənin lideri paradda çıxış edərək qazanılan qələbənin tarixi əhəmiyyət daşıdığını bildirdilər. Paraddan qəhrəman Azərbaycan Ordusunun qoşun hissələri, eyni zamanda Türkiyə əsgərləri keçdilər. Düşmən üzərində qələbə qazanılmasında istifadə edilmiş silah və texnikanın, eyni zamanda cəbbəxanada olan ən müasir silahların nümayiş etdirildiyi parad Azərbaycanın hərbi gücünü bütün dünyaya göstərdi. Paradda işğalçı Ermənistandan hərbi qənimət olaraq ələ keçirilmiş silah və texnika da nümayiş etdirildi.
Qələbənin səbəbləri və əhəmiyyəti
Müharibədə qələbənin qazanılmasının başlıca səbəbləri Prezident İlham Əliyevin nitq və müsahibələrində öz əksini tapıb. Azərbaycan Respublikası güclü dövlət, möhkəm iqtisadiyyat, qüdrətli ordu, xalq və iqtidar birliyi, yüksək milli-mənəvi ruh, səmərəli dövlət idarəçiliyi, yürüdülən uğurlu xarici siyasət, təsirli informasiya siyasəti və sairə uğurları ilə qalib gəldi. Bütün millət düşmənə qarşı tək ürək və dəmir yumruq kimi dövlət rəhbərinin ətrafında birləşdi. Arxa cəbhə və ön cəbhənin sıx birliyi təmin edildi. Şəhidlərin müqəddəs qanı yerdə qalmadı. Vətən torpaqları yadellilərdən qurturldu.
Qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mahir diplomatiyası və sərkərdəliyi sayəsində qazanıldı. Heç şübhəsiz, zəfərin memarı Prezident İlham Əliyevdir. Millət dövlət rəhbərinə inandı, dövlət rəhbəri də həmişəki kimi gücünü tükənməz enerjisi olan böyük Azərbaycan millətindən aldı. Millət öz rəhbəri ilə qürur duydu. Azərbaycan qalib dövlət və millət oldu, üstündəki ləkə silindi. Yeni, qalib Azərbaycan milləti və dövləti doğuldu.
Azərbaycan region və dünya üçün böyük tarixi əhəmiyyət daşıyan qələbənin qazanılması ilə hər şeydən əvvəl işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi, erməni faşizminin və neonasizminin belini qıraraq iç üzünü açdı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini təkbaşına yerinə yetirdi.
Ölkə dinc quruculuq dövrünə qədəm qoyur: yeni üfüqlər qarşısında
Qazanılan qələbə və torpaqların işğaldan azad edilməsi Azərbaycan qarşısında yeni üfüqlər açdı. Müharibə başa çatdıqdan sonra Azərbaycan dövləti dinc quruculuq, dirçəliş dövrünə qədəm qoydu. Hadisə və proseslər göstərdi ki, Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə dair konkret planları mövcuddur.
2021-ci il yanvarın 11-də Moskvada İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə 10 noyabr tarixli birgə Bəyanatın müddəalarının yerinə yetirilməsi məsələləri müzakirə edildi, bölgədə sülh və sabitliyin möhkəmləndirilməsinə, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına yönələn yeni sənəd imzalandı. Hərb meydanında məğlub olan Ermənistanın danışıqlar zamanı üstünlük qazanmaq cəhdləri iflasa uğradı.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yanvarın 14-də Şuşa şəhərinə səfər etdilər. Səfər zamanı böyük əhəmiyyət daşıyan Füzuli-Şuşa avtomobil yolunun və Füzulidə beynəlxalq hava limanının təməli qoyuldu. Dövlət başçısının Şuşaya səfərinin yanvarın 14-nə təsadüf etməsi səbəbsiz deyildi. Belə ki, hələ 1982-ci il yanvarın 14-də Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevlə birlikdə 21 yaşlı oğlu İlham Əliyev də böyük Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Şuşada dövlət bayrağını ucaldan Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Yuxarı Gövhər ağa məscidində oldu, dualar etdilər və Məkkədən gətirilmiş Qurani-Şərifi bağışladılar.
Şuşada hərbçilərlə görüşən dövlət başçısı Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs etdi və gələcək planlardan danışdı. Bildirdi ki, işğaldan azad edilmiş bütün ərazilər dirçəldiləcək, şəhid ailələri və qazilər daim dövlətin qayğısı altında olacaqlar. Səfər zamanı Xurşidbanu Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş büstləri Şuşaya qaytarılaraq əvvəlki yerinə qoyuldu. Büstlərin vəziyyəti erməni vandalizminin göstəricilərindən biri idi. Dövlət başçısının Qazançı kilsəsinə də baş çəkməsi Azərbaycanda xristian dininə böyük hörmət və ehtiramın, eyni zamanda multikulturalizmin göstəricilərindən biri olmaqla ermənilərin xristianların dini inanclarını istismar etməsini və yalanlarını alt-üst etdi. Şuşada gecələyən Prezident İlham Əliyev səhər böyük Azərbaycan şairi, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin ermənilər tərəfindən dağıdılmış mavzoleyinə gəldi və Çıdır düzündə ailəsi ilə birlikdə çay içdi.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı Horadiz-Ağbənd dəmir yolunun təməli qoyuldu, bölgədə infrastrukturun elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq Laçın rayonunun Güləbird kəndində su-elektrik stansiyasının açılışı oldu. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin qurulmasına dair konkret tapşırıqlarını verdi. Səfər zamanı işğalçı Ermənistan tərəfindən Zəngilan rayonunda dağıdılmış Bəsitçay Dövlət Qoruğunun bərpasından ötrü göstərişlər verildi, ağac əkildi və çaya balıqlar buraxıldı. Prezident İlham Əliyev eyni zamanda “ağıllı kənd” layihəsi və kənd təsərrüfatının inkişafı barədə göstərişlərini verdi. Səfər işğaldan azad edilən ərazilərə dair Azərbaycan dövlətinin aydın strategiyasının olduğunu göstərdi.
Hərb meydanında qazanılan qələbə ilə yanaşı, xarici siyasət və informasiya sahəsində də uğurlar davam etdirildi. Prezident İlham Əliyevin Xocalıda törədilən soyqırım qurbanlarının anım günündə dünyanın 35-dən çox kütləvi informasiya vasitəsinin nümayəndələri üçün keçirdiyi mətbuat konfransı həm seçildiyi gün, həm də suallara verilən cavablar baxımından əhəmiyyətli oldu. Dövlət başçısı suallara dörd dildə verdiyi cavablarında Xocalıda törədilən soyqırım, müharibədə Azərbaycanın məqsədləri, qazanılan qələbə, Ermənistanın törətdiyi müharibə cinayətləri, yalanları və başqa məsələlər barədə söylədiyi gerçəklər dünya informasiya məkanında geniş yer tutdu və ölkənin mövqelərinin möhkəmlənməsinə kömək etdi.
İslam Əməkdaşlıq Təşkilatının XIV Zirvə toplantısı zamanı dövlət və hökumət başçılarının Prezident İlham Əliyevi qələbə münasibəti ilə təbrik etmələri Azərbaycan Respublikasının xarici siyasətinin uğurlu olduğunu bir daha təsdiq etdi. Zirvə görüşündə nitq söyləyən dövlət başçısı əməkdaşlığın genişləndirilməsinə dair düşüncələrini bildirdi və bölgənin gələcəyinin müharibədə, qarşıdurmada deyil, qarşılıqlı faydalı əməkdaşlıqda olduğunu vurğuladı.
Ölkədə yaranmış reallıqlar hakim Yeni Azərbaycan Partiyasında da yenilənməni zəruri etdi. Partiyanın sədri, Prezident İlham Əliyev VII qurultaydakı açılış nitqində yaranmış şəraiti, müharibədə qələbəyə gətirən amilləri təhlil etdi və yenilənməyin vacibliyini vurğuladı. Partiyanın idarə orqanları yeniləndi. Qurultaydakı yekun nitqində Prezident İlham Əliyev partiyanın qarşısında dayanan konkret vəzifələri müəyyənləşdirdi.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilaxır çərşənbə günü martın 16-da Füzuli, Xocavənd və Şuşaya səfər etdilər. Dövlət başçısı Füzuli-Hadrut avtomobil yolunun təməlini qoydu, Hadrutda dövlət bayrağını ucaltdı. Həmçinin Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun əsası qoyuldu. Erməni işğalçıları tərəfindən dağıdılmış alban kilsələrinə baş çəkilməsi və bərpa ediləcəyinin bildirilməsi Azərbaycan dövlətinin bütün dinlərə və dini abidələrə bərabər münasibət bəsləməsinin göstəricilərindən biri oldu. Dövlət başçısı işğalçı ölkə tərəfindən Şuşada Molla Pənah Vaqifin dağıdılmış məqbərəsinə getdi, burada çıxış edərək bərpa ediləcəyini bildirdi. Viran edilmiş digər tarix və mədəniyyət abidələrinin də bərpa olunacağı bəyan edildi. Dövlət başçısının səfərinin ilaxır çərşənbə günündə edilməsi rəmzi məna daşıyırdı.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 20-də Şuşa şəhərinə təkrarən səfər etdilər. Səfər zamanı Cıdır düzündə Novruz tonqalı qalandı. Bu, zəfər tonqalı oldu. Bir daha əmin olundu ki, işğaldan azad olunmuş bütün ərazilərə yeni nəfəs, həyat, mədəniyyət, dinclik və əmin-amanlıq gələcəkdir.
Türk Şurasının zirvə görüşünün keçirilməsi bu ölkələr arasında əməkdaşlığın səviyyəsini və geniş perspektivlərinin olduğunu göstərdi. Zirvə görüşünün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü keçirilməsi böyük məna daşıyırdı. Dövlət başçılarının Azərbaycanı qazandığı qələbə münasibətilə təbrik etmələri və 1918-ci il 31 martda azərbaycanlılara qarşı törədilən soyqırımlarını xatırlamaları ümumi mövqeni göstərirdi.
Qələbənin miqyasını indiki və gələcək nəsillərə əyani şəkildə göstərməkdən ötrü məğlub edilmiş işğalçı ölkədən götürülmüş texnikalardan ibarət Hərbi Qənimətlər Parkı Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq yaradıldı. Dünyanın müxtəlif ölkələrinin muzeylərində Azərbaycandan aparılmış qənimətlər eksponat kimi saxlanılsa da, belə bir muzey və park ölkədə heç bir zaman olmamışdı. Hərbi Qənimətlər Parkı Azərbaycanın minilliklər tarixində qürurverici bir ilkdir. Parka gələn Azərbaycan vətəndaşları qazanılan qələbənin miqyasını görərək tarixləri ilə fəxr edəcək, onlarda vətənpərvərlik ruhu daha da artacaq, xaricilər isə Azərbaycan dövlətinin və millətinin qüdrətini görəcəklər. Hərbi Qənimətlər Parkının açılış mərasimində nitq söyləyən dövlət başçısı müharibədə qazanılan qələbənin səbəbləri, Azərbaycan xalqı və Silahlı qüvvələrinin qəhrəmanlığı, xarici dövlətlərdən edilən təzyiqlərin heç bir nəticə vermədiyi və qarşıda dayanan başlıca vəzifələr barədə danışdı. Bildirdi ki, əsas iş işğaldan azad olunmuş ərazilərin bərpa edilməsidir.
Dövlət başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarına səfər etdilər. Səfər zamanı Zəngilanda, İranla sərhəddə hərbi hissənin açılışı oldu. Dövlət başçısı Azərbaycan-İran sərhədini dostluq sərhədi, Xudafərin körpüsünü isə dostluq körpüsü adlandırdı. Ölkə rəhbəri Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin həyata keçirilməsinin təməlini qoydu və kənd sakinləri ilə görüşdü. Bu, böyük qayıdışın başlanğıcı oldu. İşğaldan azad edilmiş ərazilərdə ilk olaraq Türkiyə, İtaliya, İsrail və Çin şirkətləri işə başladılar. Səfər zamanı Zəngilan məscidinin, Zəngilan-Horadiz avtomobil yolunun və Mincivan dəmir yolunun tikintisinin təməli qoyuldu.
Dövlət başçısının sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşada “Xarıbülbül” Musiqi Festivalının keçirilməsi multikulturalizmin Azərbaycan modelinin nümayişi oldu. Dövlət başçısının nitqində dünya ölkələri və xalqlarına mühüm mesajlar verildi. Azərbaycanın multikulturalizm baxımından dünya dövlətlərinə örnək olduğu bir daha nümayiş etdirildi.
Ağdama səfər edən dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun əsasını qoydu, salınacaq Ağdam şəhər meşə parkında ağac əkdi, inşa olunacaq ilk yaşayış binasının və Ağdam Sənaye Parkının təməlini atdı. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksinə gedən ölkə rəhbəri ərazidə yerləşən abidələrin və obyektlərin bərpasına dair göstərişlərini verdi. Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılması planı təqdim edildi, şəhər 1 saylı məktəbin yeni binasının təməli qoyuldu. Qiyaslı məscidində və Şahbulaq qalasında olan dövlət rəhbəri onların bərpasına dair göstərişlərini verdi.
Prezidentin təklifi ilə Milli Məclis Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında 15 maddədən ibarət qanunu qəbul etdi. Azərbaycan tarixində ilk dəfə olaraq bütöv bir şəhər dövlət qoruğu elan edildi.
Azərbaycan rəhbəri Füzuli şəhərinə səfəri zamanı bir sıra infrastruktur obyektlərinin açılışını etdi. İyunun 15-i – Milli Qurtuluş Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla türk nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etdi. Prezident İlham Əliyev onu Füzulidə qarşıladı və birlikdə Şuşa şəhərinə getdilər. İlk dəfə olaraq Türkiyə dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə olurdu. Şuşada rəsmi qarşılanma mərasimi keçirildi və danışıqlar aparıldı. Səfər zamanı iki ölkə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi qarşılıqlı münasibətlərin yeni səviyyəsini göstərən tarixi əhəmiyyətli sənəddir.
Ərazilərin düşmən işğalından azad edilməsindən sonra ölkədə iqtisadi rayonlaşdırmanın tarixi ənənələrə uyğun formalaşdırılması zərurətə çevrildi. Dövlət başçısının Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında 2021-ci il iyulun 7-də imzaladığı Fərmana uyğun olaraq 14 iqtisadi rayon yaradıldı. Onların sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları diqqəti xüsusilə cəlb edirdi. Qarabağ iqtisadi rayonunun (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılması ilə tarixi ənənələr və ədalət bərpa edildi.
Fərmanın iyulun 7-də imzalanması təsadüfi olmayıb, dərin məna daşıyırdı. Məlum olduğu kimi, 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində hələ çarizm dövründə köçürülüb gətirilmiş, aborigen olmayan ermənilər üçün süni şəkildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. DQMV-nin qurulması sonralar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsinə, hərbi təcavüzünə və torpaqların işğalına gətirmişdi.
Azərbaycan dövlətinin 44 günlük müharibədə qazandığı zəfər və işğala son qoyulması tarixi ədalətin bərpasına imkan verdi. İmzalanan fərmanla tarixi ədalətsizlik aradan qaldırıldı, Azərbaycanın təbii iqtisadi rayonlaşdırılması tətbiq edildi. Bundan sonra ölkədə süni qurumların yaradılmasına yol verilməyəcəyinə dair iradə ortaya qoyuldu. Qarabağ iqtisadi rayonunun yaradılması sovet dövründə süni surətdə dövriyyəyə gətirilmiş “dağlıq”, “aran”, “yuxarı” və “aşağı” ifadələrini aradan qaldırdı, Qarabağ regionuna tarixi gerçəkliyə uyğun olaraq bütöv şəkildə baxmağı rəsmiləşdirdi.
Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ilə Zəngəzur ifadəsi siyasi leksikona daxil oldu. Bu, tarixi Azərbaycan torpağı olan və 1920-ci ildə təzyiqlər nəticəsində Ermənistana verilmiş Qərbi Zəngəzur torpaqları haqqında strateji düşünməyə vadar edir.
Kəlbəcər və Laçın rayonlarına səfər edən dövlət başçısı bir sıra infrastruktur obyektlərini açdı. Laçın beynəlxalq hava limanının təməli qoyuldu.
Dövlət başçısının Şuşa şəhərinə səfəri zamanı bir neçə mədəniyyət obyekti açıldı və “Vaqif Poeziya Günləri” keçirildi. Suqovuşan, Cəbrayıl, Hadrut, Zəngilan və Qubadlıya səfər zamanı bir sıra obyektlər istifadəyə verildi və yenilərinin təməli qoyuldu. Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Prezident bildirdi:
“Köçkünlərlə görüşlər zamanı, – mən onu artıq bir dəfə demişəm, bir daha demək istəyirəm, – görürdüm ki, ümidlər azalır, ümidlər tükənir. Bu da təbiidir. Çünki artıq 30 ilə yaxın vaxt keçir, məsələ də həll olunmur. Artıq hər kəs başa düşürdü ki, Ermənistan bu məsələni danışıqlar yolu ilə həll etmək istəmir. Bu, məni çox incidirdi, çox üzürdü. O görüşlər məndə bir daha o inamı gücləndirirdi ki, biz nəyin bahasına olursa-olsun torpağımıza qayıtmalıyıq. Artıq o baxışlar yoxdur, o kədərli anlar yoxdur, o xatirələr qalır arxada. Artıq keçmiş məcburi köçkünlər ümidlə yaşayırlar, qürurla yaşayırlar. Mənim üçün ən böyük mükafat budur və bundan sonra ən böyük vəzifə bu torpaqları yenidən qurmaqdır, yenidən bərpa etməkdir”.
Səkkiz ay ərzində nəhəng Füzuli Beynəlxalq Hava Limanının açılması regiona yeni nəfəs gətirəcək, dirçəliş prosesinin sürətləndirilməsinə, iqtisadiyyatın inkişafına və turizmin genişləndirilməsinə kömək edəcəkdir. Zəngəzur dəhlizinin işə düşməsi ilə Naxçıvanın blokadasına son qoyulacaq, Azərbaycan Türkiyəyə ikinci bir dəmir yolu xətti ilə çıxmaq imkanı qazanacaq. Digər region ölkələri də fayda götürəcəklər.
Alınacaq ibrət dərsləri
Azərbaycan millətini böyük Zəfərə gətirən son 17 ilin siyasi tarixinin başlıca yekunu qüdrətli və beynəlxalq aləmdə yüksək nüfuzu olan dövlətin yaradılması, işğal altındakı ərazilərin azad edilməsidir.
Keçilən yoldan alınan ibrət dərsi ondan ibarətdir ki, Azərbaycan millətinin tərəqqisinin və qarşıya qoyduğu məqsədlərə çatmasının təməlində təbii sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri dayanır. Elə buna görə də Prezident İlham Əliyevin aşağıdakı fikirləri Azərbaycan dövlətinin və millətinin gələcək inkişafının başlıca formuludur: “Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”.
Musa QASIMLI,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü, professor