Rəsmi İrəvan Zəngəzur dəhlizini özünə xilas yolu görür – Azerbayjan news.az / Turkish forum / Abdullah Türer Yener
Ermənistanda parlament debatları sərhədlə bağlı maraqlı məqamları üzə çıxarır
Ermənistanda ictimai-siyasi müstəvidə baş verən son proseslər getdikcə daha çox diqqət cəlb etməkdədir. Xüsusən də bu ölkənin parlamentində keçirilən “hökumət saatı”nda baş nazir Nikol Paşinyanın dedikləri ətrafında maraqlı diskussiyalar gedir.
Zəngəzur dəhlizinin açılması istiqamətində davam edən müzakirələr zamanı Paşinyan qeyd edib ki, 2020-ci ilin dekabrından Ermənistanın sərhəd xidməti əvvəlki mövqelərdə keşik çəkir. Halbuki Ermənistan parlamentinin oktyabrın 26-da keçirilmiş qapalı iclasında 10 noyabr bəyanatından sonra Ermənistan qoşunlarının geri çəkilməsi barədə əmrin kim tərəfindən verildiyi məsələsi qaldırılmışdı.
Müdafiə naziri Arşak Karapetyan parlamentdə çıxışı zamanı qoşunların geri çəkilməsinə şifahi və ya yazılı əmrin olub-olmamasından danışmayıb. Nazir deputatlara müraciət edib: “Sizin çoxsaylı komissiyalar təşkil etmək imkanınız var və bunu edirsiniz də. Xahiş edirəm bu sualı özünüzə verin. Müdafiə Nazirliyi elə bir qurum deyil ki, ağlınıza gələn sualı verəsiniz, biz də istədiyimiz cavabları verək”.
Bundan sonra müxalifətçi deputat Anna Qriqoryan 18 dekabr 2020-ci ildə verilən geriçəkilmə əmrindən sonra Azərbaycan Ordusunun əraziyə girdiyini bildirib. O, geriçəkilmə əmrinin şifahi, yoxsa yazılı olduğunu da soruşub. Paşinyan cavabında qeyd edib: “Bu qərar ona görə qəbul olunub ki, müharibə olmasın. Çünki mən əminəm ki, belə bir qərar qəbul olunmasaydı, orada hərbi əməliyyatlar başlanardı və bizim Zəngəzurda doğrudan da problemlərimiz olardı. Zəngəzurdan hərbi birliklərin geri çəkilməsi əmrini şəxsən mən vermişəm”.
Paşinyanın sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenilənməsinə imkan verməmək üçün atılıb: “Biz istəyirdik ki, heç olmasa, müvəqqəti də olsa, strateji mahiyyət daşıyan yolu itirməyək. Zəngəzurla bağlı məsələdə mən haçansa öz məsuliyyətimdən imtina etmişəm? Yazılı və şifahiyə qalanda, əmr mövcud prosedurla verilir. Müzakirə etmişik və qərar verilib. Təhlükəsizlik Şurasının toplantısı olmayıb, ancaq onun bütün üzvləri, Zəngəzurun qubernatoru, “heç nədən xəbərim yoxdur” deyən xarici işlər naziri, o cümlədən nazir müavini o müzakirədə iştirak edirdilər. Və qərar qəbul edildi. Biz yeni müharibədən qaçmaq istəyirdik. Əgər bu qərar verilməsəydi, hərbi əməliyyatlar yeni güclə başlayacaqdı”.
Göründüyü kimi, Nikol Paşinyan Ermənistanın 44 günlük müharibədə aldığı məğlubiyyətdən sonra ölkəsinin daha böyük böhrana düçar olmaması üçün bu qərarı alıb. Zəngəzur dəhlizinin açılmasının sülh prosesində mühüm və mümkün irəliləyiş olduğunu anlamağa başlayıb. Kommunikasiyaların bərpası Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını əhəmiyyətli dərəcədə artıracaq. Proseslərin bu səpkidə inkişafı Azərbaycan və Ermənistana mühüm dividendlər qazandıracaq, eyni zamanda tərəfdaş dövlətlərə böyük fayda verəcək.
Bütün bunlar nəticə etibarı ilə regionda davamlı sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayacaq. Sülh müqaviləsinin imzalanması ilə əməkdaşlıq üçün yaranacaq yeni zəmin fonunda Ermənistan çoxdan arzusunda olduğu bir sıra vacib layihələri reallaşdıra bilər. Nikol Paşinyan da bildirib ki, Ermənistan 7 rayonun qaytarılması barədə saziş imzalamışdı, yəni Şərqi Zəngəzurdan geri çəkilməli idi və bu, artıq yeni xəbər deyil: “Mən şəxsən bu qərardan və Zəngəzurdakı situasiyadan məsuliyyət daşıyıram”.
Ermənistan rəsmiləri kommunikasiyanın açılmasına razı olduqlarını bildirdikləri vaxtda ölkədəki revanşist qüvvələr prosesin baş tutmaması üçün məkrli niyyətlərini gizlətmədən aşkarda nümayiş etdirirlər. Buna əngəl olmaq üçün nə daxili, nə də xarici dəstəyə malik olduqlarını da çox yaxşı başa düşürlər. Parlament brifinqi zamanı müxalif “Hayastan” fraksiyası bəyan edib ki, Ermənistan baş prokurorluğu ötən ilin dekabrında qoşunların Zəngəzur sahəsində geri çəkilməsinə şifahi əmr vermiş baş nazir Nikol Paşinyan barəsində sənədlərin hazırlanmasına başlamalıdır.
Bu arada “Azatutyun” radiosu bildirir ki, son vaxtlar 44 günlük müharibədən sonra Ermənistan qoşunlarına Sünik sahəsində geri çəkilmək əmrinin kimin verməsi barədə mübahisələr kəsilmək bilmir. Bu məsələ artıq bir neçə həftədir ki, müxalifətin gündəliyində qalır. Sözü gedən suala nə müdafiə nazirliyi, nə də milli təhlükəsizlik Xidməti cavab verir.
Belə mübahisələrin erməni parlamentində hələ müəyyən müddət davam etməsi gözlənilir. Lakin reallıq birdir. Ermənistanın xarici asılılıqdan qurtulmasının və beynəlxalq münasibətlərin müstəqil iştirakçısına çevrilməsinin yeganə yolu rəsmi Bakının sülh müqaviləsi təklifini qəbul etməsindən, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasından keçir.