Xalqının arzularını reallığa çevirən lider . – KÖNÜL NURULYEVA / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Düz bir il əvvəl 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa vuran dövlətimiz 30 ilə yaxın davam edən işğala son qoymaqla özünün pozulmuş hüquqlarını ədalətli güc yolu ilə təmin etməyin nümunəsini yaratdı. Qarabağ və Şərqi Zəngəzur, Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan indi azaddır. Bu baxımdan müstəqilliyinin bərpasının 30-cu ilini geridə qoyan Azərbaycan indi müasir tarixinin şərəfli dövrünü yaşayır.
Hər bir dövlətin və xalqın tarixində dönüş nöqtəsi sayılan, taleyində həlledici rol oynayan hadisələr baş verir. Azərbaycan da bu baxımdan istisna deyil. 1991-ci ildə müstəqilliyimizin bərpası, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizi və müstəqilliyimizi xilas etməsi, Azərbaycanın yeni neft strategiyasının öz bəhrəsini verməsi müasir tariximizin ən böyük hadisələridir. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi isə tariximizin və taleyimizin növbəti və həm də ən möhtəşəm hadisəsi oldu.
Bir il əvvəl nail olduğumuz bu qələbə ilk növbədə onu göstərdi ki, Azərbaycan xalqı öz taleyini Prezident İlham Əliyevə etibar etməklə böyük müdriklik və uzaqgörənlilik nümayiş etdirib. Bu tarixi Zəfər onu təsdiqləyir ki, cənab İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsinə, dövlətçiliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasına xidmət edib. Nəticə etibarilə bu amillər torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanın uğurla yerinə yetirilməsinə yol açıb.
Vətən müharibəsində tarixi qələbədən sonra Azərbaycan cəmiyyəti, ümumilikdə, bütün region yeni reallıqlar dövrünə qədəm qoyub. Bu reallığın müəllifi olan Prezident İlham Əliyevin postkonflikt dövründə əsas məqsədi işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun bərpa etməklə yanaşı, yaranmış geniş imkanları həm də Azərbaycanın regionda yeni strateji maraqlarının gerçəkləşdirilməsi üçün səfərbər etməkdir.
Müharibədən sonrakı qısa zaman ərzində ölkəmizin imkanları hesabına, dost ölkələrin nüfuzlu şirkətlərini cəlb etməklə bir beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, daha iki hava limanının tikintisi, işğaldan azad olunmuş əraziləri bir-birinə bağlayan müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, Azərbaycanın əsas hissəsini Naxçıvan MR-lə və daha sonra qardaş Türkiyə ilə bağlayacaq Zəngəzur dəhlizinin əsasının qoyulması və son nəticədə bölgənin beynəlxalq logistika mərkəzinə çevrilməsi potensialının yaradılması, habelə enerji təminatı məsələlərinin həll edilməsi, ən qabaqcıl texnologiyalar əsasında yaşayış məskənlərinin və istehsal obyektlərinin yaradılması istiqamətində görülən işlər cənab İlham Əliyevin formalaşdırdığı yeni reallığın əsas konturlarıdır.
Prezident İlham Əliyevin fasiləsiz iş cədvəli və yorulmaz fəaliyyəti, qarşıya qoyduğu hədəflərə çatmaq üçün yürütdüyü məqsədyönlü siyasət nəticəsində xarabalığa çevrilmiş ərazilər tanınmaz dərəcədə dəyişir və artıq Qarabağ və Şərqi Zəngəzurun yeni və müasir portreti yaranmağa başlayır. Azad edilmiş ərazilərin hər birində yerli ictimaiyyət nümayəndələri ilə silsilə görüşlər isə dövlət başçısının orada yaşamış yerli sakinlərin fikirlərinə nə qədər həssas yanaşmasının, mütərəqqi ideyaları yerindəcə uğurla işə çevirməsinin örnəklərini yaradıb. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsi döyüşçülərinə xüsusi həssas yanaşmaları ilə hamıya şəxsi nümunə göstərirlər.
Tarixi qələbəmizlə başa çatan Vətən müharibəsi və son bir il ərzində işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində görülən işlər bir daha təsdiq edir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirən, onu inamla gələcəyə doğru aparan Liderdir. İlham Əliyev dövlətimizin tarixinə möhtəşəm Zəfər salnaməsini həkk edən görkəmli dövlət xadimi, müdrik siyasətçidir. Bu Zəfər salnaməsi isə əbədiyyətə qədər tariximizi şərəfləndirəcək.