Dövlətimizi və xalqımızı qürurlandıran qələbə – Cavid OSMANOV,
Milli Məclisin deputatı, – YAP İdarə Heyətinin üzvü/ TURKISH FORUM – ABDULLAH TÜRER YENER
Azərbaycanın möhtəşəm zəfəri, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başa çatmasının biri ili tamam olur. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün sürən bu savaş xalqımızın öz milli haqqı uğrunda mübarizəsinin, cənab Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olamasının, milli həmrəyliyimizin təntənəsinə çevrildi.
Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş hüquqları, tanınmış ərazi bütövlüyü Ermənistan tərəfindən kobud şəkildə tapdalansa da, problemin həllində birbaşa iştirak edən təşkilatların və bəzi siyasi dairələrin ikili standartlardan çıxış etmələri torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasına səbəb oldu. Ermənilərin iddia etdikləri ərazilərin Azərbaycan torpaqları olduğunu, onların Qarabağa köçürüldüklərini, 1923-cü ildə həmin coğrafiyada məhz sovet hökuməti tərəfindən süni şəkildə muxtar vilayətin yaradıldığını tarixdən yaxşı bilsələr də, ATƏT-in Minsk qrupunun həmsədrləri və ayrı-ayrı təşkilatlar işğalçını heç vaxt öz adı ilə çağırmadılar. Bununla da dolayısı ilə işğala və işğalçıya dəstək verdilər.
Lakin biz torpaqlarımızın işğaldan azad olunması ilə bağlı inamımızı heç vaxt itirmədik. Xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyevlə başlanan, möhtərəm Prezident İlham Əliyevlə davam edən inkişaf siyasəti nəticəsində dövlətimiz qarşıya qoyulmuş bütün hədəflərə inamla çatdığı kimi, yeganə ağrılı problemimiz olan işğal altındakı topaqlarımızı da azad edəcək. Bu inamı və əminliyi artıran ən böyük faktor, əlbəttə ki, cənab Prezident İlham Əliyevin qətiyyətli və milli maraqlara söykənən siyasəti, tarixi torpaqlarımızda ikinci erməni dövlətinin qurulmasına heç vaxt imkan verilməyəcəyini daim bəyan etməsi idi.
Bu gün dönüb geriyə baxanda görürük ki, cənab Prezident İlham Əliyev 2003-cü ildən sonra nail olduğu kompleks inkişaf və yüksəliş siyasəti ilə həm də sülh danışıqlarının baş tutmayacağı təqdirdə, torpaqlarımızın müharibə yolu ilə azad edilməsinin əsaslarının formalaşdırılmasına uğurla nail olub. 44 günlük Vətən müharibəsi bütün məziyyətləri ilə bunu təsdiq etdi. Təsadüfi deyil ki, Azərbaycanın yüksəlişi, Prezident İlham Əliyevin həm siyasi lider, həm də Ali Baş Komandan kimi qətiyyəti, respublikamızda reallaşan inkişaf siyasətinə dəstək verən xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsi Ermənistanın döyüş meydanında sürətlə darmadağın edilməsinin əsas səbəbləri oldu. Cənab İlham Əliyevin inkişaf siyasətinin məntiqi nəticəsi kimi ordumuzun ən müasir döyüş imkanlarına yiyələnməsi 44 günlük Vətən müharibəsində xalqımızın yeni qəhrəmanlıq salnaməsi yazmasını, torpaqlarımızın işğaldan azad olunmasını, nəinki Ermənistanın, bütün dünya erməniliyinin və erməni faşizminin məğlubiyyətə uğradılmasını təmin etdi.
Bu zəfər günlərində canını torpaqlarımız üçün fəda edən şəhidlərimizi ehtiramla anır, əziz xatirələri önündə baş əyirik. Onların döyüş meydanlarında göstərdikləri qəhrəmanlıqları sayəsində biz bu gün qalib xalqın nümayəndələri kimi qürur hissi yaşayırıq.
Vətən müharibəsi başa çatsa da, Azərbaycanın zəfərləri davam edir. Ötən bir il ərzində Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən sürətli bərpa işləri hərbi qələbəmizin quruculuq meydanında davamıdır. Cəmi 8 aya tikilərək istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanının timsalında göründü ki, torpaqlarımızı sürətlə azad edən cənab İlham Əliyev Ermənistanın vandallığına məruz qalmış bütün şəhər və rayonlarımızı əzmlə yenidən qurur.
Vətən müharibəsindəki möhtəşəm qələbə Azərbaycan tarixinin ən parlaq uğurudur. Eyni zamanda bu, bütün türk dünyasının zəfəridir. Bu Zəfərlə tarixi Azərbaycan torpaqları üzərində salınacaq Zəngəzur dəhlizi türk dünyasını birləşdirən körpüyə çevriləcək.
Cavid OSMANOV,