Zəfər Gününə həsr olunan videoproyeksiya nümayiş etdirilib, Şuşa və Bakıda atəşfəşanlıq olub . AZERBAYJAN.NEWS.AZ / TURKISH FORUM – ABDULLAH TÜRER YENER
8 Noyabr – Zəfər Gününün ildönümü münasibətilə Bakıda Muzey Mərkəzinin binası üzərində videoproyeksiya nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin memarlıq rəmzlərindən biri olan Muzey Mərkəzinin fasadında ümummilli lider Heydər Əliyevin ərazi bütövlüyümüz haqqındakı kəlamları, işğal altındakı ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad olunması ilə nəticələnən Vətən müharibəsinin qəhrəmanlarını, müzəffər Ordumuzu, Azərbaycan xalqının birliyini və gücünü əks etdirən şüarları, “Dəmir yumruq”, “Xarıbülbül” kimi rəmzlərini özündə təcəssüm etdirən audiovizual görüntülər nümayiş olunub.
Videoproyeksiyanı Azərbaycan musiqisinin ölməz korifeylərinin əsərləri müşayiət edib.
Daha sonra Şuşada torpaqlarımızın işğaldan azad edilməsi və şanlı Zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olub. Atəşfəşanlığı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, “Cəngi”, “Qarabağ şikəstəsi”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və digər əsərlər müşayiət edib.
Zəfərin təntənəsi Bakıdakı möhtəşəm atəşfəşanlıqla başa çatıb.