Şəhidliyi ilə elin oğluna çevrildi. AZERBAYCAN NEWS.AZ /TURKISHFORUM. ABDULLAH TÜRER YENER
Arzuları böyük idi. İstəyirdi ki, bir övlad kimi onu böyüdüb boya-başa çatdıran ata-anasının borcundan çıxsın, elinə, Vətəninə xeyri dəysin. Amma şəhidlik onu istədiyindən, arzularından da uca məqama çatdırdı. İkinci Qarabağ müharibəsində torpaqlarımızı yağı düşmən tapdağından xilas edərkən qəhrəmancasına həlak olması onu bir atanın, ananın deyil, bütün Azərbaycanın oğlu etdi.
Bir ata övladından el oğluna döndünüz,
Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?!
Gələcək nəsillərə yetəcəkdir ününüz.
Siz dünən də, bu gün də – əsrlərlə sağsınız,
Azərbaycan köksündə əbədi yaşarsınız.
Şəhid İnqilab Tofiq oğlu Qədirbəyli 1995-ci ildə Salyan şəhərində dünyaya göz açmışdır. Salyan şəhər Aşıq Pənah adına 1 saylı tam orta məktəbi bitirəndən sonra Bakı Dənizçilik Akademiyasına daxil olmuşdur. Ali təhsilini başa çatdırıb əsgərliyə getmiş, 2016-2017-ci illərdə Füzulidə hərbi xidmət keçmişdir. Ordudan qayıdandan sonra ixtisasına uyğun iş tapa bilməsə də, işsiz qalmağı özünə sığışdırmamışdır. Gah kombi ustası olan atasına kömək etmiş, gah da digər sahələrdə çalışmışdır. Qismən səfərbərlik zamanı Vətən müharibəsinə gedən igidlərdən biri olmuşdur.
Atası Tofiqin, müəllimlərinin, dostlarının dediyinə görə, İnqilab zehinli, fərasətli gənc idi. Möhkəm hafizəsi, maqnit kimi yaddaşı vardı. Nəyisə bir dəfə oxuyanda və ya görəndə zehninə həkk edirdi. Ona görə də hərbi xidmətdə olduğu zaman öyrəndikləri müharibə vaxtı köməyinə çatmışdır. Sərrast atəş açaraq düşmənin neçə-neçə canlı qüvvəsini məhv etmişdir. İşğal altındakı kənd və qəsəbələrimiz, rayon mərkəzlərimiz bir-bir azad olunduqca ürəyi Şuşaya çatmaq arzusu ilə döyünmüşdür. Atası deyir ki, telefonla danışan zaman harada döyüşdüyünü deməzdi, “narahat olmayın, hər şey yaxşı olacaq” deyirdi. Amma Vətən savaşı qələbəmizlə bitdiyi bir vaxtda – 2020-ci il noyabrın 9-da Şuşada başından qəlpə yarası alaraq şəhid olmuşdur.
Ölümündən sonra İnqilab Qədirbəyli “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Salyan şəhərindəki Şəhidlər xiyabanında böyük izdihamla torpağa tapşırılan İ.Qədirbəylinin həlak olmasından bir il ötür. Bütün şəhidlərimiz kimi, rayonda onun da xatirəsi əziz tutulur.
Bir yanıt yazın