Rumıniya KİV-ləri ölkəmizdə qeyd edilən Zəfər Günü ilə bağlı məqalələr yayıb . AZERBAYCAN NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Rumıniyanın nüfuzlu “News24hours” xəbər portalı və “Ultima Ora” qəzeti Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “8 noyabr – 44 günlük Vətən müharibəsində Qələbə Gününün ildönümüdür” və “Azərbaycan Respublikasının Zəfər Günü” sərlövhəli məqalələrini dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalələrdə ölkəmizin 30 illik erməni işğalına son qoyan 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında və Azərbaycan Ordusunun şücaəti nəticəsində qələbə qazanaraq, öz ərazi bütövlüyünü bərpa etdiyi və Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdığı geniş təsvir edilib.
Münaqişənin tarixi aspektlərinə nəzər salan səfir, bu eskalasiyanın Ermənistanın 1991-1994-cü illərdə Azərbaycana qarşı hərbi təcavüzü kontekstində nəzərdən keçirdiyini və bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, bir milyona yaxın azərbaycanlının etnik təmizləməyə məruz qaldığını, 30 il ərzində işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni irsinin dağıdılması, talan edilməsi və ələ keçirilməsi kimi faktları qeyd edib.
Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan bu qətnamələri yerinə yetirməkdən qəsdən imtina edib. Eyni zamanda, Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyində uzun illərdir münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun səyləri heç bir nəticə verməyib. Bununla da, Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təkbaşına təmin etmiş oldu.
Müəllif qeyd edib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın əl atdığı yeni təcavüz aktına cavab olaraq Azərbaycanın başladığı əks-hücum əməliyyatı beynəlxalq humanitar hüquqa əməl edilməklə həyata keçirilmiş, müharibə dövründə Azərbaycan tərəfi Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq humanitar hüququn normalarına tam şəkildə riayət etmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan çox az itki verərək böyük hərbi nailiyyətlər əldə edə bildi. İlk günlərdən Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratmış və onları təslim olmağa məcbur etmişdir. Azərbaycan silahlı qüvvələri əvvəllər işğal altında olan Azərbaycan və İran sərhədini tamamilə azad edərək “Laçın dəhlizi”nə doğru irəliləməyə başlayıb, öncə Cəbrayıl sonra Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərinə irəliləyib.
Həmçinin vurğulanıb ki, döyüş meydanında köməksiz vəziyyətdə qalan Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı dəhşətli cinayətlər törədib. Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Qəbələ şəhərləri, Siyəzən, Xızı rayonları və cəbhə xəttindən uzaqda yerləşən digər yaşayış məntəqələrinə kaset mərmiləri düşmüş, 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq həlak olmuş, 450-dən çox insan yaralanmışdır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qəsdən öldürülməsi ermənilərin Azərbaycan xalqına qarşı növbəti hərbi cinayətidir. Ermənistandan fərqli olaraq, Azərbaycan ordusu münaqişə boyu heç vaxt dinc əhalini atəşə tutmayıb.
Məqalələrdə deyilir ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoydu və Cənubi Qafqazın gələcək inkişafına yönəlmiş yeni fəaliyyət formatını təqdim etdi. Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermənistanı təslim olmağa məcbur etdi. Bəyannamədə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirəcək yeni nəqliyyat kommunikasiyalarının (Zəngəzur dəhlizi) yaradılması da nəzərdə tutulur. Azərbaycanın qədim və tarixi torpağı olan Qarabağın həyatında yeni bir dövrün – bərpa və quruculuq dövrünün başlanmasının şahidi olmaq təqdirəlayiqdir.
İşğalın 30 ili ərzində ciddi şəkildə dağıdılmış torpaqlarda yaşayış məntəqələrinin bərpası üçün layihələr həyata keçirilir, infrastruktur obyektləri salınır, hava limanları, yollar, körpülər, tunellər və digər obyektlər tikilir, elektrik və su xətləri çəkilir. Məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qayıtmaları üçün şərait yaradılır. Artıq Azərbaycanın Qarabağ bölgəsində “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrasına başlanılıb. Layihələr Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarında müasir standartlara uyğun kommunikasiyaların yaradılmasını nəzərdə tutur. Zəngilan rayonunda ilk “ağıllı kənd”lərdən birinin təməli qoyulub.
Səfir eyni zamanda bildirib ki, iki ölkə arasında müharibənin başa çatmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı çağırışlar və cinayətlər törətməkdə davam edir, bununla da regional sülh və təhlükəsizliyi təhdid edir. Ermənistanın işğaldan azad edilmiş ərazilərdə basdırılmış yüz minlərlə tank və piyada əleyhinə minaların dəqiq xəritələrini tam şəkildə təqdim etməkdən, sərhədlərin delimitasiyası və demarkasiyasına başlamaqdan imtina etməsi münaqişədən sonrakı normallaşma prosesinə ziyan vurur. Müharibə başa çatdıqdan sonra Azərbaycan hakimiyyət orqanları ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə böyük sülh sazişinin imzalanması üçün Ermənistan Respublikasına dəfələrlə müraciət edib. Lakin Ermənistan tərəfi indiyədək müxtəlif bəhanələrlə sülh təkliflərini qəbul etməkdən yayınır.
Üçtərəfli Bəyannamənin imzalanmasından sonra Azərbaycan Ermənistandan fərqli olaraq, münasibətlərin normallaşması üçün əsl niyyətini nümayiş etdirmək üçün bir sıra addımlar atıb. Bura humanitar məqsədlərlə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin “Laçın dəhlizi” ilə gediş-gəlişinin asanlaşdırılması da daxildir. Azərbaycan Rusiyadan Ermənistana təbii qazın nəqli üçün də infrastruktur təmin edib. Rabitələrin canlandırılması hər iki ölkənin və tərəfdaşlarımızın mənafeyi naminə Azərbaycan və Ermənistan vasitəsilə ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracaq. Bu, normallaşmada mühüm amil olacaq və regionda davamlı sülh və sabitlik üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq.
Səfir həmçinin bildirib ki, Azərbaycan Hökumətinin etnik və dini mənsubiyyətindən asılı olmayaraq, eyni hüquq və azadlıqları təmin edərək, erməni əsilli vətəndaşlarını Azərbaycanın siyasi, sosial, iqtisadi sferalarına inteqrasiya etməkdə qərarlıdır. Bunu Prezident İlham Əliyev öz çıxışlarında daim vurğulayır. Bu, regionda davamlı sülh və əməkdaşlıq üçün mühüm imkan yaradır, lakin bütün bunlar, o cümlədən Ermənistan tərəfdən birgə səylər, iradə və qətiyyət tələb edir.