Zəngəzur dəhlizi Ermənistanın xilası olacaq

“Zəngəzur dəhlizi Ermənistanın xilası olacaq” – azerbaijan-news.az / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

“Zəngəzur dəhlizi Ermənistanın xilası olacaq” - azerbaijan-news.az / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - zengezur

Keçmiş hərbi xunta təmsilçilərinə qarşı erməni cəmiyyətində etirazlar yüksəlir
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması bu gün regionda sabitlik baxımından ümdə şərtlərdən biridir. Lakin Ermənistandakı revanşist qüvvələr prosesin baş tutmaması üçün məkrli niyyətlərini gizlətmədən aşkarda nümayiş etdirirlər.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan iddia edir ki, bu məsələlər reallaşarsa, Türkiyə-Azərbaycan kapitalı Ermənistan iqtisadi sistemini tez bir zamanda mənimsəyə bilər. Bununla yanaşı, guya, Ermənistanın iqtisadi sistemi bölgədəki müqayisəli üstünlüklərini və marağını, şimal-cənub kommunikasiyasının təmin edilməsi baxımından əlverişli coğrafi mövqeyini itirəcək: “Ermənistan ərazisindən keçəcək yeni kommunikasiyalar Türkiyə-Azərbaycan qarşılıqlı iqtisadi asılılığının yeni səviyyəsini formalaşdıracaq, Ermənistanın iqtisadi təhlükəsizliyi baxımından yeni uzunmüddətli problemlər gətirəcək”.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra regionda kommunikasiya xətlərinin bərpası və yenilərinin yaradılması Azərbaycan xarici siyasətində ən prioritet məsələlərdən biri kimi gündəmdədir. Bu kontekstdə rəsmi Bakı ötən ilin noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən, nəqliyyat marşrutlarının bərpasına, o cümlədən də Zəngəzur dəhlizinin istifadəyə verilməsinə xüsusi diqqət yetirir.

Regionda sovetlər dönəmində mövcud olmuş kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin işə düşməsində Azərbaycanla yanaşı, Rusiya da maraqlı tərəflərdən biri kimi çıxış edir. Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Klubunun iclasındakı çıxışında bir daha təsdiq edib: “İndi Azərbaycan Naxçıvanla normal əlaqə qurmaqda, eləcə də kommunikasiyaların açılmasında maraqlıdır, bu, Ermənistanın qarşısında duran ən vacib vəzifələrdən biridir. Ermənistan regionda effektiv iqtisadi həyat qurmaq, qarşılıqlı əlaqə yaratmaq, o cümlədən gələcəkdə Azərbaycanla münasibətlərin qurulması, Türkiyə ilə dondurulmuş münasibətlərin açılmasında prinsipcə maraqlıdır”.

Erməni ekspert Ruben Safrasyan bildirir ki, kommunikasiyaların açılması, sərhədlərin müəyyən edilməsi ölkəsinin düşdüyü blokada vəziyyətindən xilası olacaq: “Zəngəzur dəhlizi bütün tərəflərin milli maraqlarına tam cavab verir. Zəngəzur dəhlizi Ermənistanın xilası olacaq. Üçtərəfli Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində hüquqi zəmin yaradır. Yəni Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əgər bu, baş verməsə, Azərbaycan yenə güc tətbiq etmək məcburiyyətində qalacaq. Bu da bizim üçün məqbul deyil və xalq buna qarşıdır”.

Beləliklə, xalq və hakimiyyətin mövqeyi Zəngəzur dəhlizində üst-üstə düşür. Ancaq sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” bloku buna qarşı çıxaraq ara qarışdırmaqla məşğuldur. Onun qarşıdakı günlərdə təşkil etmək istədiyi mitinq də buna hesablanıb. Bir sıra siyasi analitiklərin fikrincə, buna səbəb Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasına mane olmaq, həmçinin regionda kommunikasiya xətlərinin açılmasının qarşısını almaqdır. Lakin bu mitinq Ermənistanda hansısa dəyişikliyə səbəb olmayacaq.

Elə rusiyalı politoloq Oleq Kuznetsov da məsələyə bu prizmadan yanaşır. O, qeyd edir ki, dəhlizlərin açılması, sülh müqaviləsinin imzalanması Azərbaycandan başqa Ermənistana, o cümlədən Rusiyaya da çox lazımdır: “Dəfələrlə demişəm ki, Cənubi Qafqazda nəqliyyat, iqtisadi əlaqələrin bərpası Azərbaycandan, Ermənistandan, xarici tərəfdaşlar simasında Türkiyə və İrandan daha çox Rusiyaya lazımdır. Son 30 ildə Naxçıvan Muxtar Respublikası daimi iqtisadi blokadada olub. Həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən Rusiya bu layihənin reallaşmasına ehtiyac duyur”.

Bildirilir ki, ən əsas da geosiyasi cəhətdən buna lüzum var, çünki üçtərəfli Bəyanatın icrasının yubadılması Cənubi Qafqazda hərbi-siyasi və iqtisadi nəzarətə iddialı olan Moskvanın xarici siyasət imicinə neqativ təsir göstərir. Hazırda regiondakı danışıqlar prosesi və potensial iqtisadi əlaqələrdə Kreml özünü kifayət qədər nüfuzu olmayan iştirakçı kimi göstərir. Bölgə üçün Rusiyanın əhəmiyyəti iqtisadi əlaqələrin bərpasının və nəqliyyat koridorlarlarının açılmasının nə qədər tez baş verəcəyinin proporsional asılılığındadır. Bu nə qədər gec baş verərsə, bölgədəki sahibkarlıq və siyasət subyektləri üçün Moskvanın əhəmiyyəti, çəkisi də bir o qədər az olacaq. O səbəbdən şəxsən Putin də daxil, bütün Rusiya hökuməti çox böyük səy göstərir ki, rəsmi Bakı və İrəvan arasında sıx siyasi əlaqələr qurulsun.

Oleq Kuznetsovun sözlərinə görə, Vladimir Putinin son çıxışlarında toxunduğu məqamlar da məhz bununla bağlıdır. Ermənistan rəsmiləri bu fonda kommunikasiyanın açılmasına razı olduqlarını bildirirlər. Bu ölkədəki revanşist qüvvələr isə buna əngəl olmaq üçün nə daxili, nə də xarici dəstəyə malikdirlər.



Elçin CƏFƏROV,

“Zəngəzur dəhlizi Ermənistanın xilası olacaq” - azerbaijan-news.az / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - zengezur

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir