Səfər Qaraqoyunlu: Türkiyə-Azərbaycan birliyi təkcə bölgədə deyil, dünyada da sülhün, həmrəyliyin rəmzinə çevrilib /Turkishforum – Abdullah Türer Yener
Türkiyə-Azərbaycan qardaşlığı və birliyi hər sahə üzrə ən yüksək səviyyədə inkişaf edir. Bu gün Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı iki ölkə arasındakı qardaşlıq tarixinin daha bir şanlı səhifəsidir. Türkiyə-Azərbaycan birliyi təkcə bölgədə deyil, dünyada da sülhün, həmrəyliyin rəmzinə çevrilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu deyib.
Hər iki ölkə liderinin göstərdiyi səmimi qardaşlıq və birliyin dövlətlərimizin hər gün daha da güclənməsi və dünya ölkələri arasında liderə çevrilməsinə xidmət etdiyini vurğulayan S.Qaraqoyunlu deyib: “İki qardaş ölkə liderlərinin hər qarşılıqlı səfəri bu birlik və bərabərliyin tarixi əhəmiyyətini bir daha göstərir. Bu gün Türkiyə Prezidentinin istər Azərbaycan, istərsə də bölgə üçün mühüm əhəmiyyət kəsb edən Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi mərasimində də Prezident İlham Əliyevlə yan-yana olması yalnız ölkələrimiz üçün deyil, beynəlxalq əməkdaşlıq baxımından da olduqca vacib hadisədir. Otuz ilə yaxın dövrdə haqsız işğala məruz qalaraq dağıdılan Azərbaycan torpaqlarında aparılan bərpa işləri, həyata keçirilən böyük layihələr bütün dünyanın bu bölgəyə marağını artırıb. Hər zaman olduğu kimi, Azərbaycanın Vətən müharibəsi dövründə və bu gün ermənilər tərəfindən darmadağın edilən Qarabağ torpaqlarında aparılan yenidənqurma işlərində də Türkiyənin yaxından iştirakı bu qardaşlığın ən bariz nümunələrindəndir. Bölgədə sülhün davam etdirilməsi üçün strateji baxımdan vacib olan Füzulidə yeni hava limanının açılması isə bölgənin gələcəyi üçün çox vacib tarixi hadisədir”.